Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Fevral 2016 09:00

2 Fevral – Gənclər Günü Silahlı Qüvvələrdə silsilə tədbirlərlə qeyd edilib

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Füzuli, Beyləqan Xocavənd, Ağcabədi, Kürdəmir, Qazax, Tovuz və digər rayonlarda 2 Fevral - Gənclər Günü geniş qeyd edilib.
Tədbir iştirakçıları əvvəlcə rayonlarda ucaldılan müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin abidələrini ziyarət edib, önünə çiçək dəstələri qoyaraq hörmət və ehtiramlarını bildiriblər.

* * *

2 Fevral - Gənclər Günündə hərbçilər Ağcabədi rayon Heydər Əliyev Mərkəzini və Gənclər Mərkəzini ziyarət edib, şəhərin görməli yerləri ilə tanış olublar. Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Aqil Abbas və Tahir Rzayev əsgərlərlə görüşüb, onları bayram münasibətilə təbrik edərək çətin və şərəfli xidmətlərində uğurlar arzulayıblar.
Şəhərdə təşkil olunan mədəni-kütləvi tədbirlər əsgərlərimizdə xoş ovqat yaradıb.
Hərbi hissədə davam edən bayram tədbirində Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani çıxış edərək şəxsi heyətə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini çatdırıb, döyüş və mənəvi-psixoloji hazırlıqda fərqlənən bir qrup gənc hərbi qulluqçuya hədiyyələr təqdim edib. Bədii özfəaliyyət kollektivləri şəxsi heyət qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.

* * *

2 Fevral - Gənclər Günü Beyləqanda da təntənə ilə qeyd edilib. Azərbaycan Yazıçılar Birliyinin Beyləqan rayon şöbəsinin sədri Asif Cəfərli, "Mübariz" Veteranlar Birliyinin Beyləqan rayon şöbəsinin sədri Rafiq Xuduyev, Qarabağ müharibəsi əlilləri Ələddin İsmayılov və Elmir Hüseynov, veteranlar Kamil Ağalarov, Məmməd Məmmədov və başqaları çıxış edərək şəxsi heyətə təbriklərini, xoş arzularını çatdırıblar.
Sonda xidmətdə fərqlənən bir qrup əsgərə hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

* * *

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Bakı şəhəri Nizami rayon Uşaq Gənclər Yaradıcılıq Birliyinin təşkilatçılığı ilə 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.
C.Naxçıvanski adına Hərbi Liseyin zabit, müəllim, kursant heyəti, deputatlar, Nizami rayon İcra Hakimiyyəti və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət himni səsləndirildikdən sonra, lisey rəisinin şəxsi heyətlə iş üzrə müavini polkovnik-leytenant Kamran Nəsibov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini çatdırıb, gəncləri əlamətdar gün münasibətilə təbrik edib. Gənclər siyasətinin banisi ulu öndər Heydər Əliyevin Azərbaycan gəncinə göstərdiyi diqqət və qayğısından danışan K.Nəsibov bu gün həmin ənənənin dövlətmizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva və Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova da gəncləri təbrik edərək, onlara uğurlar arzulayıb və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda daim mübariz olmağa səsləyiblər.
Sonda Nizami rayon Uşaq Gənclər Yaradıcılıq Birliyinin təşkil etdiyi konsert proqramı təqdim olunub.