Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Oktyabr 2017 09:40

“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”

Ümummilli lider Heydər Əliyev:
Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq. 

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Silahlı Qüvvələrimizin təhsil müəssisələrində çalışan müəllimlərimizin də bu əlamətdar hadisədə payı vardır.
Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək  kimi mühüm vəzifənin öhdəsindən onlar gəlir.
Hər birimiz üçün müəllim doğma və əzizdir. Çünki müəllim bizə təhsil verir, dərs öyrədir, yol göstərir, daim qayğımıza qalır. Buna görə də müəllimlərimizi böyük ehtiram və hörmətlə xatırlayırıq. Öyrəndiklərimizə görə həmişə onlara minnətdarıq.
Müəllimlər cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır.
Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirirdi. Dahi şəxsiyyət öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşıb, onların maddi rifah halının qayğısına qalıb. "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq". 
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə də öz peşəsinə, sənətinə ürəkdən bağlı olan müəllimlər tədris etdikləri fənləri gələcəyin zabitləri olacaq kursantlara sevgi və məhəbbətlə aşılayırlar. Onlar tədris otaqlarına qürur hissləri ilə daxil olurlar. Ona görə ki, sabahın zabitlərinə - Vətənin müdafiəçilərinə dərs deyirlər.
Hərbi liseyin şöbə rəisi polkovnik Elman Namazov da müəllimlər haqqında xoş sözlər dedi. Bildirdi ki, müəllimlərimiz öz işlərinə böyük məsuliyyət və diqqətlə yanaşır, fənləri kursantlara əhatəli və geniş öyrətməyə çalışırlar. Polkovnik söhbətində öz peşəsinə məsuliyyətlə yanaşan müəllimlərdən Aynur Gülməmmədovanın, Mətanət Həsənovanın, İlahə Rüstəmovanın adlarını çəkdi.
Tədris otaqlarına üz tuturuq. Riyaziyyat müəllimi Aynur Gülməmmədovanın dərs dediyi sinif otağının qapısını döyüb  içəri daxil oluruq. Müəllim dərsin mövzusunu şagirdlərə izah edir. Bu vaxt zəng vurulur, kursantlar fasiləyə çıxırlar. Aynur xanımla söhbət edirik. O, müəllimlik peşəsindən böyük sevgi ilə söz açaraq deyir:
- Müəllimlik şərəfli işdir, çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir. Müəllimlik məsuliyyətli işdir, çünki gələcək nəsillərin böyüməsində və tərbiyə olunmasında həlledici rol oynayır. Mən də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə çalışmağımdan qürur duyuram, gələcəyin zabitlərinə dərs deməkdən iftixar hissləri keçirirəm. Teymur Mehtiyev, Vahid Mərdanlı, Qurban Qurbanov və Fərid Cəfərov kimi kursantların müəllimi olmağımla qürur duyuram.

Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey