Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Sentyabr 2017 09:46

“Torpaqlarımızı işğaldan azad edəcəyik”

Azərbaycan illərlə arzusunda olduğu müstəqilliyə qovuşduqdan sonra sağlam cəmiyyətə, böyük nüfuza və güclü orduya malik bir dövlətə çevrilib. Ancaq müstəqilliyimiz asan başa gəlməyib, xalqımızın minlərlə övladının qanı bahasına formalaşıb. Hər zaman Azərbaycan Ordusunun əsgər və zabit heyəti yetərincə silahlandırılmış düşmənə qarşı lokal döyüşlərdən tutmuş irimiqyaslı hərbi əməliyyatlaradək hünər və cəsarət nümayiş etdirib. Qazanılan qələbələr, əldə olunan uğurlar, şəxsi heyətin formalaşması prosesi bilikli kadrlarımızın, zabitlərimizin hesabına mümkün olub.
Belə zabitlərdən biri də Şirvan şəhərində anadan olan, aprel döyüşlərinin iştirakçısı bölük komandiri baş leytenant Samir Mehdiyevdir. Söhbət zamanı zabit bildirdi ki, harada xidmət etməyinin onun üçün heç bir fərqi yoxdur. Ancaq zabit hesab edir ki, qarşıda düşmən olduğuna görə ön xətdə tələblər və məsuliyyət bir az fərqlidi: "Harada xidmət etməyindən asılı olmayaraq ilk növbədə zabit xalqını, millətini, torpağını sevməyi bacarmalıdı. Yalnız bu şərtlə həmin zabit üzərinə düşən şərəfli işin öhdəsindən layiqincə gələcək. Zabit hər an döyüşə hazır olmalı, şəxsi heyətin hazırlığına görə də məsuliyyət daşımalıdı.  Bunun üçün şəxsi heyətin döyüş hazırlığına ciddi yanaşır, hər bir əsgərə xüsusi mənəvi dəyərlərimizi aşılayırıq. Əsgərlər bilməlidir ki, torpaqlarımızın işğaldan azad olunması kimi məsuliyyətli vəzifə onların üzərinə düşür".
Zabit Samir Mehdiyev hesab edir ki, işğal olunan 20 faiz torpaqlarımızı azad etmək üçün əsgərlərimizə Vətən sevgisini, qəhrəmanlığı aşılamaqla yanaşı, müəllimlərimizdən mənimsədiklərimizi, öyrəndiklərimizi də onlara öyrətməliyik. Zabit hər zaman əsgəri üçün ümid mənbəyi olmalıdır. Zabitin işi, sadəcə, əsgərlərinin beyinlərini hərbi biliklə doldurmaqla bitmir. Onların mənəvi aləmini dərindən kəşf etməli, dilini, dinini, Vətənini, dövlətini sevməyin sirlərini hər kəsə aşılamalıdır.
Baş leytenant Samir Mehdiyev ümummilli lider Heydər Əliyevin "müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini - uşaqların tərbiyəsini yalnız ona etibar edir" fikrini xatırladaraq bildirdi ki, hərbçi həm də müəllim olmağı bacarmalıdı. “Çünki işğal olunan torpaqlarımızın azad olunması naminə istənilən zəhmətə qatlaşmağa hazır olmalıyıq. Azərbaycan zabiti olaraq haqqım çatır deyəm ki, torpaqlarımızı azad etmək üçün nəinki istənilən zəhmətə qatlaşmağa, canımızı da Vətənə fəda etməyə hazırıq. Torpaqlarımızı işğaldan azad edəcəyik!”

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"