Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Oktyabr 2017 10:16

“Ehtiyata buraxıldıqdan sonra da Vətənin əsgəriyik”

Gənclər üçün hərbi xidmətin böyük önəmi var. Torpaqlarımızın bir hissəsinin işğal altında olduğu bir şəraitdə, hərbi xidmət keçən gənclər Vətən qarşısında övladlıq borcunun öhdəsindən layiqincə gəlirlər. Gənclərdə vətənpərvərlik hissinin formalaşmasında, cəmiyyətə yararlı şəxsiyyət kimi yetişməsində və mənəvi keyfiyyətlərə yiyələnməsində əsgəri xidmətin rolu danılmazdır. Hərbi xidmət dövründə gənclər milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda, gələcəyin nümunəvi vətəndaşları kimi formalaşırlar. Ordu gəncləri bizimlə söhbətlərində hərbi xidmətin onlara dözümlülük, möhkəmlik kimi keyfiyyətlər qazandırdığını deyirlər.
Əsgər Nicat Hümbətli:
- Hərbi xidmətə Qəbələ rayonundan çağırılmışam. Bu şərəfli yolu uğurla keçdiyim üçün çox sevinirəm. Bu yol hər bir gənc üçün öncə vətəndaşlıq borcudur. Xidmətim dövründə bir çox üstün keyfiyyətlərə yiyələndim, dəyərli dostlar qazandım. Ordumuzun gücünün, müasir silah və texnikalara malik olduğunun şahidi oldum. Həmçinin savadlı, peşəkar komandirlərimiz tərəfindən hərbi bilik və bacarıqlara yiyələndim. Komandirlərimiz bizə hərbi biliklər, nizam-intizam, döyüş hazırlığı öyrətməklə yanaşı, qayğılarımızla da yaxından maraqlanırlar. Tez-tez fərdi söhbətlər aparır, mənəvi-psixoloji hazırlığımızın yüksəldilməsi istiqamətində işlər görürlər. Hərbi hissəmizdə yaradılan şəraitə isə söz ola bilməz. Sosial-məişət şəraitimiz yüksək səviyyədə təşkil olunub. Vətənə borcumuzu uğurla ödəmək üçün belə yüksək şərait yaradıldığına görə Ali Baş Komandanımıza minnətdarlığımı bildirirəm.
Əsgər Orxan Vəliyev:
- Hərbi xidmətə Şabran rayonundan çağırılmışam. Əsgəri xidmətin ən çox sevdiyim cəhətlərindən biri günün nizam qaydasıdır. Mülki həyatda olarkən nə vaxtında qidalanırdıq, nə yatıb-dururduq, nə də ki, idmanla mütəmadi məşğul olurduq. Amma hərbi hissəyə gələndən günün nizam qaydasına uyğun olaraq vaxtlı-vaxtında yatmaq, qidalanmaq və gündəlik idmanla məşğul olmaq əsas vərdişlərimizə çevrilib. Hər gün daha da gümrahlaşdığını hiss edirsən. İndi daha güclü və sağlamam, həmçinin hərbi biliklərə dərindən yiyələnib, vəzifə borclarımı, silahımın sirlərini mükəmməl öyrəndim. Xidmətimi başa vurub ailəmin yanına qayıtdığım üçün sevincliyəm, lakin əsgər yoldaşlarımdan ayrılacağıma görə kədərlənirəm. Cəbhəyə, əsgər yoldaşlarımın yanına qayıtmağa, işğalda olan torpaqlarımızı azad etmək uğrunda onlarla çiyin-çiyinə vuruşmağa hər an hazıram.
Əsgər Yavər Abbasov:
- Hərbi xidmət yaşına çatmış yoldaşlarıma, dostlarıma səslənmək istəyirəm ki, hər bir gənc hərbi xidmət keçməlidir. Bizi bu günə kimi və bundan sonra bir ömür qoynunda bəslyən ana Vətənimizə xidmət etmək hər birimizin müqəddəs borcudur. Guşədə rəsmləri olan Milli qəhrəmanlarımızın hər biri mənim üçün qürur mənbəyidi. Onların qəhrəmanlıqları ilə mənəvi güc tapır, döyüş meydanında onlar kimi şücaət göstərməyin arzusundayam. Bizə əsgəri xidmət zamanı şəhidlərimizin, Milli qəhrəmanlarımızın canı bahasına əmanət edilən Vətən torpaqlarının keşiyində durmaq vəzifəsi tapşırılır. Bu vəzifə hər bir gənc üçün ən şərəfli vəzifədir.
Əsgər Nurulla Atamov:
- Gənc əsgər olduğum dövr hələ də yadımdadır. İlk dəfə sıra hazırlığı keçdiyim gün hərbi formanı geyinib sırada dayanmışdım, əsgər olmuşdum. Həyacanlı idim, sevinirdim də. Komandirimiz sıranın müqəddəs olduğundan, nizam-intizamın sıradan başlandığından danışırdı. Hər kəs komandirə diqqətlə qulaq asır, öyrəndiklərini həvəslə yerinə yetirirdi. Silahdan ilk dəfə atəş açdığım gün də yaddaşımda əbədi həkk olunub. Silahımı doldurub nişan aldım. Çox həyəcanlı idim, hədəfi məhv edib əla qiymət almaq istəyirdim. Nişangahımda hədəfi gördüm. Birinci atəş hədəfdən yan keçdi, özümü topladım. Düşündüm ki, bu cansız hədəf deyil. Torpaqlarımızı işğal edən, dinc əhalimizə divan tutan, Zəhralarımızın canına qıyan düşməndir. Atəş açdım, hədəfi məhv etdim... Bu gün ön xətdə xidmətimi başa vurmağa hazırlaşıram. Artıq təcrübəli əsgərəm və yenidən ordu sıralarına qayıdıb, torpaqlarımızın azadlığı uğrunda döyüşə atılmağa daim hazıram.
Əsgər Yusif Qəmbərli:
- Sumqayıtdanam. Valideynlərimdən, orta və ali məktəbdə keçirilən dərslərdən xalqımızın düşmənlərin təcavüzünə məruz qaldığını, doğma el-obalarını tərk etmələrini öyrənmişəm. Ərazi bütövlüyümüz uğrunda, təpədən-dırnağadək silahlanmış erməni casuslarına qarşı döyüşən xalqımın qəhrəmanlıqlarını eşidərək böyümüşəm. Bunların hamısını eşitdikcə, bildikcə mənim ermənilərə nifrətim artıb. Hər bir əsgər kimi mən də həmvətənlilərimizin qisasını alacağım günü səbirsizliklə gözləyirəm. Azərbaycan Ordusunun əsgəri olduğum üçün fəxr edirəm. Fəxr edirəm ki, xalqımı, millətimi düşməndən qoruyuram. Əsgəri xidmətdə bir daha əmin oldum ki, tezliklə Şuşanı, Xocalını, Laçını və işğalda olan digər rayonlarımızı da düşmən tapdağından azad edəcəyik. Xidmətimin bitməsinə baxmayaraq mən hər zaman əsgərəm, hər zaman Vətənimin keşiyində son nəfəsimə qədər dayanmağa hazıram.
Əsgər Sahib Muradəliyev:
- Hərbi xidmətə Sabunçu rayonundan çağırılmışam. Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz Vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, obamız bu torpaqlardadır. Baba və nənələrimiz bu torpaqlarda uyuyur, ata-anamız bu torpaqlarda addımlayırlar. Nahaq yerə "ana Vətən" sözü işlədilmir. Vətən ana qədər sevimlidir, ana namusu kimi qorunmalıdır. Mən  də fikirləşmədən canımı və qanımı Vətən yolunda fəda verməyə hazıram. Əsgəri xidmət Vətən qarşısında övladlıq borcumuzdur və sevincliyəm ki, bu borcun öhdəsindən layiqincə gəldim.
Əsgərlərlə söhbətimiz zamanı bir daha əmin olduq ki, Azərbaycan əsgəri Vətənini sevir, layiqincə xidmət edir. Üzərinə düşən müqəddəs vəzifəni yerinə yetirməyə hər an hazırdır.
Orxan HÜSEYNLİ, Mahmud MÖHBALIYEV,
foto Namiq PƏNAHOVUNDUR