Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Oktyabr 2017 09:35

Ömür yolu

Vətən sevgisi... Kainatın bütün işığını, nurunu qəlblərə köçürən bir sevgi. Belə bir sevgi mücəssəməsi olmuş Vətən övladlarından biri haqqında söz açacam. O,  hər kəsin yaddaşında 37 yaşlı vətənpərvər zabit kimi qalıb. Hər il onun ad günü qeyd olunur, yaşının üstünə yaş gəlir.
Sənan Tahir  oğlu Axundov 29 sentyabr 1979-cu ildə  Füzuli  rayonunda anadan olmuşdu. 1996-cı ildə Bakı şəhərindəki 144 saylı tam orta məktəbi bitirərək, Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmuşdu. 2001-ci ildə "N" hərbi hissəsində xidmətə başlamışdı. 2008-ci ildə Almaniya Federativ Respublikasında Almaniya Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirmişdi.
Müdafiə Nazirliyində məsul vəzifə daşıyırdı. Aprel döyüşlərində təkidlə rəhbərliyə müraciət edərək doğulub boya-başa çatdığı Füzuli bölgəsinə yola düşdü və Lələtəpə yüksəkliyi uğrunda döyüşlərdə şəhid oldu.
Bu günlərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində şəhid polkovnik-leytenant Sənan Axundovun doğum günü qeyd olundu. Tədbirdə şəhidin ailə üzvləri,  kursant yoldaşları da iştirak edirdilər.
Öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbiri humanitar fənlər kafedrasının rəis müavini polkovnik Rəhim Səmədov açaraq şəhid zabitin həyat və döyüş yolu haqqında geniş məlumat verdi. Bildirdi ki, aprel döyüşlərindən illər ötsə də, xalqımız bu tarixi qürurla anıb, qəhrəman oğullarımızı ehtiramla yad edəcək. "Bu qələbə bizləri Qarabağa səsləyən növbəti qələbələrin müjdəçisi oldu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel döyüşlərinə xüsusi önəm verərək, bizim şanlı qələbəmiz olduğunu vurğulaması torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə dair verdiyi mesajdır..."
Məktəb rəisinin müavini polkovnik Elmir İbrahimov çıxışında dedi ki, 2016-cı ilin apreli Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub. "Bu ayda biz şəhidlər verdik, həsrətlə gözlədiyimiz torpaqlara - Qarabağa yolumuz açıldı. Əzəli torpaqlarımıza doğru inamlı addımları Sənan, Murad, Samid, Raquf, ... kimi oğullar öz canları bahasına atdılar. Nə qədər ki, Azərbaycan var, onlar daim xatirələrimizdə yaşayacaqlar. Qəhrəmanlarımızın qısa, amma şərəfli ömür yolu gənclərimizə örnəkdir".
Şəhidin müəllimi, ehtiyatda olan II dərəcəli kapitan Fikrət Axundov illər öncəsinə qayıdaraq Sənanın çox məsuliyyətli, vətənpərvər bir gənc olduğunu xatırlatdı. Qeyd etdi ki, məhz Sənan kimi oğullar Ermənistanın formalaşdırdığı "məğlubedilməz ordu" mifini heçə döndərdi. "Onun şəhidliyi azərbaycanlı zabitin göstərdiyi şücaətin, mərdliyin və qəhrəmanlığın bariz nümunəsidir".
Ehtiyatda olan zabitlər Tərlan Seyfullayev, Nazim Camalov, şəhid atası Yaqub Məmmədov və başqaları da Sənanın yüksək mənəvi keyfiyyətlərindən söhbət açaraq onunla fəxr etdiklərini bildirdilər. 
Gələcəyin zabitləri adından kursant Nadir Quliyev çıxış etdi. O dedi ki, dövlətimizə və içdiyi Hərbi anda sonadək sədaqətli olan Sənan Axundov kimi zabitlərimizin müqəddəs ruhu qarşısında baş əyirik. “Gələcəyin zabitləri olacaq bizlər də Vətən sevgisini onlardan öyrənir, Vətənimizi qorumaq üçün nəzəri və praktik biliklərə daha dərindən yiyələnirik. Biz kursantların ən böyük arzusu belə qəhrəmanlara layiq olmaqdır.”
Kursant yoldaşı polkovnik-leytenant Rasim Əliyev şəhidlə bağlı xatirələrindən, Sənanın atası Tahir müəllimin tez-tez onlara verdiyi tövsiyələrdən, dostluğa, yoldaşlığa necə sədaqətli olmasından danışdı və kövrək hisslərini bölüşdü.
- Aprel döyüşlərindən az əvvəl onun təşəbbüsü ilə bütün qrup yoldaşlarımız görüşə toplanmışdıq, - dedi. - Sənan da arzularından, gələcək planlarından danışdı. Qarabağ, Füzuli iki kəlməsindən birində yer alırdı. Onun "Qarabağı biz mütləq azad edəcəyik. Orada, o torpaqlarda övladlarımızın xoş günlərinin şahidi olacağıq" sözlərini unuda bilmirəm...
- Həqiqi bir şəxsiyyətin həyat yoldaşı olmağımla qürur duyuram, - deyən şəhidin ömür-gün yoldaşı Nəcibə xanım qürurla sözə başladı. - Sənanın  Vətən, torpaq sevgisi sonsuz bir ümman idi. Daim övladlarına deyərdi ki, hansı sənəti seçməyinizdən asılı olmayaraq öncə Vətəni sevin, vətənpərvər olun. Onun üçün vətənpərvərlik ən uca mənəvi rütbə idi. Burada müəllimləri də, kursant yoldaşları da danışdılar, xatirələrini bölüşdülər. Bəli, Sənan daim deyirdi ki, general olacam. Lakin daha yüksək zirvəyə - şəhidliyə qovuşdu. Dövlət rəhbərliyinin şəhid ailələrinə diqqət və qayğısını daim biz də hiss edirik. İnanıram ki, kursantlarımız qəhrəmanlıq eşqi ilə Sənanın, Muradın, Samidin və yüzlərlə şəhidimizin qisasını düşməndən alacaqlar!
Əməkdar mədəniyyət işçisi, şairə Zəminə Xınalı üzünü şəhid zabitin xanımına tutaraq dedi ki,  Azərbaycan qadını sədaqətli, Vətənin sabahı üçün məsuliyyət hissi ilə yaşayan övladlar tərbiyə edib böyüdən anadır, məhz Nəcibə xanım kimi.
Məktəb komandanlığı adından xatirə lövhəsi şəhidin övladları Tahir və Nəzrinə təqdim olundu.
Sonda şəhid zabitə həsr olunmuş "Mənim üçrəngli bayrağım" sənədli filmi nümayiş etdirildi. 

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR