Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyun 2017 13:55

Azərbaycan Ali Hərbi Məktəbində növbəti buraxılış mərasimi keçirilib

İyunun 14-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 2017-ci il buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Nümunəvi hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin ifasında Azərbaycanın dövlət himni səsləndirilib.
Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov çıxış edərək əlamətdar gün münasibətilə kursantları və onların valideynlərini Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, məzunlara cansağlığı, ailə səadəti və xidmətdə uğurlar arzulayıb.
Sonra məktəbin məzunlarına diplomlar və fərqlənənlərə qiymətli hədiyyələr təqdim olunub. Məktəbi yüksək nailiyyətlərlə bitirən məzunlar emblemləri rəmzi yaş kötüklərinə vurublar.
Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib. Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Tədbirə toplaşanlar diplom və ilk hərbi “leytenant” rütbəsi almaları münasibətilə məzunları təbrik edib, onlara Azərbaycanın gələcəyi, ordumuzun, dövlətçiliyimizin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminə xidmətlərində uğurlar arzulayıblar.
Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edildikdən sonra şəxsi heyət təntənəli hərbi marşın sədaları altında tribunanın önündən keçiblər.