Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Sentyabr 2017 11:08

Siz qalib gələcəksiniz!

Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyir. Gözləyir ki, o əmri qələbəylə yerinə yetirsin, ata-baba torpaqlarımızı düşmən tapdağından azad etsin, illərdir sinəmizi dağlayan el-oba həsrətinə son qoysun.
Azərbaycan əsgərlərinin görüşünə tələsirik.  Mərdlik görməyə, cəsarət görməyə, bizə könül xoşluğu verəcək Vətən sevgisini görməyə. Bu sevgi səngərlərdə  daha əzəmətlə görünür. Bu sevgi səngərləri yaxın vaxtlarda dövlət sərhədlərimizə köçürəcək!..
Şəxsi heyətlə iş üzrə bölmənin zabiti Ruslan Novruzov əsgərlərin yüksək döyüş ruhunda olduğunu və uğurlu xidmət etdiklərini deyir:
- Əsgərlərimiz öhdələrinə düşən məsuliyyəti dərk edir, ayıq-sayıq xidmət aparırlar. Düşməni daim nəzarətdə saxlayırlar.  Hər birinin döyüş hazırlığı, döyüş ruhu, taktiki bilikləri yüksək səviyyədədir. Təhkim olunan silahlardan istifadə etməyi mükəmməl bacardıqları kimi, silahlarına vaxtlı-vaxtında qulluq edir, döyüşə daim hazır vəziyyətdə saxlayırlar.
... Döyüş postunda başqa bir ab-hava var. Vətən qoxusu var səngərlərdə. Qəhrəmanlıq var, igidlik, mərdlik var. Vətənə sevgi, sadiqlik, düşmənə qəzəb duyulur burada. Bir də gözlərdə həsrət var. Bu həsrət torpaq həsrətidi. Bu həsrət tezliklə dinəcək. Buna hamı kimi mən də əminəm. O gün yaxındadır. Bu əminliyi bizə yaşadan Azərbaycan əsgəridir.
...Çavuş Akif Süleymanov postda hər şeyin qaydasında olduğunu deyir. 2007-ci ildən ordu sıralarında xidmət edir. Bizi postun ərazisi ilə tanış edir. Təhlükəli istiqamətləri, torpağın yaşıllaşdığı, gül-çiçəyin ləçəklədiyi bu fəsildə qap-qara əraziləri göstərir. "İşğalda olan torpaqlarımızdır, ermənilər yandırıblar. Bol məhsul verən torpaqlar istidən qovrulur. İnşallah, tezliklə o torpaqları işğaldan azad edəcəyik. Yenidən o torpaqlar şumlanacaq, əkilib-becəriləcək. Torpağa yeni can gələcək, yaşıllaşacaq, çiçək açacaq", - Akif deyir.
...Baxdıqca heyrətlənirsən. Torpaqlar bizə, biz torpaqlarımıza susamışıq. İllərdir həsrətimizlə yaşayırıq. Aprel döyüşlərində bu həsrətə az da olsa su çiləndi. Qələbəmiz bir daha sübut etdi ki, Azərbaycan Ordusu istənilən an düşməni məhv etməyə qadirdir və torpaqlarımızın bir qarışını belə işğalda qoymayacaq...
Səngərlər qala kimi keçilməzdir. Bu qalanı yaradan hər bir əsgər mərddir, qorxmazdır, vətənpərvərdir. Döyüş postunda dayanır, mərdliklə xidmət edir, onlara güvənənləri qoruyurlar. Əllərini sıxıram...
Döyüş növbəsində dayanan əsgər Murad Şıxməmmədov hərbi xidmətə Quba rayonundan çağırılıb. Atıcıdır. Bir ildən çoxdur xidmət edən təcrübəli əsgər hərbi xidmətinin uğurla davam etdiyini deyir:
- Əsgər olmaq, Vətən borcunu layiqincə yerinə yetirmək, döyüş bölgəsində səngərdə dayanmaq, bir gənc üçün böyük sevincdir. Mən dövlətimiz və ordumuzla fəxr edirəm. Azərbaycan xalqı rahat və firavan yaşasın, mən və mənim kimi əsgərlər düşmən qarşısında mətin dayanmışıq. Onlar bir addım belə irəli gələ bilməz. Təxribata cəhd etdikləri anda onları məhv edərik.
...Məhz Azərbaycan Ordusu ona görə güclüdür ki, əsgərinin döyüş ruhu yüksəkdir. Ordumuz silah və texnikası  ilə yanaşı, Vətəni üçün canını qurban verməyə hazır olan əsgərləri ilə fərəhlənir. Ordu sıralarında xidmət edən hər bir  zabit, gizir, əsgər xalqına, dövlətinə ürəkdən bağlı vətəndaşdır, torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşməyə hazır igidlərdir.
Əsgər Bəhlul Əliyev  hərbi xidmətə Saatlı rayonundan çağırılıb. Atıcıdır. "Vətən mərd oğulların çiyinləri üstə yüksələr", - əsgər deyir. - Bir əsgər kimi mən də layiqli xidmət etməyə çalışıram. Ana Vətənim Azərbaycanı çox sevirəm. Vətən sevgisi isti ana qucağından, beşikdən, bizi dünyaya gətirən anamızın dilindən başlanır. Vətən mənim kimi, minlərlə oğula, qıza, yaşlıya, cavana qucaq açır, qoynunda bəsləyir. Vətənə göz dikənləri susdurmaq bu gün bizə tapşırılıb. Vətən bizdən hünər gözləyir. Ana yurdum uğrunda canımdan da keçməyə hazıram.
...Səngərlə irəlilədikcə əsgərin dediyi sözlər mənə Abbas Səhətin "Vətəni sevməyən insan olmaz, olsa, ol şəxsdə vicdan olmaz"... misralarını xatırladır. Vətən sevgisini söhbətləşdiyim hər bir əsgərin dilindən eşitmək bir daha sübut edir ki, Azərbaycan Orudusunun əsgərləri Vətənini sevir, ona ürəkdən bağlıdır.
...Əsgər Cavad Nağızadə düşmənin daim nəzarətdə olduğunu bildirir. Hərbi xidmətə Biləsuvar rayonundan çağırılıb. Atıcıdır. "Bir gənc kimi sevincliyəm ki, Vətən qarşısında borcumu layiqincə yerinə yetirib ailəmin yanına başıuca qayıdıram. Lakin,  xidmətim bitmir, mən hər zaman əsgərəm. Torpaqlarımız işğal altındadır və hərbi xidmətini başa vuran hər gənc kimi mən də döyüş əmri gözləyirəm. Həmin gün Böyük Qələbəmiz uğrunda döyüşə atılacam", - deyir əsgər Nağızadə.
O günə az qalıb, Cavad. Sənin kimi mərd əsgərlərimiz qələbə sevincini yaşadacaq Azərbaycan xalqına. Düşmən sizlərin gözlərində alovlanan nifrət atəşində yanacaq o gün. O gün Mübarizlərin, Fəridlərin, Raqufların, Zəhraların intiqamı alınacaq, üçrəngli bayrağımız Qarabağın hər yerində qürurla dalğalanacaq... Səngərdə əlini sıxdığım igidlərin özləri də, baxışları da belə deyir.     
Əsgər Cəmil Abbaslı hərbi xidmətə Lənkəran rayonundan çağırılıb. Vətənə sevgidən söz açır əsgər. “Vətənin müdafiəsinə daim hazır olmaq bizim borcumuzdur”, - deyir: - Mən də ailədə, məktəbdə həmişə  Vətənə sevgi hissi ilə tərbiyə olunmuşam. Lakin əsgər  olmaq, gecə-gündüz səngərdə dayanmaq, Vətənə sevginin nə olduğunu daha dərindən öyrədir. Ailən, sevdiklərin rahat yatsın deyə sən gecəni yatmırsan, onları qoruyursan. Həm də tək öz ailəni yox, minlərlə Azərbaycan ailəsini qoruyursan. Xalqının sənə güvəndiyini, arxalandığını duyanda hiss edirsən ki, bunlar bir oğul üçün ən böyük fərəhdir, sevincdir.
...Azərbaycan xalqı sizə güvənir. Bağçaya gedən uşaq da, nəvəsini əzizləyən qoca da - hər kəs sizə minnətdardır. Onlar sizin gücünüzə inanır. İnanır ki, aprel döyüşlərində düşmənə qan udduran ordumuz torpaqlarımızın qalan hissəsini də tezliklə geri qaytaracaq.
Xalqda bu inamı, güvənci hiss etdirən  daha bir mərd əsgəri  tanıdım. Əsgər Murad İbrahimov hərbi xidmətə Şabran rayonundan çağırılıb. Tuşlayıcıdır. İti və sərt baxışlarında düşmənə nifrət hissi sezilir. Murad "erməni əsgərləri ölmək istəmirlərsə, torpaqlarımızı tərk etsinlər", - deyərək sözə başlayır.
- Əsgəri xidmət keçmək hər bir Azərbaycan gənci kimi mənim də ən böyük arzum olub, -  əsgər deyir. - Bu gün çox sevincliyəm ki, arzuma çatmışam, əsgər olmuşam. Həm də ön xətdə, döyüş postundayam. Qürurlanıram ki, düşmən qarşısında qorxmadan dayanmışam. Ali Baş Komandanın döyüş əmri gələn kimi pulemyotumla daş üstə daş qoymaram. Bir nəfər də olsa hədəfimdən yayınmaz. Əgər ölmək istəmirlərsə ata-baba torpaqlarımızı öz xoşlarına tərk etsinlər.
Söhbətimizi yekunlaşdırırıq. Murad döyüş növbəsini əsgər Ayaz Qarayevdən təhvil alır. Araz hərbi xidmətə Nəsimi rayonundan çağırılıb. Bir ilə yaxındır xidmət edən təcrübəli əsgər, postun ərazisində olan şəraitdən danışır. "Gördüyünüz kimi postumuzda hər cür şərait yaradılıb. Heç nədən korluq çəkmirik. Komandirlərimiz də bizə valideyn qayğısı göstərir. Yüksək əhval-ruhiyyədə xidmət edirik. Üzərimizə bircə vəzifə düşür: məsuliyyətli olmaq, döyüş növbəsində ayıq-sayıq dayanmaq. Bu vəzifənin öhdəsindən gəlməyi hər birimiz müqəddəs borc bilirik", - əsgər Qarayev deyir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çıxışlarının birində dediyi, "Vətəni müdafiə etməyə çalışan hər bir vətəndaş, hər bir gənc bizim üçün əziz, qiymətli və dəyərlidir" sözləri hər bir əsgərimizə, Vətəni can-başla qoruyan gəncə verilən ən yüksək qiymətdir. Əsgərlərimiz də onlara göstərilən diqqət və qayğıdan fərəhlənir, xidmətdə daha da nümunəvi olmağa çalışırlar. Azərbaycan əsgəri qətiyyətlidir, güclüdür, vətənsevərdir. Hər biri hərbi anda sədaqətlidir, qorxmazdır, mərddir. Xüdahafizləşirəm... Tezliklə onlardan qələbə reportajı hazırlamaq arzusu və inamı ilə!..
Siz qalib gələcəksiniz, Azərbaycan əsgəri!

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR