"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

İkitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq

İkitərəfli və çoxtərəfli hərbi əməkdaşlıq

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya, İtaliya, Pakistan, Çin, Rusiya, İran, Ukrayna, Belarus, Moldova, Polşa, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Estoniya, Macarıstan, Gürcüstan, Özbəkistan, Tacikistan, İordaniya, Bəhreyn, Fransa, Çexiya, Sloveniya, Serbiya, Xorvatiya, Koreya Respublikası, Səudiyyə Ərəbistanı və digər xarici ölkələrlə hərbi, hərbi-siyasi və hərbi-texniki sahələrdə, həmçinin bir sıra beynəlxalq təşkilatlarla müxtəlif istiqamətlərdə mövcud olan əməkdaşlığı ikitərəfli və çoxtərəfli əsasda ildən-ilə genişləndirərək inkişaf etdirir.
Uğurlu beynəlxalq hərbi əməkdaşlıq aşağıda göstərilən əsas fəaliyyət sahələri vasitəsilə həyata keçirilir:
Müdafiə və təhlükəsizlik:

  • təhlükəsizlik üzrə əməliyyatlar (məsələn, dəniz təhlükəsizliyi, terrorizmə qarşı mübarizə qabiliyyətlərinin inkişaf etdirilməsi və s.);
  • xüsusi əməliyyatlar (xüsusi təyinatlı qüvvələrin gücləndirilməsi);
  • kiber-təhlükəsizlik;
  • enerji təhlükəsizliyi;
  • informasiya təhlükəsizliyi;
  • qeyri-döyüş təxliyə əməliyyatları;
  • təlimlərin keçirilməsi;
  • hava məkanının təhlükəsizliyi (Hərbi hava və hava hücumundan müdafiə).


Çoxtərəfli hərbi əməkdaşlıq

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi region və region xaricindəki strateji tərəfdaş ölkələrin Silahlı Qüvvələri ilə regional təhlükəsizliyin təmin olunması, beynəlxalq strateji əhəmiyyətli layihələrin mühafizəsi və beynəlxalq təhlükəsizliyə töhfə vermək məqsədilə Azərbaycan-Türküyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan və Azərbaycan-Rusiya-Qazaxıstan olmaqla  çoxtərəfli əməkdaşlıq həyata keçirir.
Mövcud vasitələr, müvafiq plan və proqramlardan istifadə etməklə regionda qarşılıqlı maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi, Silahlı Qüvvələr arasında uyarlılıq və qarşılıqlı fəaliyyət qabiliyyətinin yüksəldilməsi və buna nail olmaq üçün çoxtərəfli birgə təlimlərin keçirilməsi, hərbi təhsil müəssisələrində qarşılıqlı tələbə və mütəxəssislərin hazırlanması çoxtərəfli hərbi əməkdaşlığın əsas istiqamətləridir.
Çoxtərəfli əməkdaşlıq çərçivəsində fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyət və fəlakətin nəticələrinin aradan qaldırılması, axtarış və xilasetmə, dəniz təhlükəsizliyi, neft və qaz boru xətlərinin, enerji və nəqliyyat infrastrukturlarının mühafizəsinin təşkili və gücləndirilməsi məqsədilə çoxtərəfli birgə təlimlər həyata keçirilir.

İkitərəfli hərbi əməkdaşlıq

İkitərəfli Hərbi Əməkdaşlıq Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xarici dövlətlərin Silahlı Qüvvələri və hərbi sənaye kompleksləri arasında ikitərəfli əsasda aparılır. Bu əməkdaşlıq hər iki tərəfin maraqlarına xidmət etməlidir. Hazırda dünyanın qırxa yaxın ölkəsi ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirilir. İkitərəfli hərbi əməkdaşlığın üsulları aşağıdakılardır:

  • Xarici ölkələrin Silahlı Qüvvələri ilə əməkdaşlıq - Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xarici ölkələrin Silahlı Qüvvələri və ya güc strukturları arasında həyata keçirilir. Əməkdaşlıqda maraqlı olan ölkə ilə illik əsasda ikitərəfli hərbi əməkdaşlıq planı və ya proqramı hazırlanır, imzalanır və həyata keçirilir.
  • Strateji hərbi əməkdaşlıq - Azərbaycan Respublikası ilə strateji tərəfdaşları arasında müdafiə sahəsində, xarici ölkələrin Silahlı Qüvvələri ilə əməkdaşlıq hədəflərinə əlavə olaraq aşağıdakılara nail olunması üçün ən yüksək səviyyədə həyata keçirilir:
    • tərəflərin maraqlarının bütün platformalarda qarşılıqlı müdafiəsi;
    • təhlükəsizliklə əlaqədar ortaya çıxan potensial təhdidləri müəyyən etmək və onlara qarşı mübarizə aparmaq üçün birgə fəaliyyət;
    • dünyada və regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına birgə töhfə vermək;
    • müdafiə sənayesi və texnologiya bazasını inkişaf etdirmək üçün birlikdə işləmək,  təchizat və texnologiyaların əldə edilməsi üzrə birgə layihələrin həyata keçirilməsi;
    • birgə təlimlərin keçirilməsi;
    • tərəflər arasında hərbi-siyasi məsləhətləşmələr aparmaq, qarşılıqlı maraqları təşviq etmək üçün müştərək maraq sahələrini araşdırmaq, müzakirə etmək, qəbul edilən müştərək qərarların icra vəziyyətini nəzərdən keçirmək üçün Yüksək Səviyyəli İclas və görüşlərin keçirilməsi;
    • kadr mübadiləsi (mütəxəssis, qərargah zabiti, müəllim və sairə);
    • məlumat mübadiləsi.