Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Oktyabr 2017 12:01

Hər kəs Vətənə borcunu ödəməkdən qürurludur

Bu fikri bir qrup fiziki imkanları məhdud şəxslərin xeyirxah əməlləri də təsdiqləyir. Qəlbləri Vətən eşqi ilə döyünən bu insanlara daim cəmiyyətimizdə böyük hörmət göstərilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə məhdud fiziki imkanlı şəxslərin toxuduqları isti geyimlər Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə xidmət edən əsgərlərinə hədiyyə edilib.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov çıxış edərək bildirib ki, məhdud fiziki imkanlı 19 şəxs tərəfindən Vətən qarşısında müqəddəs borclarını yerinə yetirən əsgərlər üçün 1107 cüt yun corab və 214 ədəd şarf toxunub. Nazir qeyd edib ki, bu tədbir həmin kateqoriyadan olan şəxslərin məşğulluğunu təmin etməklə onların maddi təminatlarının yaxşılaşmasına da xidmət edir. İlin sonunadək yun corab və şarfların toxunması işi  də davam etdiriləcək.
Çıxışlar zamanı Əlahiddə Ümumqoşun Ordunun zabiti polkovnik Mirqiyas Rüstəmov qeyd edib ki, Naxçıvanda da ordunun döyüş qabiliyyəti hər keçən gün daha da artırılır. "Şəxsi heyət torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır və onlara daim yüksək qayğı göstərilir. Bu gün əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi də növbəti qayğının ifadəsidir".
"N" hərbi hissəsinin əsgəri Əli Rəcəbli yoldaşları adından göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Tədbirdən sonra zabit və əsgərlərlə həmsöhbət oldum. Zabitlərdən Cavanşir Hüseynov, Kənan Alıyev, İlqar Qəhrəmanov, Nəcəf Həmidov və digərləri bildirdilər ki, Vətənin peşəkar müdafiəçiləri üçün toxunan bu isti geyimlər Azərbaycan vətəndaşının öz əsgərinə dəstəyindən, xalq-ordu birliyindən xəbər verir. Məhdud fiziki imkanlı şəxslərin bu təşəbbüsü hər birimizi daha da qürurlandırır.
Qonağı olduğum hərbi hissə qarovul xidmətinin təşkili və aparılmasında, strateji obyektlərin mühafizəsi və müdafiəsində mühüm təcrübəyə malikdir. Burada müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından baş çavuş Tural Cəfərov, əsgər Təbriz Abdullayev və digərləri ilə həmsöhbət olan zaman bildirdilər ki, yaradılan hərtərəfli nümunəvi xidmət şəraiti verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsinə müsbət təsir göstərir.
Nümunəvi əsgərlərdən Anar İsmayıllı, Şövqi Hüseynov, Ayxan Əliyev, Əli Əlizadə, Fərid Məmmədov, Kirman Muradov, Ədail Kərimov və adını çəkmədiyim digər Vətən müdafiəçiləri nümunəvi xidmətləri ilə komandir və rəislərinin rəğbətini qazanıblar. Çünki onların əsas arzu və amalı Vətənə şərəflə xidmət edərək valideynlərinə və komandirlərinə başucalığı gətirmək, düşməni məhv etməyə hazır olmaqdır.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud ifaçılardan ibarət "İnam" musiqi qrupu da tarixi və əlamətdar günlərdə hərbi hissələrdə olur, zabit və əsgərlər qarşısında konsert proqramı ilə çıxış edir.

Nəriman NƏCƏFOV, "N" hərbi hissəsi