Əlahiddə Ümumqoşun Ordunun Mənəvi-Psixoloji Təminat Şöbəsi tərəfindən Sədərəkdə yerləşən bölmələrimizin birində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti Mirqiyas Rüstəmov çıxış edərək bildirdi ki, 25 il əvvəl baş vermiş Qanlı Yanvar hadisələrini bu gün biz Milli Qürur günü kimi qeyd edirik. Çünki azadlığa gedən yolda şəhidlərimiz şanlı tarix yazdılar. Bu gün Azərbaycan müstəqildir. Onun Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçular əcdadlarının şanlı hərb ənənələrini şərəflə davam etdirərək vəzifələrinin öhdəsindən layiqincə gəlməyi bacarırlar.
Qeyd edildi ki, 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbirin Sədərəkdə yerləşən bölmələrimizdən birində keçirilməsinin rəmzi mənası vardır. 1990-cı ilin Qanlı Yanvar hadisələrindən iki gün əvvəl-yanvarın 18-də ermənilər qəflətən Naxçıvan Muxtar Respublikasının Sədərək kəndinə hücum etdilər və məhz onda ilk şəhidlərimizi verdik.
Digər çıxış edənlər də 20 Yanvar hadisələrinin ağrılı həqiqətləri barədə danışıb, ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Qanlı Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verildiyini vurğulayıblar.
Sonda 20 Yanvar hadisələri ilə bağlı ədəbi-bədii kompozisiya təqdim olundu.