Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Sentyabr 2017 09:37

“Etimadı doğruldacağıq”

Bu gün Azərbaycan güclü orduya, sağlam cəmiyyətə, vətənpərvər millətə və ən əsası dünyada böyük nüfuza malikdir. Müstəqilliyimiz qazanıldıqdan sonra uğurların əldə edilməsində Azərbaycan Ordusunun xidmətləri danılmazdır. Hərbi qulluqçuların fədakarlığı isə daim yüksək qiymətləndirilib, diqqətdən kənar  qalmayıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun hər dəfə ön xətdə yerləşən hərbi hissələrə səfəri zamanı şəxsi heyətin məişət şəraiti ilə maraqlanması və hərbi qulluqçularımızı mükafatlandırması əsgərlər arasında hərbi vətənpərvərlik ruhunu daha da artırır, şəxsi heyətə qələbə əzmi aşılayır.
Müdafiə nazirinin bu yaxınlarda ön xəttə gəlişində mükafatlandırdığı hərbçilərdən biri də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Adil İsgəndərovdu.
Söhbət zamanı hərbi qulluqçu hesab edir ki, uğur qazanmaq üçün zəhmətə qatlaşmaq lazımdı: "Zəhmət çəksən, bəhrəsini görərsən. Uğur qazanmaq üçün komandirlərimizin, silahdaşlarımızın təcrübələrindən yararlanmaq vacibdir. Orduda qazanılan təcrübənin, əldə edilən biliklərin nəticəsidir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun mükafat verdiyi hərbi qulluqçuların arasında mənim və silahdaşlarımın da adı var. Adımın təltif olunanlar sırasında olması sevindirici, qürurverici haldır. Hər zaman nazirin hərbi hissələrə gəlişini, televiziya və mətbuat vasitəsilə izləyirdik. Həmin tarixi anı yaşadığıma, nazirdən qiymətli hədiyyə aldığıma görə özümü xoşbəxt sanıram. Əsas hədiyyə deyil, hərbi qulluqçuya, Azərbaycan əsgərinə verilən dəyərdir. Bundan sonra mənim üzərimə ikiqat məsuliyyət düşür. Müdafiə nazirinin etimadını doğrultmaq əsas vəzifəm olacaq."
- Artilleriyaçı olmaq həm böyük şərəf, həm də böyük məsuliyyət tələb edir, - çavuş dedi. - Əlağa Şıxlinski, Səməd bəy Mehmandarov kimi hərb xadimlərinin davamçıları olmaq şərəfdir. Valideynlərimizin, müəllimlərimizin, yaxşı insanların əhatəsində vətənpərvərlik hissinə yiyələnmişik. Gecəsini gündüzünə qatıb Vətəni qoruyan hər bir hərbi qulluqçuda olan bu hiss bizi məsuliyyətli olmağa səsləyir. 
Söhbət zamanı həmsöhbətim bildirdi ki, keçirilən təlimlərin şəxsi heyətin formalaşmasında rolu böyükdür: "Xidmət dövrü ərzində əsgərlər müxtəlif təlimlərdə iştirak edirlər. Belə demək mümkündürsə, nəzəriyyə praktika ilə başa çatır. Gənc əsgərləri də təlimlərdə öyrədir, döyüş vərdişlərimizi onlara layiqincə  aşılayırıq”.
Təcrübəli çavuşun timsalında səngərdə Vətən keşiyində duran hər bir hərbi qulluqçuya Allahdan cansağlığı diləməyi özümə borc bilirəm. İnanıram ki, əldə olunan biliklərin və qazanılan böyük təcrübənin hesabına düşmən tapdağı altında olan torpaqlarımızı tezliklə işğaldan azad ediləcək.
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR