İyunun 10-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri cənab İrakli Çikovani ilə görüşüb.
Qonaqlar əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Müdafiə Nazirliyində keçirilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra Azərbaycan və Gürcüstan respublikalarının Dövlət himnləri səsləndirilib, protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Nümayəndə heyətini salamlayaraq onları ölkəmizdə görməkdən məmnunluğunu bildirən general-polkovnik Z.Həsənov xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu qeyd edib. Müdafiə naziri hər iki ölkə başçısının səmimi münasibətlərinin birgə əməkdaşlığa müsbət təsirini xüsusi vurğulayıb.
Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə görülən işlərdən danışan nazir ölkəmizin 12 faizindən artıq ərazisinin minalarla əhatə olunduğunu bildirib. Qeyd edilib ki, minaların partlaması nəticəsində 361 nəfər mülki şəxs və hərbi qulluqçumuz xəsarət alıb, onlardan 68 nəfəri isə həlak olub.
General-polkovnik Z.Həsənov Gürcüstanla strateji tərəfdaşlıq zəminində qurulan əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. Ölkələrimiz arasında 2024-cü il ərzində hərbi sahədə ümumilikdə 21 birgə tədbirin keçirilməsinin planlaşdırıldığını qeyd edib.
Müdafiə naziri gürcüstanlı həmkarını cari ilin sentyabr ayında Bakıda keçiriləcək "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.
Azərbaycana müdafiə naziri və baş nazirin müavini kimi ilk səfərindən məmnunluğunu bildirən cənab İ.Çikovani öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycan-Gürcüstan arasında mövcud münasibətlərin inkişafı və əlaqələrin genişləndirilməsində bu cür görüşlərin keçirilməsinin vacibliyini qeyd edib.
Görüşdə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb. Qeyd edilib ki, üçtərəfli formatda keçirilən Eternity kompüter dəstəkli komanda-qərargah və Qafqaz Qartalı təlimləri hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin artırılması ilə yanaşı, onlar arasında dostluq münasibətlərinin inkişafına töhfə verir, eyni zamanda qarşılıqlı təcrübə mübadiləsinə imkan yaradır.
Azərbaycan və Gürcüstanın bir-birinin ərazi bütövlüyü və suverenliyini daim dəstəklədiyi vurğulanıb, ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlığın regionda sülhün və sabitliyin təmin edilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Müdafiə nazirlərinin görüşündə, həmçinin hərbi və hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətraflı müzakirə edilib.