Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Noyabr 2024 16:31

8 Noyabr - Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib - VİDEO

Cari ilin hazırlıq planına əsasən, 8 Noyabr - Zəfər Gününün dördüncü ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edərək Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı naminə canından keçmiş Vətən övladlarının məzarları üzərinə güllər düzüb, xatirələrini hörmət və ehtiramla yad ediblər.
Mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda şəhid olan vətəndaşlarımızın xatirələrinə bir dəqiqəlik sükut elan edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Silsilə tədbirlərdə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbənin əhəmiyyətindən, qələbənin qazanılmasında xalqımızın rolundan, döyüşçülərimizin göstərdikləri igidlik nümunələrindən danışılıb, şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağı əminliklə vurğulanıb.
Hərbi qulluqçularımızın təşəbbüsünə uyğun olaraq, müxtəlif bölgələrdə şəhidlərimizin xatirələrinə ağaclar əkilib, abadlıq işləri aparılıb.
Tədbirlər çərçivəsində şəxsi heyətə qələbə əzminin və döyüş ruhunun təbliği, Vətənə və dövlətə sədaqət amillərinin aşılanması məqsədilə dəyirmi masalar keçirilib, döyüş əməliyyatlarında qələbəmizlə bağlı geniş söhbətlər aparılıb.
Vətən müharibəsinə həsr olunmuş sənədli filmlər və videoçarxların nümayişi, həmçinin hərbi orkestrlərin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, yerli mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri ədəbi-bədii kompozisiyalar, mədəni-kütləvi və digər tədbirlər şəxsi heyət tərəfindən maraqla qarşılanıb.
Keçirilən tədbirlərdə əsas diqqət şəxsi heyətin estetik zövqlərinin inkişafına və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə yönəldilmişdir.
Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən bir qrup hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.