Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Oktyabr 2017 10:03

Milli Qəhrəmanın xatirəsinə futbol turniri keçirilir

Bu günlərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı mayor Əfqan Hüseynovun xatirəsinə həsr olunmuş bölükllərarası futbol turniri başlanıb.
Birinciliyə həsr olunan mərasimdə əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın Dövlət himni oxundu.
Hərbi liseyin idman rəisi Fərhad Əliyev tədbirdə çıxış edərək bildirdi ki,  Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi daim hörmətlə yad edilir. "Neçə ildir Hərbi liseydə ənənəvi olaraq Azərbaycanın Milli Qəhrəmanı mayor Əfqan Hüseynovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilir. O, Hərbi liseyimizin məzunu olub. Təhsilini başa vurandan sonra Bakı Ümumqoşun Komandirləri Məktəbində oxuyub. 1985-1987-ci illərdə Əfqanıstanda gedən müharibədə iştirak edib. Göstərdiyi qəhrəmanlığa görə "Qızıl ulduz" ordeni ilə təltif olunub. 1988-ci ildə Vətənə dönüb. Həmin il Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə bölük komandiri təyin olunub. 1992-ci ilin əvvəllərində erməni işğalçıları torpaqlarımıza hücum edəndə başqa vətənpərvər zabitlərimiz kimi o da döyüşlərə yollanıb. 1992-ci il noyabrın 1-də qəhrəmancasına şəhid olub. Ulu öndər Heydər Əliyevin 15 fevral 1995-ci il tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb."
İdman rəisi turnirin əhəmiyyətindən də danışaraq qeyd etdi ki, belə tədbirlərin keçirilməsi kursantların həm fiziki hazırlıqlarına, həm də hərbi vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərir.
Turnirdə qələbə uğrunda 9 komanda öz gücünü sınayacaq. İlk oyunda 6-cı və 2-ci bölüyün komandaları qarşılaşdılar. İkinci hissənin başa çatmasına az qalmış 6-cı bölüyün futbolçuları ilk qolu vurdu. Oyun bu hesabla da başa çatdı.
Milli Qəhrəman mayor Əfqan Hüseynovun xatirəsinə həsr olunmuş futbol turniri oktyabrın 22-də başa çatacaq.
Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey