Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Sentyabr 2017 11:12

Vətənin bir parçası

Vətənin keşiyini çəkmək, hər an döyüşə hazır olmaq, qəhrəmanlıq göstərmək Azərbaycan əsgərinin xarakteridir. Hərbi xidmət Vətən qarşısında müqəddəs borc və şərəfli vəzifədir.
Hərbi hissələrdən birində komandirlərin nümunəvi xidmətindən razılıqla söz açdığı mühafizə taboru fəxri qarovul bölüyünün əsgəri İbrahim Məmmədovla söhbətləşdim. 
Hərbi xidmətə Cəlilabad rayonundan çağırılıb. Xidmətdə olduğu on dörd ay ərzində komandirlərinin və əsgər yoldaşlarının hörmətini qazanıb. Nümunəvi əsgərimiz ordu həyatının həyat  məktəbi olduğunu xatırlatmaqla deyir: "Sevə-sevə verdiyimiz bu müqəddəs borc hər birimizi fiziki və mənəvi-psixoloji cəhətdən formalaşdırır, möhkəmləndirir, mətinləşdirir. Məhz buna görə hərbi xidməti kişilik məktəbi adlandırırlar."
Bu bir həqiqətdir ki, hərbi xidmətin müsbət təsirləri bir müddət sonra, mülki həyatda hiss edilir. 
İbrahim ilk dəfə əsgər formasını geyinəndə daxilində çox böyük qürur, məsuliyyət hissi yaranıb. Əsgər qürurla deyir ki, uşaqlıqdan bəri qurduğum xəyallar gerçəkləşmişdi. "Komandirlərimiz sıra hazırlığı məşğələləri keçirlər. Döyüş vərdişlərinə və hərbi biliklərə mükəmməl yiyələnməyimiz üçün diqqət və qayğılarını əsirgəmirlər. Günlər, həftələr keçdikcə səriştəm daha da artır. Hərbi vəzifəmin öhdəsindən layiqincə gəlməyə çalışıram və Ali Baş Komandanın verəcəyi hər bir əmrə həmişə hazıram. Komandirlərimin etimadını qazandığıma görə ailəmə təşəkkür məktubu göndərilməsi mənə ruh yüksəkliyi verib".
Hərbi and içdiyi günü həyatının unudulmayacaq hadisəsi adlandıran əsgər deyir ki, Vətən sevgisi heç nə ilə müqayisə edilməz. “Bu sevgini mən də daim əməllərimlə, gördüyüm işlərlə sübut edəcəm...".
Əsgər İbrahim Məmmədov müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarında qalaraq Vətənimizə şərəflə xidmət etmək arzusunu da bizimlə bölüşdü: "Sonrakı həyatında da şanlı ordumuzun sıralarında Vətənə xidmət yaşam amalımdı".   
Əsgər Vətəni qoruya-qoruya hiss edir ki, Vətənin bir parçasıdır. Bu günün əsgərləri  sələflərinin yolunu davam etdirir və torpaqlarımızı göz bəbəyi kimi qoruyaraq sabahın əsgərinə müqəddəs əmanət kimi ötürəcək...

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"