Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Oktyabr 2017 10:08

Vətən belə qorunur!..

Yenə yolumuz uca zirvələrədir. O zirvələrə ki, orada Vətənimizin müdafiəsində ayıq-sayıq dayanan mərd oğullarımız məskən salıb.
Düşmənin qorxulu kabusuna çevrilən Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən bölmələrində vətənpərvərlik hissi ilə xidmət edən əsgər və zabitlərimiz hər an döyüşə hazırdırlar. Çünki döyüş hazırlığı planına uyğun keçirilən məşğələlərdə bilik və bacarıqları daha da təkmilləşdirilən hərbi qulluqçularımız ən çətin döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlirlər. Ön xətdə artilleriyaçılarımızın dərsində iştirak etdim. Zabit Samir Baqiri minaatan haqqında şəxsi heyətə ətraflı məlumat verərək bildirdi ki, bu qurğu düşmənin açıqda və səngərdə, təpələrin əks yamaclarında, dərələrdə, yarğanlarda yerləşmiş canlı qüvvəsini, atəş vasitələrini məhv etmək və susdurmaq, habelə müşahidə məntəqələrini və atəş vasitələrini susdurmaq, tüstü pərdəsinin qoyulması və ərazini işıqlandırmaq üçün tətbiq edilir. Məşğələ zamanı ötən dərslərdə keçirilmiş mövzular yada salınır, şəxsi heyətin sualları tam dolğunluğu ilə cavablandırılırdı.
Dərsdən sonra artilleriyaçı hərbi qulluqçularımızla həmsöhbət olub, xidmətlə bağlı təəssüratlarını öyrəndim. Zabit Xəyyam Mustafayev, kiçik çavuş Elçin Nadirov və ölkəmizin müxtəlif bölgələrindən hərbi xidmətə çağırılmış Mirsamir Seyidov, Teymur İlyasov, Aydın İsmayılov, Ələkbər Rzayev, Arzu Qurbanov, Sərxan Bağırov və digər əsgərlər ön xətdə xidmət etməyin qürurundan, peşəkar hərbçi kimi səngərlərdə ayıq-sayıq xidmət aparmağın şərəfindən danışdılar. Əsgərlərimizin hər biri Azərbaycanımızın müxtəlif bölgələrindən olsalar da, onları bir amal birləşdirir - Vətənin layiqli əsgəri kimi istənilən anda döyüşə atılaraq düşməni darmadağın etmək.
Əldə silah Vətən torpaqlarının müdafiəsində ayıq-sayıq dayanan əsgərlərimizlə həmsöhbət olmaq adamı daha da qürurlandırır. Artilleriyaçılarımızın fikirləri ilə tanış olduqdan sonra səngərlərə yollanırıq. İlk müsahibim əsgər Eltun Mədətov oldu. Əsgərin hərbi xidmət haqqındakı fikirləri qısa və aydın idi: "Bir gənc kimi düşmənlə üz-üzə mövqelərdə xidmət aparıram. Bu mənim üçün qürurvericidir. Həm də şərəfli əsgər adını qazanmaq mənə ikiqat sevinc və qürur hissi yaşadır".
Digər əsgər Fuad Məhərrəmovun fikirləri isə belə idi: "Buradan valideynlərimə, yaxınlarıma və məni tanıyan hər kəsə salam göndərərək bildirirəm ki, Vətən əmanəti olan biz əsgərlər səngərlərdə torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanmışıq. Keçirilən dərs, məşğələ və təlimlərdə fəal iştirak edərək, bilikli, bacarıqlı, tam hazırlıqlı əsgərlər kimi gücümüzü ikiqat artırırıq ki, həmişə düşməndən güclü olaq, hər bir hiylə və təxribatın qarşısını inamla alaq".
Digər həmsöhbətim isə zabit Elşən Aslanovdur.
- Bir zabit kimi üzərimizə düşən vəzifə tabeliyimizdəki şəxsi heyəti yenilməz döyüşçü kimi formalaşdırmaqdır, - zabit dedi. - Bunun üçün də əlimizdəki bütün imkanlardan istifadə edərək hərbi qulluqçuların peşəkarlığını artırırıq. Bütün bunların nəticəsidir ki, bölmənin əsgərlərindən Əbulfəz Həsənov, Arzu Məmmədov, Vaqif Qasımov və başqaları nümunəvi xidmətləri ilə hər zaman seçilirlər. Onların xidmətlə bağlı təəssüratlarını öyrənsəniz, bir ağızdan deyəcəklər ki, döyüş postlarında, əlimizdə silah Vətənimizin müdafiəsində ayıq-sayıq dayanmaq, düşmənin qorxulu kabusuna çevrilmək böyük şərəfdir.
Artıq bölmədən ayrılmağın vaxtıdır. Şəxsi heyətlə sağollaşıb yola düşürəm. Yolboyu bölmənin hərbi qulluqçularının hər birinin səsləndirdiyi fikirlər, onların vətənpərvərliyi, apardıqları nümunəvi xidmət barədə düşünür və bir Azərbaycan vətəndaşı kimi sevinc, qürur hissi keçirirəm. Çünki ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin hazırda uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün hər bir vətəndaşımız rahat, sabitlik şəraitində yaşayır, Azərbaycan əsgərinə güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi kimi böyük təşkilatlanma yolu keçən Əlahiddə Ümumqoşun Ordu qədim hərb ənənələrinə və mübarizə tarixinə malik olan Naxçıvan diyarının müdafiə qüdrətini özündə yaşadır. Göründüyü kimi, döyüş hazırlığını gündən-günə artıran Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti torpaqlarımızın müdafiəsində cəsarətlə dayanır, ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq müstəqilliyimizin qorunmasında və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında öz vəzifələrini şərəflə yerinə yetirir. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.
Nəriman NƏCƏFOV