Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Noyabr 2020 17:35

2020-ci ilin ötən dövrü ərzində 8 müdafiə mövqeyində yeni əsgəri-məişət kompleksi tikilib - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında hərbi təyinatlı obyektlərin tikintisi, şəxsi heyətin xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri 2020-ci ilin ötən dövrü ərzində də uğurla davam etdirilib. Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində, hərbi şəhərciklərində yeni binalar inşa olunub, istirahət parkları salınıb, hərbi obyektlərdə əsaslı və cari təmir işləri aparılıb.
Hər tərəfdən dağ silsilələri ilə əhatə olunan Naxçıvan Muxtar Respublikasının qışı soyuq və qarlı keçən yüksək dağlıq zonalarında etibarlı müdafiə sistemi qurulub. Çətin dağlıq şəraitdə yerləşən müdafiə mövqelərimizdə şəxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb. Bütün bunların nəticəsidir ki, uca zirvələrin hakimi olan hərbi qulluqçularımız Vətənimizin etibarlı müdafiəsini təmin edirlər. Hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində görülən işlərin davamı olaraq 2020-ci ilin ötən dövrü ərzində 8 müdafiə mövqeyində yeni əsgəri-məişət kompleksi tikilib. Müasir kazarmalarda yaşayan əsgərlərimiz mənəvi-psixoloji ruh yüksəkliyi və vətənpərvərlik hissləri ilə xidmət edirlər.
Əsgər Gündüz Mehdizadə bildirdi ki: “3000 metrdən çox yüksəklikdə əsgər yoldaşlarımla birgə ön xətdə xidmət aparırıq. Əsgər yoldaşlarımla biz qardaş kimiyik. Bizim burada rahat şəkildə xidmət aparmağımız üçün hər cür əlverişli şərait yaradılmışdır və biz ayıq-sayıq şəkildə döyüş növbətçiliyini yerinə yetiririk. Azərbaycan Respublikasına xidmət edirəm!”
Əlahiddə Ümumqoşun Ordunun möhkəm müdafiə potensialına malik birinci eşelon bölmələrində inşa olunan binalar keyfiyyətli mebel dəstləri, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilib. Əsgər və zabitlərin rahat şəkildə istirahəti, qidalanması və nümunəvi xidməti üçün tikilən hərbi oyektlərdə qış tədarükü görülərək isti geyim, yanacaq, içməli su və ərzaq təminatı yaradılıb.
Yaradılan şəraitdən razılıq edən əsgər Cabbar Cabbarlının fikirləri belə oldu: “Gördüyünüz kimi bizim üçün burada müasir tələblərə cavab verən kazarmada hərbi xidmətimizin təşkili üçün bütün tələblərə cavab verən şərait yaradılmışdır. Biz hər zaman fəxr edirik ki, Vətən müharibəsində qalib gəlmiş müzəffər Azərbaycan Ordusunun əsgərləriyik.”
Müzəffər Ordumuzun işğal altındakı torpaqlarımızın azadlığı uğrunda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı ilə qazandığı qələbə hər birimizi qürurlandırdığı kimi əsgərlərimizdə də böyük ruh yüksəkliyi yaradıb. Dövlət-xalq-ordu birliyindən güc alaraq xidmətini davam etdirən əsgərlərimiz qazanılan qələbənin sevincini yaşayırlar.
Əsgər Seymur Fərhadlı uca zirvələrdə xidmət aparmağı ilə qürur duyduğunu bildirdi: “Son zamanlar ərzində müzəffər Ordumuzun apardığı uğurlu əməliyyatlar mən və əsgər yoldaşlarımın döyüş əzmini daha da yüksəltmişdir. Bütün Azərbaycan torpaqlarında Azərbaycan bayrağı dalğalanacaq. Qarabağ Azərbaycandır!”
Əsgər Cavidan Şükürzadə deyir ki: “Ayıq-sayıq döyüş növbətçiliyi aparmağımız üçün hər cür şəraitimiz var. Biz burada sadəcə əsgər yoldaşı deyil, bir ailəyik, qardaşıq. Qarşımızdakı düşmənin hər hansı bir təxribatı olarsa onlar qarşılarında bizim kimi cəsur, mərd əsgərlər görəcəklər. Necə ki, Dağlıq Qarabağda gedən döyüşlərdə bizim digər əsgər yoldaşlarımızın cavablarını gördülər. Düşmənin hər hansı bir təxribatına adekvat cavab verməyə hazırıq. Biz fəxr edirik ki, Azərbaycan əsgəriyik. Qarabağ Azərbaycandır!”
Yaradılan nümunəvi xidmət şəraitinə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlıq edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti ümummilli lider Heydər Əliyev ideyalarına sadiq qalaraq Vətənimizin müdafiəsi və ərazi bütövlüyümüzün təmin olunması yolunda tarixi zəfərlər qazanır.