Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Sentyabr 2017 09:47

“İstənilən tapşırığı yerinə yetirməyə hazırıq”

Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, nə qədər ki, bu ərazi işğaldadır, biz rahatlıq tapa bilmərik. Vətənini, millətini, torpağını sevən hər bir azərbaycanlının köksündə Qarabağ adlı bir dərd döyünür. Onunla təsəlli tapırıq ki, bu yurdu işğaldan azad etməyə hazır olan oğulların sayı yüzlərlə, minlərlə deyil, on minlərlədir.
Belə oğullardan biri də Lerikdə müəllim ailəsində dünyaya göz açan gizir Amid Seyfullayevdir. Hələ uşaq yaşlarında müharibənin nə demək olduğunu dərk edən, ağrılı-acılı, qanlı-qadalı müharibə dövrünün canlı şahidi olan balaca Amid bir gün böyüyüb düşməndən qisas alacağına and içir. Amidlə söhbət edərkən məktəb illərindən yadigar qalan bir xatirəsini bizimlə bölüşür:
- 5-ci sinifdə oxuyurdum. Azərbaycan dili müəllimi inşa yazmağı tapşırmışdı. Mövzu isə Vətən sevgisi idi. Rəsm çəkmək qabiliyyətim var deyə dərslərdə fərqli şəkillər çəkirdim. Sonda müəllim inşaları yoxlamaq üçün dəftərlərimizi yığdı. Mənim bayraq, gerb və əsgər şəkilləri çəkdiyimi görəndə əsəbləşəcəyini düşündüm. Lakin müəllim mənə yaxınlaşıb Vətən sevgisini belə gözəl təsəvvür etdiyim üçün saçlarıma sığal çəkdi və mənə əla qiymət yazdı. Vətən sevgisi iki kəlmədən ibarət adi sözlər deyil, bu anaya olan məhəbbətimiz, doğulub boya-başa çatdığımız yurda bir övlad sevgimizdi.
Amid orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılır. 2006-2007-ci illərdə Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrdən birində xidmətə başlayır. Ön xətdə xidmət edən Amid nizam-intizamı, döyüş vərdişlərinə yiyələnməsi ilə komandirlərinin rəğbətini qazanır. Çünki o da bilirdi ki, sülh danışıqları baş tutmasa, torpaqlarımızı döyüşlə işğaldan azad etməliyik. Buna görə digər əsgərlər kimi döyüş texnikalarının, atıcı silahların sirlərinə mükəmməl yiyələndi.
Nəhayət, əsgər Amid Seyfullayev ordu sıralarından tərxis olunur. Mülki həyatda rahatlıq tapa bilməyən gənc atası Fəyyaz kişiyə, anası Təmilə xanıma gizir kimi yenidən hərbi xidmətə qayıtmaq istəyini bildirir. Vətənpərvər ruhda böyüyən Amidin bir hərbçi kimi torpaqlarımızın azadlığı uğrunda mübarizəyə səmərə verə biləcəyinə doğmaları da inanır və ona xeyir-dua verirlər.
Hərbi xidmət ötən illərdə ona bir həqiqəti aşılayıb: ömür Vətən üçün, millət üçün, dövlətçilik üçün yaşananda mənalı olur. O da mənalı ömür yaşayanların sırasına daxil olur. 
Bu gün ön xətdə xidmət etməyin qürurunu sözlə ifadə edilməyəcəyini deyən təcrübəli gizir, torpaqlarımız uğrunda son nəfəsədək vuruşmağa hazır olduğunu deyir. Amid deyir ki, döyüş əmri verilərsə, tabeliyində olan əsgərlərlə birlikdə istənilən tapşırığı yerinə yetirməyə hazırdır.

Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR