Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Oktyabr 2017 12:00

Əməyin mühafizəsi diqqət mərkəzindədir

Oktyabrın 6-da bütün dünyada qeyd olunan Layiqli Əmək Uğrunda Ümumdünya Fəaliyyət Günü ərəfəsində Hərbi Dəniz Qüvvələrində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə "Layiqli əmək uğrunda fəaliyyət  günü" adlı seminar keçirilib.
Seminarı giriş sözü ilə açıq elan edən Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Abiyat Ağadadaşova iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi, səmərəli-sosial dialoqun təşkili və sosial ədalətin təmin olunması istiqamətində belə seminarların əhəmiyyətini vurğulayıb. Həmkarlar ittifaqlarının əsas məqsədinin öz üzvlərinin sosial müdafiəsini təşkil etmək və iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması olduğunu qeyd edib.
Sonra seminarda mühazirələr dinlənilib. İlk olaraq Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehdiyev çıxış edib. O, istehsalat və tikinti sahəsində əməyin təşkili və təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyinə toxunub:
- İstehsalat sahəsində işə başlamazdan əvvəl sanitar, yanğın, ekoloji təhlükəsizliyə, yüksək təhlükə mənbəyi olan mexanizm və avadanlıqların istifadədən əvvəl sınaqdan və texniki təhlükəsizlik ekspertizasından keçirilməsinə nəzarət gücləndirilib. Bununla yanaşı, işə götürənlər tərəfindən işçilərin əməyin mühafizəsinin norma və qaydalarına əməl edilməsinə də nəzarət artırılıb. Həmçinin ölkə səviyyəsində layiqli əmək istiqamətində monitorinqin aparılması və qiymətləndirilməsi Beynəlxalq Əmək Təşkilatı (BƏT) üçün prioritet məsələ olaraq qalmaqdadır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməyin mühafizəsi şöbəsinin mütəxəssisi Nadir  Muradov isə çıxış edərək, dünya səviyyəsində istehsalat həcminin və buna uyğun olaraq, işçilərin əməyinin qiymətləndirilməsi məsələlərinə toxunub. Bu istiqamətdə Azərbaycan hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında əməkdaşlıq çərçivəsində 2016-2020-ci illər üçün layiqli əmək üzrə proqramın hazırlandığı barədə məlumat verib.
Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hüquq şöbəsinin müfəttişi Ruslan Bağırov Azərbaycan Respublikasının Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə səmərəli əməkdaşlığının nəticəsi olaraq 2002-ci ildə ölkəmizdə BƏT-in yerli nümayəndəliyinin açıldığını qeyd edərək deyib:
- Ötən müddət ərzində Azərbaycan BƏT-in 58-ci konvensiyasına tərəfdaş olaraq milli əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində xeyli uğurlar qazanıb.
Sonda dinləyiciləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"