Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Sentyabr 2017 11:09

Ali Baş Komandan İlham ƏLİYEV: Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır

General-mayor Rasim ƏLİYEV,
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi tədbirlər planına əsasən, həyata keçirilən islahatlar nəticəsində ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığı kifayət qədər yüksəlib.
Elmi əsaslarla aparılan ordu quruculuğu yeni mərhələdə inkişaf edir. Silahlı Qüvvələrimiz müasir döyüş texnikaları və silahlarla təmin edilib. Hərbi hissələr üçün inzibati binalar inşa olunub, şəxsi heyətə bütün gərəkli şərait yaradılıb. Ali Baş Komandanın tələb və göstərişləri əsasında həyata keçirilən irimiqyaslı təlimlər Silahlı Qüvvələrimizin döyüş və mənəvi-psixoloji hazırlığını tamamlayır. Ən müasir silah və texnika ilə təmin edilən, hərtərəfli təchizata malik olan Azərbaycan Ordusunun Cənubi Qafqazda güclü ordu olduğunu beynəlxalq hərbi təşkilatlar və ekspertlər də etiraf edirlər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordu quruculuğunun bundan sonra daha intensiv inkişaf etdiriləcəyini, dövlətin hərbi potensialının artırılacağını daim bəyan edir: "Orduya diqqət Azərbaycan dövlətinin prioritetidir... Bizim ordumuz bizim qürurumuzdur... Biz bundan sonra da orduya, ordu quruculuğuna, hərbçilərə olan diqqəti artıracağıq...".
Dünya ictimaiyyəti, dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin illərdən bəri davam etdiyini də görür, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli, dönməz mövqeyini də dərk edir: torpaqlarımız işğaldan azad edilməlidir! İstər Ermənistan, istərsə də dünyanın aparıcı dövlətləri BMT-nin məlum dörd qətnaməsi icra edilməzsə, bu qətiyyətin nə ilə nəticələnəcəyini də yaxşı bilir. Dövlətimizin rəhbərliyi bu münaqişənin həlli istiqamətində öz mövqeyini 2016-cı ilin aprel döyüşlərindən sonra bir daha bildirmişdi: "Biz müharibə istəmirik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun". Bu bəyanat Azərbaycanın bəşəri dövlət olduğunun təsdiqi idi.
"Sülh istəyən dövlət müharibəyə də hazır olur" tezisi Azərbaycan üçün birmənalı şəkildə prioritetdir. Azərbaycan müharibəyə hazırdır. Silahlı Qüvvələrimizin şəxsi heyəti Ali Baş Komandanın əmrini qələbəylə başa çatdırmağa qadirdir.
Torpağı işğal olunmuş dövlət münaqişənin sülh yolu ilə həllinə tərəfdardır, işğalçı dövlət yox. Azərbaycan Respublikasının Prezidenti danışıqların davam etdirilməsini istəyir, Ermənistan rəhbərliyi danışıqlardan yayınmağa, indiki status-kvonu saxlamağa çalışır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bunun Azərbaycan dövlətçiliyi üçün yolverilməz olduğunu qətiyyətlə bildirib: "Azərbaycan xalqı və Azərbaycan dövləti öz torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəkdir". Bu  qətiyyət birmənalı şəkildə torpaqlarımızın işğaldan azad ediləcəyinə verilən zəmanət, Ermənistana, onun havadarlarına verilən bəyanatdır. Ermənistan bu bəyanatdan nəticə çıxarmalıdır.
Prezident, Ali Baş Komandan cənab İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxışında da Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə sadiq olduğunu, işğalçı Ermənistanın regionu daha ağır təhlükələrə sürüklədiyini bildirərək deyib: "Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır". Dövlətimizin rəhbəri bu yüksək tribunadan onu da bildirib ki, Emənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq. Bu qətiyyət dövlətimizin, xalqımızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə qəti münasibətdir. Azərbaycan Prezidentinin çıxışı münaqişənin təxirəsalınmadan, ölkəmizin ərazi bütövlüyü qorunmaqla həlli istiqamətində tələb kimi dəyərləndirilir. Şübhəsiz ki, bu çıxış Silahlı Qüvvələrimizin şəxsi heyətinin döyüş ruhunu daha da yüksəldəcəkdir.
Dövlətimizin başçısı cənab İlham Əliyevin bu çıxışı Ermənistan rəhbərliyini ciddi düşündürməlidir. Onlar bilməlidir ki, sülh danışıqlarından yayınmaqla, indiki status-kvonu saxlamağa cəhd göstərməklə müharibə üçün şərait yaradır. Müharibə isə çətin durumda olan Ermənistanın daha da ağır itkilərə məruz qalması ilə nəticələnəcəkdir. Erməni əsgərinin Azərbaycan əsgəri ilə müqayisədə çox zəif olduğunu erməni əsilli hərbi ekspertlər də etiraf edirlər.
2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun döyüş hazırlığının səviyyəsini, şəxsi heyətin mənəvi ruhunu, ordu ilə xalqın birliyini, torpaqlarımızı işğaldan azad etməyə qadir olduğumuzu təsdiqləmişdi. Prezident cənab İlham Əliyev bu məqamları ümumiləşdirərək demişdi: "Bu, bir daha dövlətimizin, ordumuzun gücünü göstərir... Biz istənilən vaxtda məsələni hərbi yolla həll edə bilərik". Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxışı da məhz bu bəyanatın məntiqi davamıdır: "Sülh danışıqları baş tutmasa, Azərbaycan torpaqlarını döyüşlə azad edəcək. Ordumuz buna qadirdir!.."
Azərbaycan Prezidenti  ikili standartlara görə beynəlxalq təşkilatları böyük cəsarətlə günahlandırdı, "despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğrayan, uzun illər ərzində beynəlxalq hüququ pozan, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı dövlətlərinin bəyanatlarına məhəl qoymayan" Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul olunmasını israrla tələb etdi, "təcavüzkara münasibətdə bu cür siyasətin ədalətsizlik olduğunu" bildirdi. Bu cür cəsarətli, qətiyyətli çıxış azərbaycançılıq mövqeyinin, böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasətinə sədaqətin təzahürüdür.
Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında "Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını dalğalandırmaqdır. Budur, bizim məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik" deyən Azərbaycan Respublikasının Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin BMT-nin məlum tədbirində səsləndirdiyi "Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır" qətiyyətli bəyanatı tələb kimi qəbul edilməlidir. Bu tələb təkcə Ermənistana deyil, beynəlxalq təşkilatlara da ünvanlanıb...
Azərbaycan Ordusunun hər əsgəri, hər zabiti üçün bir ucalıq var - Vətən ucalığı. Hər biri üçün bir müqəddəslik var - Vətən. Hər biri üçün bir and var - Vətən andı. Bunlar kifayət qədər yüksək döyüş hazırlığına malik olan Azərbaycan Ordusunun həm də mənəvi-psixoloji hazırlığının təsdiqidir. Bu ordu Azərbaycan Prezidentinin hər bir əmrini hər an yerinə yetirməyə hazırdır!..