Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 May 2015 09:00

Azərbaycan Hərb Tarixi Muzeyində Ümummilli Liderin anadan olmasının 92-ci ildönümü qeyd olunub

Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib və Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanın ən yeni tarixinin 30 ildən artıq bir dövrü dövlət idarəçiliyində zəngin təcrübəsi olan əvəzsiz şəxsiyyət, görkəmli siyasi xadim, ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu fenomen şəxsiyyətin sovet siyasi sistemində hakimiyyətə gəlişi milli ideologiyanın, milli şüurun oyanmasına əvəzsiz töhfə verib. Məhz ümummilli lider Heydər Əliyevin sovet dövründə ölkəmizə müdrik rəhbərliyi nəticəsində Azərbaycan qısa müddətdə geridə qalmış aqrar ölkədən mühüm sənaye respublikasına çevrilib.
Muzeyin elmi işlər üzrə rəis müavini, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov "Heydər Əliyevin sovet dövründə hakimiyyətə gəlişinin birinci mərhələsi", AHTM-in elmi işçiləri Sevər Həsənova və Zəfər Kərimov "Heydər Əliyev və ordu quruculuğu", "Azərbaycan dövlətçiliyi və Heydər Əliyev" mövzularında məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, eləcə də beynəlxalq təşkilatlarda təmsil olunması və xarici ölkələrlə əlaqələrin qurulmasında əsaslı dönüş yaradılıb. Uzaqgörən, dahi şəxsiyyət Heydər Əliyev parlaq zəkası, zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb, dövlət müstəqilliyimizi əbədi və dönməz edib.
Ümummilli Liderin əziz xatirəsinə həsr olunan sərgi də tədbir iştirakçılarında böyük maraq doğurub.
Sonda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.