Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Noyabr 2021 16:29

“Azərbaycan dövlətçiliyi: İslahatlar və Zəfər mərhələsi” mövzusunda tədbir keçirilib

Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə noyabrın 26-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasında, qorunub saxlanılmasında şücaət göstərmiş, eləcə də Vətən müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək Azərbaycan Ordusuna maddi və mənəvi dəstək vermiş Birinci Qarabağ müharibəsi veteranlarına həsr olunmuş “Dinamik güc mənbəyimiz – müharibə veteranlarımız!” adlı tədbir keçirilib.
Tədbirdə Birinci Qarabağ müharibəsi qaziləri, Müdafiə Nazirliyinin, hərbi hissələrin, veteran təşkilatlarının, digər idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “Müharibə Veteranları Təşkilatlarının Koordinasiya Mərkəzinin yaradılması və müharibə dövründə fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, ümummilli lider Heydər Əliyev Vətənin müdafiəsini peşə və ömür yolu seçib, daim ordunun yanında olan müharibə veteranlarını xalqımızın qızıl fondu adlandırıb. Bu yüksək adı onlar 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı mütəşəkkil fəaliyyət göstərərək təsdiqlədilər. Vətən müharibəsində fərqlənmiş Koordinasiya Mərkəzinin üzvlərinin fədakarlığı dövlət rəhbərliyi tərəfindən layiqli qiymətini alıblar. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2021-ci il 24 iyun tarixli sərəncamına əsasən, Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirmiş 20 veteranımız “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib. Hazırda bu salona toplaşmış veteranlar müharibə zamanı göstərdikləri vətəndaş mövqeyinə və fədakarlığa görə Müdafiə Nazirliyinin fəxri fərmanına layiq görülüblər.
Çıxışlardan sonra Zəfər Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Daha sonra Birinci Qarabağ müharibəsi veteranlarının bir qrupu (186 nəfər) 44 günlük müharibə zamanı arxa cəbhədə göstərdiyi xidmətlərə görə fəxri fərmanlarla təltif olunub.
Sonda Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi orkestri, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndiriblər.