Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Oktyabr 2017 10:01

Tariximizə söykənib qələbə qazanacağıq

Sübh çağıdı. Dağın yamaclarında görünən obaları arxada qoyub, zirvələrə qalxırıq. Sürücü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İslam Məmmədov təcrübəli və yola bələd olsa da, ehtiyatı əldən vermir.
Dağlara baxıram, zirvələrə qar düşüb. Payız olmağına baxmayaraq qış fəslinin əlamətləri hiss edilməkdədi. Yüksəkliyə qalxdıqca arxada qalan kəndlər ovuc içi kimi görünür. Ətrafa sakitlik çöküb, buludlar sayrışır, bir sözlə, sanki rəssamın yaratdığı əsrarəngiz tablolar ruhumuza sakitlik, duyğularımıza inanılmaz zövq verir.
Bizi müşayiət edən leytenant Mirhüseyn Qasımov kəklikləri görən kimi bildirdi ki, bu dağların yamacı ov heyvanları ilə zəngindir: "Postda olduğum zaman yerləşdiyimiz mövqedən bir qədər aralıda - meşəlikdə iki canavar var idi. Hər gün müəyyən vaxtlarda, əsasən, saat 4-6 radələrində postumuzdan açıq-aydın görünən bir yerdə durur və qəflətən də gözdən itirdilər. Onları seyr etdikcə zövq almaqla yanaşı, bir fikir də məni rahat buraxmırdı - canavarın, bozqurdun bu yerlərdə məskunlaşması torpaqların hansı xalqa məxsus olmasına bir işarə deyilmi?"
Qalxanlı qayaların ətəyindən keçən yolun sonuna yaxınlaşdıqca kor duman ətrafı bürüyür, sürücüyə əlavə çətinlik yaşadır. Buludlar, duman-çən qəribə bir sakitlik gətirib və elə bil biz də bu sakitliyə bürünmüşük. Leytenant Fuad Səfizadənin səsini eşidəndə anladıq ki, deyəsən, bölməyə çatmışıq.
Bölmədə ilk olaraq nəzərimizi səliqə-sahman və ümummilli lider Heydər Əliyevin, Ali Baş Komandan İlham Əliyevin, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun kəlamları - "Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır", "Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcəkdir", "Vətənə, xalqa, dövlətə xidmət - ömrümüzün mənasıdır" fikirləri və bu fikirləri özündə əks etdirən plakatlar cəlb edir. Gördüklərimiz bir daha sübut edir ki, Azərbaycan arzusunda olduğu güclü orduya malikdi, malik olduğu güclü ordunun, xidmətini xalqına və dövlətinə ömrünün mənası hesab edən Ali Baş Komandanın və vətənsevər, cəsur əsgərlərin hesabına torpaqlarımız tezliklə işğaldan azad olunacaq.
- Gördüyünüz mövqe Azərbaycan xalqının tarixini özündə əks etdirən bir abidənin ətrafında qurulub, - deyə leytenant Fuad Səfizadə söhbətə başlayır. - Bu abidə dünya miqyaslı tarixi-memarlıq abidəsi olmaqla yanaşı, Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini özündə əks etdirir. Bizim tariximiz yalnız kitablarda deyil, belə tarixi abidələrdə də yaşayır. Vətəndaş kimi, hərbi qulluqçu kimi borcumuz Vətənimizi, tariximizi sevmək və tarixi sərvətlərimizi qoruyaraq gələcək nəsillərə ötürməkdir. Bu gün əsas borcumuz Vətənin müdafiəsini təmin etmək və zəngin tarixə malik ərazilərimizi düşmənlərdən qorumaqdır. Güclü ordumuzun hesabına bu vəzifənin öhdəsindən layiqincə gəlirik. Bu gün mövqedə dayanan əsgər tarixə söykənərək güc aldığından düşmənə qarşı daha qətiyyətlidir.
Manqa komandiri Rəşadət Osmanov bildirir ki, əsas işimiz əsgərlərimizə silahı, texnikanı öyrətməzdən əvvəl mənsub olduğu xalqın tarixini dərindən mənimsətmək və öz doğma Vətəni ilə fəxr etməyi aşılamaqdır. "Tarixi irsimizi, dəyərlərimizi əsgərlərimizə sevdirmək və bu sahəyə aid bilgilərini artırmaq fəaliyyətimizin tərkib hissəsidir. Bununla yanaşı, biz silah və texnikanı da dərindən öyrənirik, öyrədirik".
Hərbi xidmətə Cəlilabad rayonundan gələn əsgər Mirtosif Cəfərov da söhbətə müdaxilə edir: "Əsgər kimi borcumuz komandirlərimizin sayəsində hərbi biliklərə dərindən yiyələnmək, müasir silah və texnikadan mükəmməl istifadə etməyi bacarmaqdır. Onu yaddan çıxarmırıq ki, müharibədə tək silahla deyil, həm də ideya və ruhla döyüşmək lazımdır. Əsgər öz xalqının savaş tarixini bilmirsə, qəhrəmanlarını tanımırsa, o mübariz ruhlu döyüşçü ola bilməz. Biz söykəndiyimiz tariximizdən güc alıb döyüşürük. Məhz keçən ilin aprel döyüşləri qalibiyyətlə başa çatdı. Aprel zəfəri sübut etdi ki, Azərbaycanın igid və cəsur oğulları, qeyrətli və ismətli qızları yenə ön sıralardadırlar."
Duman yavaş-yavaş çəkilir, bizim də söykənib güc aldığımız tarixi abidə, postun qarşısında səngərə çevrilən qayalıq nəzərimizdən qaçmır. Bu qayalıq Dədə Qorqud filmindəki bir fraqmenti - tarixi qəhrəmanlarımızın əbədiyyətə qovuşduqdan sonra daşa dönərək tarixləşməsi səhnəsini gözümün önündə canlandırır. Bir daha əmin olursan ki, hər bir daşımız tarixi özündə yaşatmaqla bərabər, hər biri bir qəhrəmanın rəmzidir. - Dirsə xan oğlu Buğacdı, Dəli Domruldu, Qanturalıdı, Uruzdu - hər bir daşımız düşmən üçün keçilməz qaladı.
- Bu gün ordumuz günü-gündən güclənir, - deyə əsgər Nemət Qeybullayev də söhbətə qoşulur. - Xalqımızın bizə inamı və güvənci sonsuzdur. Vətənə, xalqa sədaqət bizi qələbəyə ruhlandırır.
Əsgər Elnur Məmmədov isə gənclik taleyində həkk olunan əlamətdar bir gündən danışır. Bildirir ki, təntənəli hərbi and mərasimində də and içmişik ki, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaq, bundan ötrü qanımızı və canımızı əsirgəməyəcəyik. Hər bir silahdaşım da hərbi anda sadiqdi və Şuşa qalasına, Cıdır düzünə üçrəngli Azərbaycan bayrağını sancacağına ümidlidi. Tezliklə arzularımız çin olsun!
...Gün günortaya yaxınlaşır. Havada könlümə yatan bir hərarət var. Bu hərarəti bizə əsgərlərimizin söhbətləri verib.
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR