2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar Quru Qoşunlarında, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində tədbirlər keçirilib.
Tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Plana uyğun olaraq, şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, "dəyirmi masa"lar, eləcə də müxtəlif mədəni-kütləvi tədbirlər və idman yarışları təşkil olunub, “Əsgərə məktub” layihəsi çərçivəsində Vətən müdafiəçilərinə məktublar ünvanlanıb.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun təşkili və Gənclər Gününün təsis olunmasından, bu gün dahi rəhbərin əsasını qoyduğu gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.
Qeyd olunub ki, ölkəmizin inkişafına layiqli töhfələr verən Azərbaycan gənci 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazaraq bütün dünyaya xalqımızın qələbə əzmini və güclü Vətən sevgisini nümayiş etdirib.
Tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri şəxsi heyət qarşısında maraqlı proqramlar ilə çıxış ediblər.
Sonda xidmətdə, eləcə də yarışlarda fərqlənən bir qrup şəxs Fəxri Fərman və medallarla mükafatlandırılıb.