Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Avqust 2021 16:19

“Adı əziz, xatirəsi əbədidir Yaşarın” adlı vətənpərvərlik tədbirində hər kəs ondan fəxarətlə danışıb - VİDEO

Bu gün İkinci Şəhidlər xiyabanında Müdafiə Nazirliyinin,  Füzuli və Binəqədi rayon İcra Hakimiyyətlərinin rəsmiləri, ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, döyüşçü dostları onun gül-çiçəyə qərq olunan, başı üstündə müqəddəs bayrağımız dalğalanan məzarını ziyarət edib, burada uyuyan bütün şəhidlərimizin, eləcə də onun ruhuna dualar oxunub, 46 illik həyat yoluna çıraq tutulub.
 1975-ci ilin 10 avqustundan şəhid olduğu 2020-ci ilin oktyabr ayının 2-dək olan ömür yolu kitab olub vərəqlənib, xatirələr yumaq kimi çözələnib, hər kəs ondan qürur ilə, iftixarla danışıb.
Füzuli ata: “Ölümünə inanmıram, o, öləsi oğul deyildi. Yaşar yenə döyüşdədir, Murovdağın zirvəsində yağılarla savaşır. Şəri qovur, zülmətləri yarıb keçir igidim”, - deyə özü-özünə təsəlli verir.
Övladları Xanış, İnci “Ata” deyib kövrəlir: “Atam ilə fəxr edirik hər zaman, qara daşdan bizə baxır atamız. Bu torpağın qədrin bilin, qoruyun hər qarışın. Torpaq qanla qarışanda Vətəndir. Atam bizi bu torpağı qorumağa çağırır!”.
Yaraları qaysaqlanan əsgərin gözündəki qığılcıma, oda bax: “Qisasını vuruşaraq, döyüşərək almışıq. Rahat uyu komandirim, qardaşım. Bizim olub, bizimkidir Qarabağ!” deyib qamətini uca tutur qazimiz.
Şair yenə fikrə dalıb, dindirməyim amandı. Şimşək olub kükrəyəcək, çaxacaq: “Qızıl qanı lalə olub göyərib. Od nəfəsi Murovdağın qarın, buzun əridib. Minnətdardır sənə Vətən, bu torpaq! Köç qayıdır yurd yerinə ay qağa, yubanma gəl, gedirik Qarabağa!”.
Xiyabanda izdiham var. Burda sevinc qəm-kədərə qalib gəlir, güc gəlir, burda hər gün “Vətən” sözü, “Əsgər” sözü, “Rəhmət” sözü milyon kərə səslənir.
Bu fikirlər İkinci Şəhidlər xiyabanında Azərbaycan Ordusunun zabiti polkovnik-leytenant Yaşar Sadıqovun doğum günü münasibətilə keçirilən mərasimdə polkovnik Abdulla Qurbaninin bir az şairanə, bir az kövrək, əsasən də qürur hissi ilə dilə gətirdiyi düşüncələridir.
Şəhidin məzarı ziyarət olunduqdan sonra xatirə mərasimi başlanır. Əvvəlcə respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir, hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunur.
Mərasimdə A.Qurbani tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, Yaşar Füzuli oğlu 1975-ci il avqustun 10-da Füzuli rayonunun Bala Bəhmənli kəndində doğulub. 1992-ci ildə kənd orta məktəbini bitirib. 1993-cü ildə Bakı Birləşmiş Ali Hərbi Komandanlıq Məktəbinə (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) daxil olub və 1995-ci ildə təhsilini müvəfəqiyyətlə başa vurub.
Qeyd olunub ki, 1993-cü il dekabr ayının sonlarında ulu öndər Heydər Əliyevin rəhbərliyi altında “Horadiz əməliyyatı” başlananda Yaşar hələ kursant idi. Çox çalışsa da, kursant taborunun komandirinə, məktəb rəisinə doğma rayonlarının düşmən işğalından azad edilməsi uğrunda könüllü olaraq döyüşlərə getmək üçün müraciət etsə də müsbət cavab ala bilməyib. Düşmənə qarşı qəzəbini, nifrətini, kinini içində boğub. 1994-cü ilin ilk yanvar günlərində Füzuli və Cəbrayıl rayonlarının Horadiz qəsəbəsi də daxil olmaqla 22 yaşayış məntəqəsinin işğaldan azad edilməsi xəbəri onun hədsiz sevincinə səbəb olub.   
Təhsilini başa vurduqdan sonra Yaşar gənc zabit kimi Naxçıvan Muxtar Respublikasına göndərilib, motoatıcı taqım komandiri vəzifəsindən hərbi hissənin kəşfiyyat bölməsinin zabiti vəzifəsinədək yüksəlib.
2016-cı ilin aprel döyüşlərindən az sonra xidmət yeri Bakı Qarnizonunda yerləşən hərbi hissələrdən birinə dəyişdirilib və o, burada da xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlib. Motoatıcı tabor komandiri, hərbi hissə komandirinin müavini olaraq nümunəvi xidmətləri ilə həmişə komandanlığın rəğbətini, tabeliyində olanların isə böyük sevgisini qazanıb.
Yaşar Sadıqov 2018-ci ildən Beyləqan, Xocavənd istiqamətlərində hərbi hissə komandirinin müavini kimi xidmətini davam etdirib və nəhayət Vətən müharibəsini Murovdağ istiqamətlərində yerləşən hərbi hissənin qərargah rəisi – briqada komandirinin müavini vəzifəsində qarşılayıb. Artıq o, “polkovnik-leytenant” idi.
