Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Sentyabr 2017 09:35

“Tapşırıqları yerinə yetirməyə hazırıq”

Silahlı Qüvvələrimizdə döyüş hazırlığının yüksəldilməsi şəxsi heyətin qarşısında duran başlıca vəzifədir. Ön xətdə yerləşən hərbi bölmələrimiz torpaqlarımızı düşməndən qorumaq üçün mütəmadi döyüş hazırlığı ilə məşğul olur. Döyüş postundan qayıdarkən hava qaralmaq üzrəydi. Bələdçimiz zabit Orxan Nəsirov hazırda minaatan batareyada məşğələ keçirildiyini bildirir. Yolumuzu batareyadan salırıq. Düşmənlə çox uzaq olmayan məsafədə şəxsi heyət döyüş tapşırığını yerinə yetirməklə yanaşı, ixtisas və taktiki hazırlığın yüksəldilməsilə də məşğul olur.
- Hazırda 82 mm-lik minaatanların gecə atışına hazırlıq işləri üzrə vərdişlərin artırılması məşğələsi keçirilir, - bizimlə söhbətində zabit Abbasəli Alıyev dedi. - Başlıca vəzifəmiz döyüş tapşırığının yerinə yetirilməsidir. Bu səbəbdən də mütəmadi olaraq şəxsi heyət komandanlıq tərəfindən müəyyən edilmiş döyüş hazırlığı planına əsasən nəzərdə tutulan tədbirləri ardıcıl yerinə yetirir. Erməni hərbçiləri ayıq-sayıq dayanan əsgərlərimizin yüksək döyüş ruhundan qorxuya düşür. Çünki düşmən atəşkəsi hər dəfə pozanda əsgərlərimiz onlara layiqli cavab verir. Bu da yüksək səviyyəli döyüş hazırlığının nəticəsidir. Hər bir əsgər, eləcə də kiçik komandir heyəti bilir ki, döyüşə hazır olmayanda məğlubiyyətdən yaxa qurtara bilməz. Bunu dərk edən bütün hərbi qulluqçular həm Vətən keşiyində durmaq, həm də döyüşə hazır olmaq vəzifəsinin öhdəsindən gəlmək üçün öz bacarıqlarını artırırlar.
Bölmələrdə əsgərlərin mənəvi-psixoloji hazırlığının artırılması da diqqət mərkəzindədir.
- Psixoloji cəhətdən döyüşə hazır olan əsgər müharibə meydanında ən çətin vəziyyətdə düzgün qərar vermək iqtidarındadır. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına cavabdeh zabit kimi ictimai-siyasi hazırlıq dərslərinin mütəmadi keçirilməsinə, mövzuların dolğun və səlis olaraq əsgərlərə çatdırılmasına xüsusi diqqət edirəm. Vətənini sevən əsgər ən müasir silahdan belə güclüdür, - Orxan Nəsirov dedi.
Təsdiqlənmiş tədbirlər planına əsasən, gecə atışlarına hazırlıq vərdişlərinin artırılması da şəxsi heyətə aşılanır. Zabit və əsgərlər döyüş şəraitinə uyğun olaraq öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyə çalışırlar.
- Ön xətdən bir qədər arxada mövqe tutduğumuz üçün döyüş hazırlığını artırmaq məqsədilə mütəmadi məşğələlər keçirik, - leytenant Ayxan Hüseynli bildirir. - Dərslər planlaşdırılmış qaydada həyata keçirilir. Şəxsi heyət ixtisas, atəş və taktiki biliklərini təkmilləşdirir. Gördüyünüz kimi, hazırda minaatanların gecə məşğələsi keçirilir. Müharibə zamanı nisbətən arxada yerləşən bölmənin gecə vaxtı həyəcan siqnalı ilə müəyyən edilmiş əraziyə çıxması, öz mövqelərini tutub düşmənə zərbələr endirməsi məşq edilir.
Şəxsi heyətin öz vəzifəsinə dərindən bələd olması, çevikliyi və verilən tapşırığı dəqiq icra etməsi, batareyanın ekstremal vəziyyətlərə hazır olduğunu göstərir. Təsadüf deyil ki, batareya hərbi hissənin qabaqcıl bölmələri sırasındadır.
Məşğələdə fərqlənən heyətlə həmsöhbət oluruq.
- Komandiri olduğum minaatan heyəti verilən tapşırığı normativə uyğun yerinə yetirməyə hazırdır, - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elsevər Gəncəvi deyir. - Məşğələnin mövzusuna uyğun olaraq heyət şəklində verilən tapşırığın öhdəsindən layiqincə gəlirik. Döyüş zamanı insan amili önəmli faktor olsa da, hərbi texnikamız da müasirdir. Bununla yanaşı, batareyanın bacarıqlı zabitləri, həmçinin hərbi hissə komandanlığının daimi olaraq məşğələlərə nəzarət etməsi bizi daha səylə çalışmağa sövq edir. Bir sözlə, minaatan heyəti olaraq qarşıya qoyulan tapşırığı yerinə yetirməyə qadirik.
Əlbəttə, hər bir əsgər işğalda olan torpaqlarımızın düşməndən tezliklə azad edilməsinin fərqindədir. Bu səbəbdən də Azərbaycan əsgəri döyüş meydanında qalib olmağa hazırdır. Abbasəli Alıyev, Ayxan Hüseynli kimi savadlı zabitlərin köməyi sayəsində şəxsi heyət gündən-günə döyüş hazırlığını artırır.
Eyni zamanda Kərəm Qələndərov, Sənan Yusibov, Elnur Pənahov, Rəsul Quluzadə kimi bacarıqlı əsgərlər var olduqca Vətən torpağı heç bir zaman darda qalmayacaq.
Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR