Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Oktyabr 2017 10:02

Vətən sizə əmanətdir

Hərbi hissələrə gedərkən nümunəvi xidmətləri ilə fərqlənən gənc zabitlərimizlə tez-tez rastlaşırıq. Elə baş leytenant Yasin Zamanovu da ezamiyyətim zamanı şəxsi heyətlə məşğələ keçərək tanıdım.
Hələ yeniyetmə yaşlarından hərbi mundir geymək arzusunda olan zabit bu arzuyla 2005-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olur. Liseyi müvəffəqiyyətlə başa vurduqdan sonra 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. Həmin məktəbi 2008-ci ildə artilleriya ixtisası üzrə bitirib, uşaqlıqdan arzusunda olduğu zabit paqonlarını çiyninə taxaraq xidmətə yollanır. Xidmətə ön xətdə  başlayan zabit Vətənə sədaqətlə xidmət edir. Nümunəvi xidmətilə yuxarı komandanlığın rəğbətini qazanan zabit hərb peşəsinə yiyələnməyin qürurverici olduğunu bildirdi.
- Vətənə xidmət etmək hamımızın vətəndaşlıq borcudur. Hər birimiz Vətənin keşiyində dayanırıq. Düzdür, əsgər müəyyən bir müddətdə xidmətini başa vurduqdan sonra ehtiyata buraxılır, amma zabitlər bir ömür Vətənlə yaşayır. Bax bu ömrü Vətənlə yaşamaq ən gözəlidir. Çünki Vətən kəlməsi mənalı və dərindir. Deyilişi şirin olduğu kimi, məzmunu, qayəsi də yüksək və hikmətlidir. Bizim müqəddəs borcumuz Vətənə  xidmət etmək, hər qarış torpağına sinəmizi sipər edib onu qorumaqdır. Torpaqlarımızın bir hissəsinin düşmən tapdağında olduğu bir vaxtda Vətən bizdən şücaət, hünər gözləyir. Bu gün mən də qanım və canım bahasına  Vətənimizi qorumağa, hər qarışı üçün vuruşmağa hazıram.
Bəli, zabitimizin də dediyi kimi, Vətən sevgisi əbədi və əzəli bir qəlb odudur, heç vaxt öz təravətini itirmir. Elə buna görədir ki, insan bu sevgiyə köklənəndə dünyanın bütün gücü onun qoluna toplanır.
Zabit Y.Zamanov, həmçinin qeyd etdi ki, hər bir zabit Vətəni üçün daha çox çalışmalıdır. "Zabit yaşadığı ölkənin ikiqat vətəndaşıdır. Çünki o həm ölkənin mənafeyi üçün çalışan bir insan, həm də Vətənin keşiyində dayanan, onu gecə-gündüz, isti-soyuq demədən müdafiə edən, lazım gələrsə azadlığı uğrunda şəhid olmağa hazır olan övladdır."
Gənc zabitimiz tabeliyindəki şəxsi heyətə son dərəcə tələbkar və qayğıkeşdir. Onların təlim-tərbiyəsi ilə məşğul olur, vaxtaşırı fərdi söhbət aparır, qayğılarıyla maraqlanır.
Zabitlə söhbətim xoş təəssüratlarla yekunlaşır. Bu cür zabitlərimizlə tanış olduqca fərəhlənirik. Biz də onlara "Vətən sizin kimi oğullara əmanətdir", deyərək, seçdiyi çətin, məsuliyyətli və şərəfli hərbçi həyatında uğurlar arzulayırıq.
Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu"