Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Oktyabr 2017 09:39

“Qəhrəman olacağıq!”

Hərbi xidmətə Lənkərandan çağırılıb. Aprel döyüşlərində orta məktəbdə oxuyurdu. Qələbəyə, Lələtəpə, Bayraqtəpə kimi mühüm mövqelərin düşməndən təmizlənməsinə qədərsiz sevinmişdi. Digər həmyaşıdları kimi yaşının azlığına o da təəssüflənmişdi. "Ağ atlı oğlan" bədii filmini, Muradı xatırlamışdı. Özünü qınadığından kimsənin xəbəri olmamışdı. "Vaxtında Murad ola bilmədim..." - təəssüflənmişdi. Şəhidlərimizə görə o da qəhərlənmişdi. Təsəllisi müəllimlərindən eşitdiyi bir kəlam olmuşdu: "Torpaq şəhidliklə qorunur". Murad Mirzəyevin, Samid İmanovun, digər şəhidlərin qəhrəmanlığı onun da ürəyini dağa döndərmişdi. Özünə də bəlli olmayan duyğular yaşamışdı...
Televiziyadan izlədiyi kadrlar, qəzetdən oxuduğu məqalələr, eşitdiyi söhbətlər onun da ruhunu qələbəyə kökləmişdi. O da qələbə gününün uzaqda olmadığını duymuşdu. Ürəyində məhrəm bir titrəyiş hiss etmişdi. Olmuşları xatırlamışdı... Aprel döyüşlərinin ildönümündən sonra hərbi xidmətə çağırıldı. Həmin gün təsadüfən hərbi xidmətdən təzəlikcə qayıtmış qonşuları Samirlə görüşəndə sevinclə bildirdi ki, hərbi xidmətə gedir. Samir ərklə əlini xətrini əzizlədiyi qonşusunun çiyninə vurdu:
- Sən qələbənin əsgəri olacaqsan, Əli. Sən qələbə qazanacaq əsgərlərin sırasında olacaqsan. Unutma ki, yaxşı əsgər olmağın iki şərti var: sevgi və intizam... Vətəni sevən, Nizamnamələrə ciddi əməl edən əsgərin xətri əzizlənir.
Əli qonşusunun kəlmələrini xeyir-dua bildi...
Əli Salayev yaxşı əsgərdi. Hərbi hissədə hamı onu nümunəvi xidmət edən əsgər kimi tanıyır. Xidmətin ilk günlərində onun da müəyyən çətinlikləri olurdu. Soruşurdu, öyrənirdi. İndi gənc əsgərlər ondan soruşur, ondan öyrənirlər. Onu da bildirdi ki, xidmət etdiyi müddətdə iki dəfə fəxri fərmana layiq görülüb.            
Əsgər olaraq Vətənə xidmətdən qürur duyur. Danışıqlar baş tutmasa, torpaqlarımızı işğaldan döyüşlə azad edəcəyik. Əli də o döyüşlərin iştirakçısı olmaq istəyir. Hərbi xidmətə gələndə müəllimlərinə də, valideynlərinə də, qonşusu Samirə də söz verib ki, hamınıza başucalığı gətirən əsgər olacam. Əsgərin başucalığı qəhrəmanlıqdı...
"Qəhrəman olacam", - demir. “Qəhrəman olacağıq!”  - deyir.
Əsgər Əli Salayev belə xidmət edir...

Əsgər Hidayət POLADOV