Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 May 2016 09:00

Avropa Parlamentinin Polşadan olan üzvü general-leytenant Məmməd bəy Sulkeviçin xatirəsini ehtiramla yad edib

Ölkəmizdə səfərdə olan Avropa Parlamentinin müdafiə və təhlükəsizlik alt komitəsinin sədri xanım Anna Fotıqa polşalı həmyerlisi, Azərbaycan Demokratik Respublikası dövründə milli ordu sıralarında xidmət edən, general-leytenant Məmməd bəy (Matsey) Sulkeviçin xatirəsini ehtiramla yad edib.
A.Fotıqa Azərbaycan Hərbi Dəniz Qüvvələrinin katerində Böyük Zirə adası yaxınlığında hərbi xadimin xatirəsinə ehtiram əlaməti olaraq Xəzər dənizinin suları üzərinə gül dəstəsi səpələyib.
Polşa tatarlarından olan Məmməd bəy Sulkeviç 1919-cu ilin mart ayında milli ordunun baş qərargah rəisi təyin edilib. 1920-ci ilin aprel işğalından sonra bolşeviklər tərəfindən həbs olunan və ölüm cəzasına məhkum edilən general həmin ilin iyul ayında güllələnib.
Mərasimdən sonra təəssüratlarını bölüşən Avropa Parlamentinin üzvü bildirib:
- Biz ölkələrimizin tarixinə hörmətlə, ənənələrinə, mədəniyyətinə ehtiramla yanaşaraq onları təbliğ etməklə qarşılıqlı surətdə gələcəyimiz üçün zəmin yaradır, gənclərimizin tərbiyəsinə, dövlətlərimizin inkişafına, xalqlarımızın tərəqqisinə şərait yaradırıq.
Mənim ulu babam ilə bir yerdə Rus-Yapon müharibəsində vuruşan general Sulkeviçin Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli orduda xidmət edərkən qoşun hissələrinin formalaşdırılmasında, ordunun döyüş hazırlığının təkmilləşdirilməsində, uğurlu hərbi əməliyyatların keçirilməsində böyük xidmətləri olub. Məmməd bəy Sulkeviçin xatirəsi Polşada da əziz tutulur. Mənim seçicilərim arasında da çoxlu Polşa tatarları vardır.
Səfər çərçivəsində bir sıra rəsmi şəxslərlə görüşlərim olub.
Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normalarına və prinsiplərinə uyğun həlli üçün Avropa qurumlarının səylərinin birləşdirilməsinin və gücləndirilməsinin vacibliyi vurğulanıb.
Mənə qoşunların təmas xəttində baş verən son hadisələr, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatlar, Azərbaycanın mülki əhalisinə və obyektlərinə qarşı ağır silahlar vasitəsilə edilmiş hücumlar barədə də ətraflı məlumat verilib. Bu, yolverilməzdir.
Polşa hər zaman dost və etibarlı müttəfiq olan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Mən öz tərəfimdən azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsini hər zaman parlament və digər səviyyələrdə qaldırıram və bundan sonra da qaldıracağam.
Azərbaycan Avropanın enerji təminatı baxımından vacib olan Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Biz buna böyük önəm veririk. Azərbaycanın hərbi və müdafiə qabiliyyəti çox güclüdür. Biz Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə səylərini də çox yüksək qiymətləndiririk.
Sizin ölkənizdən mən həmişə olduğu kimi bu dəfə də çox xoş təəssüratlarla ayrılıram.
Çox sağ olun".