Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Oktyabr 2017 10:11

Ruh yüksəkliyi qələbənin rəhnidir

Hərbçi peşəsi daha çox istedad, təşkilatçılıq qabiliyyəti, insanların ürəyinə yol tapmaq bacarığı, xeyirxahlıq, Vətənə və xalqa xidmət, vəzifə borcuna sadiqlik tələb edir.
Bu peşənin yolçularından biri də 1989-cu ilin yayında Azərbaycanın dilbər guşələrindən birində - füsunkar Qazax rayonunun Daş Salahlı kəndində dünyaya göz açan baş leytenant Abdurəhman Mancanovdur. O, həyata gözünü açandan hansı səmtə boylanıbsa, uca və əzəmətli dağları görüb. Bu ucalıq, bu əzəmət ruhuna elə hopub ki, böyüdükcə, həyatı dərk etdikcə, Vətəninə, torpağına, əhatəsindəki insanlara, seçdiyi peşəyə sevgisi də artıb. Bu günlərdə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun cəbhəboyu zonada yerləşən hərbi hissələrə səfəri zamanı qiymətli hədiyyələrlə mükafatlandırılan hərbi qulluqçuların sırasında baş leytenant Abdurəhman Mancanovun da adı var.
Görüş zamanı həmsöhbətim aldığı qiymətli hədiyyənin mənəvi dəyərini vurğulamaq üçün məşhur sərkərdə Napoleondan sitat gətirdi. "Bütün müharibələrdə silah ruhla döyüşür və qalib gələn ruh olur":
- Cənab nazirin hərbi qulluqçularımızın döyüş, mənəvi-psixoloji hazırlığı və sosial-məişət şəraiti ilə maraqlanması, döyüşçülərlə səmimi görüşləri yaddaşımdan heç bir zaman silinməyəcək, - zabit dedi. - Etiraf edim ki, Müdafiə nazirimiz ilə görüş gözlənilməz, həyəcanlı, sevincli və qürurlu idi. Təqdim etdiyi hədiyyənin dəyərinə gəldikdə isə qeyd etmək istəyirəm ki, ordunun gücü yalnız onun sahib olduğu texnika və ya təlimlərdə deyil. Əlbəttə ki, döyüşlər zamanı texnikanın rolu danılmazdır. Amma bütün dünya müharibələrində baş verənlər göstərir ki, qələbəni qazandıran insan amilidir, ruh yüksəkliyidir. Bu baxımdan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun mənə və digər hərbi qulluqçulara təqdim etdiyi qiymətli hədiyyələrin dəyəri mənəvi etalonla ölçülür. Bizim üçün bu hədiyyələr ölçüyəgəlməz dəyərə malikdir və bu mükafatları, hərbi hissənin komandiri başda olmaqla, bütün hərbi qulluqçularımıza təqdim olunmuş hədiyyə hesab edirəm.
Söhbət zamanı həmkarım onu da bildirdi ki, döyüşdə qələbənin qazanılması texnika və texnikanı idarə etmək üçün əldə olunan biliklərdən, ruh yüksəkliyindən nə qədər asılıdırsa, bir o qədər də düşmən haqqında məlumatların dəqiqləşdirilməsindən asılıdır: "Ona görə də düşmən daim nəzarətdə olmalı, onun haqqında hər şey araşdırılmalı, dəqiqləşdirilməli, hədəfin xarakteri aydınlaşdırılmalı, düşmən postlarında dayaq məntəqələrinin koordinatları çıxarılmalı və komandanlığa dəqiq məlumatlar verilməlidir. Bundan sonra Qələbənin əsası qoyulur".
- Hər kəsin dəyəri onun Vətənə, torpağa bağlılığı, insanlara sevgisi ilə ölçülür, - deyə həmsöhbətim sözünə davam etdi. - Həyatın, yaşamağın, mübarizə aparmağın özü əsl sevgi deməkdir. Çünki sevgi insanda ikinci ruhdur. Bu ruhun bir zabit kimi məndə formalaşmasında doğmalarımın, xüsusən də torpaqlarımızın azadlığı uğrunda döyüşmüş müharibə veteranı, II qrup Qarabağ müharibəsi əlili olan atamın rolu danılmazdır. Valideynlərimin sayəsində bilirəm ki, insan sevgisi ilə var olur. Hər zaman vətənpərvər oğullarımızın Vətənimizə, torpağımıza olan sonsuz sevgisinin sayəsində uğur qazanacağımıza inanmışam və bu gün də ikiqat inanıram. Həmin sevginin nəticəsidir ki, aprel döyüşləri ordumuzun işğalçı Ermənistan üzərində qələbəsi kimi tarixə düşdü. İllər sonra Qarabağda qazanılan zəfər xalqımıza hədsiz sevinc və qürur hissi bəxş etdi. Bu bir həqiqətdir ki, şəxsi heyətin ruh yüksəkliyi qələbənin rəhnidir. Ali Baş Komandanımızın orduya diqqət və qayğısının, Vətənə olan sevgimizin sayəsində bu zəfər davamlı olacaq.
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR