Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Noyabr 2017 19:09

Azərbaycan Hərb Tarixi Muzeyində bayram tədbiri keçirilib

9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Hərb Tarixi Muzeyində “Bayrağımız-qürur mənbəyimizdir” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan bayrağımız” mövzusunda məruzə ilə çıxış edərək dövlət bayrağının tarixindən danışıb.
Qeyd edilib ki, ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunan üçrəngli bayrağımız 1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra dəyişdirilib. Lakin XX əsrin sonunda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız yenidən dövlət rəmzi kimi bərpa olunub.
Sonra muzeyin əməkdaşları Vahid İsmayılovun “Milli Dirçəliş Günü - azadlığa aparan yol!”, Zəfər Kərimovun “Müstəqil Azərbaycanın ilk Konstitusiyası” mövzularında məruzələri dinlənilib.
Tədbirdə “İnnovativ Təşəbbüslər” İctimai Birliyi tərəfindən Səbail rayonundakı 132-134 nömrəli təhsil kompleksinin aşağı sinif şagirdlərinə Azərbaycan Respublikasının dövlət bayrağı təqdim edilib.
Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Elmar Zeynalabdinov, “İnnovativ Təşəbbüslər” İctimai Birliyinin sədri Əşrəf Əhməd və digərləri vurğulayıblar ki, bu gün Azərbaycanın bütün bölgələrində üçrəngli bayrağımız qürurla dalğalanır.
Çıxış edənlər işğal altındakı torpaqlarımızın Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət nəticəsində düşməndən azad olunacağı, Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyi, dövlət bayrağımızın Xankəndidə, Şuşada və digər şəhərlərimizdə dalğalanacağı günün uzaqda olmadığına əminliklərini bildiriblər.