Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Oktyabr 2017 09:38

“Həmin günün ərəfəsindəyik”

Ucar rayonunun Boyat kəndində anadan olmuşam. C.Naxçıvanski adına Hərbi Liseydə, sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsil almışam. Xəzəri sevmişəm. Xəzərin dalğalarına çox baxmışam. Mənə elə gəlirdi ki, dünya elə Bakıdı. Sonralar Azərbaycanımızı tanıdım. Tanıdım və Bakı qədər sevdim. Qarabağımızı tanıdım və sevdim. Yuxarı siniflərdə oxuyanda ermənilərin niyə elan etmədən müharibəyə başladığının səbəblərini təfərrüatı ilə bildim. Onların ərazi iddialarının haradan qaynaqlandığını anladım. I Pyotrun vəsiyyətini də oxumuşdum. Veliçkonun kitabını da, A.Puşkinin ermənilər haqqında dediklərini də. Obrazlı şəkildə desək, Vətənimizə dəyən daşların giziltisini ürəyimdə hiss edirdim. Hərbçi olmağı qərara aldım. Valideynlərim istəyimə qarşı çıxmadı. Atamın dedikləri məni daha da ruhlandırdı: "Qərarını çox bəyəndim, oğul. Sən hamımıza başucalığı gətirəcəksən. Səninlə qürur duyacağıq...".
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olduğum günün sevincini heç zaman unutmaram.  Kursant olmağımla qürurlanırdım.
Dərslərdə də, çöl təlimlərində də fəallıq göstərdim - hərbi biliklərə yiyələnirdik. Təkcə müəllimlərimizin mühazirələriylə, öyrətdikləriylə kifayətlənmirdik. Yuxarı kursun kursantlarının köməyindən də bəhrələnirdik...
2013-cü il. Buraxılış mərasiminin təntənəsi digərləri kimi mənim də ömrümün işığına döndü - leytenant idim. Həmin gün atamın çiynimə enən əlinin təmasını ilk hərbi rütbəmə xeyir-dua bildim...
Ön xətdə xidmətə başladım. Müəllimlərimin, komandirlərimin tövsiyələrini unutmamışdım. Yaxşı komandir tələbkar olduğu qədər də ünsiyyətcil, qayğıkeş olmalıdır. İlk gündən bu kəlama əməl etdim. Hər əsgərin timsalında cəbhədaşımı gördüm. Hiss edirdim ki, əsgərlər xətrimi çox istəyirlər...
Dörd ildi xidmət edirəm. Baş leytenantam. Bizim hərbi hissə aprel döyüşlərində iştirak etmədi. O günlərdə ürəyimizdən nələr keçmişdi?!.
Əsgərlərin döyüş hazırlığı yüksəkdir. Onlar təlimdən-təlimə püxtələşirlər, Azərbaycan Ordusunun adına layiq səviyyədə xidmət edirlər. Bir dəfə əsgər Həsən Əkbərovdan soruşdum ki, istəyin nədi? Alnını ovuşdurdu, "Qələbə qazanacaq əsgərlərin sırasında olmaq istəyirəm, komandir", - dedi. Soruşsam, digər əsgərlər də məhz belə deyərdi. Mən zabit olaraq, komandir olaraq əsgərlərimlə fəxr edirəm...
Abdulla Qurbaninin "Lələtəpə fateh"ləri mahnısının təkcə o döyüşlərin iştirakçılarına deyil, Lələtəpə uğrunda döyüşlərin timsalında, ümumən, ordumuza yazıldığını güman edirəm. O qələbə təsdiqlədi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Sülh danışıqları baş tutmasa, biz də döyüşənlərin sırasında olacağıq - özüm Böyük Qələbəni qazanacaq zabitlərin, əsgərlərim qalib əsgərlərin sırasında...
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi bir kəlam bizim də hərbi xidmət amalımızdır: "Azərbaycan bayrağı Şuşada, Xankəndidə, işğal olunmuş bütün torpaqlarımızda dalğalanacaq!". Həmin günün ərəfəsindəyik...

Nüsrət RƏHİMOV