Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Aprel 2019 14:37

“Aprel döyüşlərinin Zəfər bayraqlarına düzlən!” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib - VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə Aprel Zəfərinin üçüncü ildönümünə həsr olunmuş “Aprel döyüşlərinin Zəfər bayraqlarına düzlən!” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib.
Müdafiə və Təhsil nazirliklərinin rəsmiləri, millət vəkilləri, UNEC-in rəhbərliyi, şəhid ailələri və müharibə veteranları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevə ehtiramlarını bildirərək büstünün qarşısına qızılgüllər düzüb, Şəhidlər xatirə kompleksini ziyarət edib və abidə önünə əklil qoyublar.
UNEC-in əsas tədris binasının bayramsayağı bəzədilmiş həyətində, qala divarının qarşısına toplaşan millət vəkilləri, generallar, zabitlər, əsgərlər, Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları, eləcə də universitetin müəllim və tələbələri ötən il Azadlıq meydanında keçirilən möhtəşəm hərbi paradda nümayiş olunan, Aprel Zəfərinin qazanılmasında, həmçinin ötən ilin may ayında Naxçıvan Muxtar Respublikasında Günnüt kəndinin azad edilməsində, mühüm strateji yüksəkliklərin ələ keçirilməsində, bununla da on bir min hektar ərazinin nəzarətə götürülməsində müstəsna xidmətləri olmuş hərbi hissələrin döyüş bayraqlarını alqışlarla qarşılayıblar.
Tədbir iştirakçıları hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himnini birlikdə ifa edərək, Vətənimizə, dövlətimizə, bayrağımıza, Ali Baş Komandanımıza sadiqliklərini bir daha bildiriblər.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin aprel ayının 2-də Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin hərbi hissələrindən birini ziyarət edərkən hərbi qulluqçularla görüşü zamanı Aprel döyüşləri barədə dediyi fikirlər səsucaldıcılar vasitəsilə səsləndirilib: “Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Aprel döyüşləri bizim tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Bu döyüşlər göstərdi ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır”.
Tədbir iştirakçıları Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını, dövlət başçısının daxili və xarici siyasətini ürəkdən dəstəklədiklərini və Aprel Zəfərini təzələmək üçün əmr gözlədiklərini alqış və səsləndirdikləri şüarlarla bəyan ediblər.
“Aprel döyüşlərinin Zəfər bayraqlarına düzlən!” adlı ədəbi-musiqili-xoreoqrafik kompozisiya tədbir iştirakçılarını bir bayraq altında, bir amal uğrunda Azərbaycan naminə mübarizəyə çağırıb. Respublikanın Xalq artisti Samir Cəfərovun, Əməkdar artistlər Cahangir Qurbanov və Ehtiram Hüseynovun, eləcə də digər sənət ustalarının, əsgər xorunun, Azərbaycan Ordusunun İdeoloji və  Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin ifa etdikləri hərbi marşlar, vətənpərvərlik mahnıları və döyüş rəqsləri tədbir iştirakçılarında işğal altında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə inamını artırıb. “Hər şey Ordu üçün, hər şey Qələbə üçün!” nidaları ətrafa yayılıb.
Aparıcılar: Xalq artisti Pərvanə Qurbanova və Əməkdar incəsənət xadimi Abdulla Qurbani Aprel Zəfərinin Azərbaycan Ordusunun böyük qələbəsi, xalqımızın birliyinin, həmrəyliyinin, vətənpərvərliyinin qələbəsi, o cümlədən Ulu Öndərimizin Ali Baş Komandanlığı ilə 1993-cü ilin sonu, 1994-cü ilin əvvəlində Füzuli və Cəbrayıl rayonlarının 22 yaşayış məntəqəsinin azad edilməsi ilə nəticələnən qələbədən uzun illər sonra məhz müdrik Prezidentimiz, qətiyyətli sərkərdəmiz İlham Əliyevin xalqımıza bəxş etdiyi, müasir hərb tariximizin ən böyük qələbəsi olduğunu vurğulayıblar.
Qeyd edilib ki, gündən-günə möhkəmlənən, qüdrətlənən, ən müasir silah-sursatlarla, zirehli texnikalarla, artilleriya qurğuları, zenit-raket kompleksləri, aviasiya vasitələri ilə təmin edilən, peşəkar, dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan Ordusu istənilən vəzifəni yerinə yetirməyə hazır və qadirdir.
Nəzərə çatdırılıb ki, son zamanlar ordu ilə xalqın mənəvi birliyi, ictimaiyyətlə əlaqələr daha da genişlənib, “Açıq qapı günü” tədbirləri ənənəyə çevrilib. Xalq öz ordusuna inanır, ona güvənir. Azərbaycan Ordusunun şəxsi heyəti isə xalqın bu etimadını, inamını döyüş və mənəvi-psixoloji hazırlıqda, təlimlərdə qazandığı uğur və nailiyyətlərlə doğruldur.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxış edərək Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələri ilə sıx əlaqə saxladıqlarını, onlarla birlikdə silsilə vətənpərvərlik tədbirləri keçirdiklərini bildirib.
Rektor böyük iftixar hissi ilə nəzərə çatdırıb ki, həm Aprel döyüşləri zamanı, həm də bu döyüşlərdə qazanılan Zəfərdən sonra bütün xalqımız kimi UNEC-in 20 minlik kollektivi də ayaq üstə idi. Hamı bir nəfər kimi döyüşlərə müntəzir idi. Şəhidlər versək də, ruhdan düşmür, düşmən təxribatlarına qarşı əks-hücuma keçərək, Ermənistanın özləri haqqında yaratdıqları “yenilməz ordu” mifini darmadağın edən Azərbaycan Ordusunun uğurlarını alqışlayırdıq. Aprel döyüşlərində bizim məzunlarımız da qəhrəmanlıqlar göstərir, canlarından, qanlarından keçirdilər. UNEC-i bitirmiş əsgər Mahir Mirzəyev və Tural Dadaşov bu döyüşlər zamanı şəhidlik məqamına yüksəldilər. Hər ikisi möhtərəm Prezidentimizin sərəncamı ilə ölümlərindən sonra döyüş medalları ilə təltif olundular. Biz onların dövlət bayrağımıza bükülmüş cənazələrini “Şəhidlər ölməz, Vətən bölünməz!” nidaları altında Vətən torpağına əmanət etdik. Bu gün də müəllim, tələbə və texniki işçilərimiz qələbə əzmi ilə, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa olunacağına inam hissi ilə yaşayır. Biz Azərbaycan Ordusunun hər bir uğuruna sevinir və qəhrəman döyüşçülərimizlə fəxr edirik. Biz hər an Ali Baş Komandanın hər bir əmrinə hazırıq!
Rektor Ə.Muradov bir neçə gündən sonra yenidən cəbhə bölgələrinə səfər edəcəklərini, ümumiyyətlə, Azərbaycan Ordusunun şəxsi heyəti ilə əlaqələrini bundan sonra da genişləndirəcəklərini diqqətə çatdırıb.
Müdafiə Nazirliyinin İdeoloji iş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini general-mayor Rasim Əliyev belə bir tədbirin Azərbaycan Dövlət İqtisad Universitetində keçirilməsinin heç də təsadüfi olmadığını qeyd edərək deyib: “UNEC-in professor-müəllim və tələbə heyəti ordumuza daim mənəvi dayaqdır. Onların tez-tez qruplarla cəbhəyanı bölgələrə səfərləri, şəxsi heyətlə görüşləri, Vətən əsgərlərinin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun və vətənpərvərlik hissinin daha da yüksəldilməsi üçün göstərdikləri səylər təqdirəlayiqdir. Bununla yanaşı, ali təhsil ocağında tələbələrlə aparılan vətənpərvərlik işi də yüksək səviyyədədir. Bunun nəticəsidir ki, UNEC-in məzunları ordumuzda öz əsgəri borclarını şərəflə yerinə yetirirlər. Müdafiə Nazirliyinin rəhbərliyi universitetin bu istiqamətdə fəaliyyətini həmişə yüksək qiymətləndirib. Ordu ilə xalqın mənəvi əlaqələrinin daha da genişləndirilməsi qarşımızda duran əsas vəzifələrdəndir. Bu, həm ordunun gücünü artırır, həm də xalqımızın orduya, qələbəyə inamını daha da yüksəldir”.
Aktyor Toğrul Rza və Elməddin Məmmədov şəhid Mahir Mirzəyev və Tural Dadaşovun qiyafəsində tüstü-duman içindən çıxaraq tədbir iştirakçılarına və valideynlərinə müraciət edərək “Bir də həyata qayıtsaydıq yenidən Vətən uğrunda şəhidliyi seçərdik” demələri hər bir tədbir iştirakçısında qürur hissi oyadıb. Şəhid valideynlərinin övladlarının obrazlarını yaradan aktyorlara sarılaraq “Vətən sağ olsun!” demələri duyğulu anlar yaşadıb.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbaninin layihəsi olan “Aprel döyüşlərinin Zəfər bayraqlarına düzlən!” vətənpərvərlik bayramı işğal altında olan digər torpaqlarımızın da tezliklə azad ediləcəyinə və həmin bölgələrdə ucaldılan dövlət bayrağımızın Azadlıq meydanına gətirilərək Qələbə paradında nümayiş olunacağına inamını daha da artırıb.
Hərbi vətənpərvərlik bayramı Ali Baş Komandana ünvanlanan “Zəfər marşı” ilə başa çatıb.