Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Fevral 2016 09:00

Azərbaycan Hərb Tarixi Muzeyində "Qan yaddaşımız Xocalı" adlı anma tədbiri keçirilib

Fevralın 24-də Azərbaycan Hərb Tarixi Muzeyində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan "Qan yaddaşımız Xocalı" adlı tədbir keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin müxtəlif idarələrinin, xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçuları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Xocalı faciəsi erməni millətçiləri tərəfindən iki yüz ildən çox müddətdə xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Məhz 24 il əvvəl 1992-ci il fevralın 26-na keçən gecə erməni hərbi birləşmələri, eləcə də Dağlıq Qarabağdakı terrorçu qruplaşmalar keçmiş imperiya ordusunun 366-cı motoatıcı alayı ilə birləşərək Xocalıda kütləvi və amansız soyqırım aktı həyata keçiriblər. Bu misli görünməmiş faciə yalnız Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayətdir.
Soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideyinini, 130 uşaq isə valideyinlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaqdı. 1275 Xocalı sakini əsir götürülüb, 150-si isə itkin düşüb.
Anma tədbirində Müdafiə Nazirliyi Sənədli və Tədris Filmləri Kinostudiyası tərəfindən hazırlanan "Xocalı - əsrin faciəsi" adlı sənədli filmin təqdimatı olub.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadənin, muzeyin ekspozisiya hissəsinin rəisi Şəlalə Hüseynovanın və digərlərin çıxışları dinlənilib.