Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Sentyabr 2017 11:13

“Anaların arzusunun əsgəriyik”

Ana övladını böyüdüb boya-başa çatdırır. Gələcək həyat yolunun müəyyənləşməsində də ananın rolu əvəzsizdir. Biz ilk tərbiyəni ondan alırıq. Anaların öyüd-nəsihətləri dünyagörüşümüzün formalaşmasında mühüm rol oynayır. Vətən sevgisini bizlərdə uşaq yaşlarımızdan formalaşdıran da anadır.
Ana bizləri böyüdür ki, bizi anamız kimi qoynuna alan, anamız bildiyimiz, ana dediyimiz Vətənimizin keşiyində dayanaq.
Ruhumuzun qidası olan Vətənimizi qoruyan, oğullarımızın əhatəsində onlara xidmət edən ana və bacılarımızı görmək bizə könül xoşluğu verir. Hərbi hissələrin yeməkxanalarında, camaşırxanalarında çalışan qadın mülki və hərbi qulluqçularımız Vətənin keşiyində dayanan mərd oğullarımıza  ana qayğısını əsirgəmirlər.
Ön xətdə yerləşən "N" hərbi hissəsinin artilleriya divizionunun yeməkxanasında bizi müşayiət edən yeməkxana növbətçisi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şirxan Aydınlı hazırlanan yeməklər barəsində qısaca məlumat verdi. Standartlara uyğun əsgər yeməkxanası ilə ilk tanışlıqdan əmin olduq ki, burada səliqə-sahman, əsgərlərin gündəlik qidalanması lazımi səviyyədədir. Xüsusi geyim forması ilə diqqəti çəkən qadın mülki qulluqçulardan birinə yaxınlaşdıq.
- Bu gün Azərbaycan Ordusunun sıralarında xidmət edən qəlbi Vətən sevgisi ilə döyünən oğullarımıza qayğı göstərmək borcumuzdur, - deyə 2 ilə yaxındır ön xətdə yerləşən hərbi hissədə aşpaz kimi çalışan Sara Ələkbərova söhbətə başladı. Hazırladığımız yemək çeşidlərinin hamısı milli mətbəximizdəndir. Səhər, nahar və şam yeməkləri ayrı-ayrı menyulara uyğun olaraq hazırlanır. Qida rasionuna süd, bal, yağ, cem, ət, kartof, düyü, qarabaşaq, balıq, şirniyyat növləri, təbii meyvə şirələri  və s. daxildir. Biz hazırladığımız yeməklərə ana şəfqəti, ana sevgisi qatırıq ki, onlar əsgər balalarımızın analarının bişirdiyi yeməklərdən fərqlənməsin.
Aşpaz Raisə Qarayeva  həmkarının fikirlərini təsdiqləyərək bildirdi ki, o da anadır, bir oğlu var. Mənəvi olaraq yüzlərlə, minlərlə oğulun anasıdır. "Burada işlədiyim müddətdə çalışmışam bişirdiyimiz yeməklər əsgərlərimizin ürəyincə olsun, şadam ki, ona da nail ola bilirik. Onlardan ana kimi bir istəyimiz, bir gözləntimiz var. Vətən torpağının keşiyində hər zaman şərəflə dayansınlar. Oğullarımızın hünəri, şücaəti xalqımız üçün fəxr və qürura çevrilsin. Qoy, Azərbaycan Ordusunun qarşısında duran vəzifələr tezliklə gerçəkləşsin. Azərbaycan əsgəri gündəlik tapşırıqları yerinə yetirməklə torpaqlarımızı işğaldan azad etməyə hazır olsun..."
Bu fikirləri bütün anaların arzusu hesab edirəm. Böyük ümidlə, inamla deyirəm ki, tezliklə Qələbə xəbəri eşidəcəksiniz. Əsgərlərimiz anaların arzusunun əsgəridi.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"