Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, 27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Plana əsasən şəxsi heyət tərəfindən Şəhidlər xiyabanları ziyarət olunub, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların məzarları üzərinə güllər düzülərək xatirələri ehtiramla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlər çərçivəsində ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar təşkil olunub, Vətən müharibəsinə həsr olunan sənədli filmlər və videoçarxlar nümayiş etdirilib.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin tarixi əhəmiyyətindən, xalqımızın qələbədəki rolundan, qəhrəman oğullarımızın igidlik və şücaət nümunələrindən, eləcə də şəhidlərimizin əziz xatirələrindən danışıblar.
Anım Günündə, həmçinin hərbi qulluqçularımız müxtəlif bölgələrdə şəhid ailələri və müharibədə sağlamlıqlarını itirən vətəndaşlarımızın iştirakı ilə keçirilən ağacəkmə aksiyalarında iştirak ediblər.