Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında göstərilən diqqət və qayğı nəticəsində ordumuzun inkişafı 2015-ci ildə də yüksələn templə davam edib. Maddi-texniki təchizat güclənib, bir çox sosial-məişət məsələləri həllini tapıb, ən yeni silah və texnikaların alınması, peşəkar kadrların hazırlanması işi davam etdirilib. İl ərzində 1000 nəfərdən çox hərbi qulluqçu xidməti, 500 nəfər hərbçi ailəsi isə daimi mənzillə təmin olunub.
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən hərbi xidmətdə və ehtiyatda olan hərbçi ailələri bu gün, bayramlar ərəfəsində daha bir sevincli xəbər alıb. Müvafiq Komissiyanın qərarına və təsdiq olunan siyahılara əsasən daha 500 nəfərə yaxın hərbiçi ailəsi Gəncə şəhərində daimi mənzillə təmin olunub.
Мüdafiə nazirinin müavinlərinin, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavinin, hərbi qulluqçuların ailə üzvlərinin iştirakı ilə Bakı, Naxçıvan, Bərdə şəhərlərində keçirilən təntənəli mərasimlərdə daimi mənzillərin açarları və sənədləri sahiblərinə təqdim edilib.
Göstərilən diqqət və qayğıya, eyni zamanda bu bayram günlərindən bəxş edilən sevincli anlara görə tədbir iştirakçıları ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.