Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Aprel 2018 18:55

“Aprel zəfərindən ötən hər günə bir ağac əkək!” devizi altında aksiya keçirilib

Müdafiə və Təhsil Nazirliklərinin birgə layihəsi çərçivəsində “ Aprel zəfərindən ötən hər günə bir ağac əkək!” devizi altında aksiya keçirilib.
Əvvəlcə hərbi hissə qərərgahının qarşısında xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Əsgər klubunda keçirilən açılış mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda, eləcə də aprel döyüşlərində şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev aksiya iştirakçılarını salamlayaraq bu layihənin həm də ordumuzun və xalqımızın möhtəşəm qələbəsinin ikinci ildönümü münasibəti ilə keçirilən tədbirlərdən biri olduğunu qeyd edib. İdarə rəisi bildirib ki, Azərbaycan Ordusu regionun ən güclü ordularındandır və istənilən döyüş əmrini yerinə yetirməyə hazırdır, qadirdir.
Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani Azərbaycanın hərb tarixinin şanlı səhifələrindən olan 2016-cı ilin aprel zəfərindən söhbət açıb, döyüşlərdə şahidi olduğu qəhrəmanlıq nümunələrindən danışıb. Qeyd edib ki, aprel döyüşləri bir daha dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini göstərməklə yanaşı, Ermənistanın öz ordusu haqqında yaratdığı mifi də darmadağın edib. Düşmən yalnız məğlub olmadı, o, həm də Azərbaycan əsgərinin güc və qüdrəti ilə sındırıldı.
Təhsil nazirinin müavini Firudin Qurbanov bütün xalqımız kimi təhsil işçilərinin, ali və ümumtəhsil məktəblərinin kollektivlərinin də ordumuzla fəxr etdiyini və aprel zəfərinin tezliklə təkrarlanacağına əminliyini bildirib.
Azərbaycanın Milli Qəhrəmanları Murad Mirzəyev, Samid İmanov, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş Urfan Vəlizadənin həyat yoldaşları, döyüşlərdə sağlamlığını itirmiş, “Şücaət” medalı ilə təltif olunan zabit Azər Məmmədov və başqaları çıxışları zamanı şəhid ailələrinə, müharibə əlillərinə göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ediblər.
Sonra Bakı və Sumqayıtda fəaliyyət göstərən universitetlərin, orta məktəblərin tələbə və şagirdləri, müəllimləri hərbi hissədə yaradılan yüksək səviyyəli şəraitlə tanış olub, əsgərlərlə bir yerdə nahar ediblər.
Yeni yaşıllıq zolağı üçün ayrılmış ərazidə aprel zəfərindən ötən hər günün, eləcə də şəhidlərimizin xatirələrinə müxtəlif növ ağaclar əkilib, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
Aksiya digər birlik, birləşmə və hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində də davam etdiriləcəkdir.