"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Aprel 2013 09:00

132 hərbi qulluqçuya mənzillərin sənədləri təqdim edilib


Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci ildə imzalanmış fərmanına uyğun olaraq bu gün Təlim və Tədris Mərkəzində 132 hərbi qulluqçuya mənzillərin sənədləri təqdim edilib. Bundan əvvəl 20 il və daha çox qüsursuz xidmətlərinə görə 50 hərbi qulluqçu da prezidentin qayğısı sayəsində yeni və təmirli mənzillərlə təmin olunmuşdu.
Müdafiə nazirliyinin rəhbərliyi bu qayğını və diqqəti ordu quruculuğu sahəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab prezident İlham Əliyevin həyata keçirdiyi çoxsaylı mühüm işlərin önəmli nəticəsi kimi qiymətləndirir və buna görə dövlət başçısına öz dərin təşəkkürünü bildirir. Prezidentin məlum fərmanında göstərildiyi kimi, hərbi qulluqçulara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına, mənzil-məişət problemlərinin həll edilməsinə böyük təkan verir.
132 ailənin sevincinə səbəb olan bu günkü tədbir hərbi qulluqçularımızın həyatında əlamətdar hadisə kimi qalacaq. Tədbirdə çıxış edənlər Ali Baş Komandanımız İlham Əliyevə dərin minnətdarlıqlarını çatdırmaqla yanaşı mənzil alan hərbi qulluqçulara ailə səadəti, xoşbəxtlik arzulayıblar.