Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Oktyabr 2017 12:02

“Vətən hər nəğməmizin nəqaratıdı”

Cəmiyyətimizdə ənənəvi bir keçmişə sahib olan əsgərlik müqəddəs bir amal olaraq qiymətləndirilir. Əsgərlik Vətən borcu, Azərbaycan gəncinin  müqəddəs bir vəzifəsidir. Ərazi bütövlüyümüz məhz ondan asılıdır. Azərbaycan əsgəri torpaqlarımızın gələcəyinin də qarantıdı. Onların özlərinə məxsus düşüncələri, xəyalları, bu xəyalları gerçəkləşdirmək üçün fikirləri var. Bu gün Azərbaycan əsgərinin əsas xəyalı, amalı torpaqlarımızın azadlığıdı. Vətənə olan sevgisini, məhəbbətini, bağlılığını həyatı bahasına ödəməyə hazır olan Azəbaycan əsgəri Ağdamda, Şuşada, Xankəndidə, Kəlbəcərdə... bayrağımızı dalğalandırmaq intizarındadı.
"N" hərbi hissəsində pulemyot manqasının heyət nəfəri əsgər Firudin Hüsüyev də müqəddəs torpaqlarımıza qədəm basacağı günün xəyalını qurur, gözləri qarşısında canlandırır. Gözlərindən oxunur ki, qələbə gününün həyəcanını elə bu gündən yaşayır. Sözlərindən də aydın olur ki, Vətənin Azərbaycan əsgərinə əmanət olduğunun fərqindədir: "Vətənin keşiyində dayanan əsgər kimi deyə bilərəm ki, əhvali-ruhiyyəmiz yüksək səviyyədədir. İllərlə yaşadığım evimdən, ailəmdən, yaxınlarımdan uzaqlaşıb Vətənin hər hansı bölgəsində xidmət etmək bəzən çətin gəlir insana. Bu, təbii haldır. Vətənə xidmət asan olsa, torpağın qədri bilinməz. Çətin, məsuliyyətli və şərəfli işin daşıyıcılarından biri olduğuma, düşmənlə üz-üzə dayandığıma görə qürurluyam. Bu torpaq uğrunda saysız-hesabsız şəhidləri, canını-qanını fəda edən igidləri, sağlamlığını itirən əlilləri, ömrünün yarısını, bəlkə də yarısından çoxunu hərbi xidmətdə keçirən, gəncliyini bu Vətənə həsr edən zabitləri, gizirləri yada saldıqca qürur duymaya, fəxr etməyə bilmirəm. Qəribədir ki, xidmətim zamanı Vətənin, qoruduğum, keşiyində dayandığım torpağın bir parçası olduğumu daha çox hiss edirəm".
Erkən çağlarından hərbi formaya xüsusi marağının olduğunu deyən əsgər F.Hüsüyev qeyd etdi ki, hərbi xidmətdə Hacıəli Hacıyev kimi dostları ilə birgə keçirdiyi günlər, hərbi xidmətlə bağlı hisslər həyatında xoş izlər buraxıb: "Etiraf edim ki, düşmənin hava hədəflərini, yüngül zirehli texnikalarını məhv etmək üçün nəzərdə tutulmuş texnikanın öyrənilməsindən tutmuş, səngər boyu davam edən döyüşlərə, bu döyüşlərdə qazandığım dostlara kimi hər şey ürəyimcədi. Orduda bizə yaradılan şərait könül xoşluğu verir. Belə bir şəraitdə bizim öhdəmizə hərbi texnikanı öyrənmək, öyrəndiklərimizi döyüş meydanında tətbiq etmək və nəticədə qələbə qazanmaq düşür. Aprel zəfərini təkrarlamağı xalqımız səbirsizliklə gözləyir".
Əsgər Firudin Hüsüyev bildirdi ki, 14 aylıq hərbi xidmət müddəti o qədər dolğun, o qədər mənalı, o qədər maraqlı keçib ki, danışmağa bir ömürlük sözü var: Vətən kəlməsi ürəyimizin həzin nəğməsinin nəqaratıdı. Buna görə də həmişə doğma yurdumuzu gözümüzün nuru bilirik. Yaxşı dərk edirik ki, bu səngərlərdən arxada xalqımız bizə güvənərək yaşayır, yaradır. Başa düşürük ki, müharibə torpaqlarımız işğaldan azad ediləndən sonra başa çatacaq. Ona görə də düşmənin hər bir hərəkətini müşahidə edir, onu daim nəzarətdə saxlayırıq. Artıq səbrimiz tükənir, torpaqlarımızı müşahidə etməyə son qoymağın zamanı yetişdiyini anlayırıq. Hicran sona çatacaq, vüsala qovuşacağıq!

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"