A.Qurbani xatırlayaraq vurğulayıb ki, müharibənin ilk günündə Silahlı Qüvvələr veteranı olan Y.Sadıqov döyüşə yollanacaq şəxsi heyəti təcili olaraq ətrafına topladı. Cəlb edildiyimiz bu müharibənin son dərəcə ciddi bir müharibə olduğunu, bununla da torpaqlarımızın 30 illik işğalına, xalqımızın isə 30 illik həsrətinə tezliklə son qoyulacağına zəmin yarandığını bildirdi və şəxsi heyətə bir daha xatırlatdı kı, xidmət etdiyimiz bu hərbi hissə 1994-cü ilin yanvarında yaradılıb və həmin ayın 24-də xalqımızın ümummilli lideri Heydər Əliyevin xeyir-duası ilə cəbhəyə yola düşüb.
Yolasalma mərasimində o vaxt dahi liderimiz demişdir: “Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz və indi cəbhəyə yola düşürsünüz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz Sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır. Ona görə də hər birinizə və ümumiyyətlə, hamınıza cansağlığı, səadət arzulayıram. Bu şərəfli vəzifənizi – Vətəni müdafiə etmək vəzifənizi yerinə yetirməkdə qəhrəmanlıq nümunələri göstərməyinizi arzulayıram.
Ümidvaram ki, bu deyilənlərin hamısına əməl edəcəksiniz və öz vəzifənizi igidliklə yerinə yetirəcəksiniz. Vətənimizi, ana və atalarımızı, bacı və qardaşlarımızı sevindirəcəksiniz.
Azərbaycan Ordusuna yeni-yeni uğurlar diləyirəm, sizin hər birinizə uğurlar arzulayıram.
Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpağı, müqəddəs Azərbaycan Respublikası uğrunda irəli!”.
Polkovnik-leytenant nəinki əbədiyaşar Ali Baş Komandanın bu fikirlərini, xeyir-duasını döyüşə yollanacaq igidlərə təkrarən xatırlatdı, eyni zamanda, onun özü də igid oğullara qoşularaq Murovdağın strateji yüksəkliklərində neçə illərdir ki, özlərinə mövqe seçmiş və bərkidib, möhkəmləndirilmiş səngərlərdə oturmuş məkrli və hiyləgər düşmənlərin təxribatlarına cavab olaraq əks-hücuma keçdilər.
Düşmən mövqeyi  darmadağın edildi, onlara canlı qüvvə və hərbi texnika sarıdan xeyli itki verildi. Lakin bir həftə sonra igid zabitimiz özü də bir neçə cəsur silahdaşı ilə birlikdə qəhrəmancasına şəhid oldu.
 Uzun müddət onun da nəşini döyüş meydanından çıxarmaq mümkün olmadı. Həmin günlərdə şəhidin ailəsi, valideynləri böyük dözüm, səbir nümayiş etdirdilər. Nəhayət,  2021-ci il fevralın 26-da şəhid zabitimizin nəşi çıxarılaraq Bakı şəhərinə gətirildi və Xocalı faciəsi qurbanlarının xatirəsinin qeyd olunduğu bir vaxtda İkinci Şəhidlər xiyabanında böyük izdihamın iştirakı ilə son mənzilə yola salındı.
Sağlığında 6 döyüş medalı ilə təltif olunan igid zabitimiz ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olundu.
Tədbirdə Füzuli rayon icra hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov və Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Sevinc Süleymanova hər iki  rayonun ictimaiyyəti adından şəhid valideynlərinə Vətənə layiqli oğul yetirdiklərinə görə minnətdarlıq edib, şəhidin Əsli və İnci adlı yadigar övladlarının dövlətimizin və xalqımızın qayğısı səyəsində atalarının adına layiq tərbiyə olunacaqlarına, boya-başa çatacaqlarına əminliklərini bildiriblər.
Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Vətən müharibəsinin əhəmiyyətindən, bu müharibədə qazanılan möhtəşəm qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, rəşadətli ordumuzun əsgər və zabitlərinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin hücum diplomatiyasının, sərkərdəlik məharətinin qələbəsi olduğunu qeyd edib və qələbə şəhidlərinin sıralarında adı və xidmətləri həmişə iftixarla xatırlanan polkovnik-leytenant Yaşar Sadıqovun xalqımızın qan yaddaşında əbədi yaşayacağını deyib.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov dövlətimizin başçısına və Müdafiə nazirliyinin rəhbərliyinə şəhid ailələrinə göstərilən diqqətə görə minnətdarlığını bilidirib.
Füzuli Sadıqov şəhid oğlu ilə fəxr etdiyini, qürur duyduğunu bildirərək xalqımıza, dövlətimizə bundan sonra daha da xoşbəxt günlər, əmin-amanlıq, firavan həyat arzulayıb.
Xanış Sadıqov universiteti bitirəcəyi və müddətli həqiqi hərbi xidmətə yollanacağı günü, əsgər çəkməsi, əsgər uniforması geyəcəyi anı səbirsizliklə gözlədiyini diqqətə çatdırıb və şəhid atası ilə bağlı xatirələrini bölüşüb.
Tədbir iştirakçıları hərbi orkestrin ifa etdiyi “Qələbə marşı”nın sədaları altında İkinci Şəhidlər xiyabanından ayrılıblar.