Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Sentyabr 2017 09:42

“Xalqımıza qələbə sevinci yaşadacağıq!”

Ordu həyatının gənclərə aşıladığı keyfiyyətləri onların öz dilindən öyrənmək üçün döyüş postunda hərbi xidmətdən tərxis olunmağa hazırlaşan əsgərlərlə maraqlanıram. Gizir Amid Seyfullayev bölmənin nümunəvi əsgərlərindən olan Qasım Katibovun bu gün-sabah ordudan tərxis olunacağını bildirir. "Qasım xidmətə gəldiyi ilk gündən kollektivdə hörmət qazanıb. Verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirib. Onun vətənpərvərliyi, xidmətə bağlılığı digər əsgər yoldaşlarına da nümunədir. O, xidməti dövründə bacarıqlı əsgər kimi formalaşaraq komandir heyətinin rəğbətini qazanıb", - gizir deyir.
Əsgər haqqında döyüş yoldaşları da fikirlərini bölüşürlər. "Qasımdan daim doğma münasibət görmüşəm. Döyüş növbəsinə də ilk dəfə onunla çıxmışam. Öz təcrübələrini daim mənimlə bölüşərək əsgər olmağın, səngərdə xidmət etməyin şərəfli vəzifə olduğunu bildirib. O, növbə zamanı deyirdi ki, biz Vətən keşikçiləriyik və ayıq-sayıq xidmət etməliyik ki, xalqımız rahat yaşasın. Hər dəfə döyüş növbəsində olanda onun sözlərini xatırlayacam. O, sadiq, etibarlı dostdur. Qasıma gələcək həyatında uğurlar arzulayıram".  Bu sözlər əsgər Ziya Əsədova məxsusdur.
Sonra əsgər Taleh Məmmədov Qasım  haqqında arzularını bildirir:
- Hər bir gəncin arzusudur ki, Qasım kimi əsgəri borcunu şərəflə yerinə yetirib, ailəsinin yanına başıuca qayıtsın. Bir dost kimi sevinirəm ki, o, hərbi xidmətini nümunəvi əsgər kimi başa vurur. Bütün əsgər yoldaşlarıma da bu məqamı arzu edirəm. İnanıram ki, Qasım hərbi xidmətdə nümunəvi əsgər olduğu kimi, cəmiyyətdə də özünə layiqli yer tutacaq.
Xidmətinin son günlərini yaşayan əsgər Katibovu yaxından tanımaq üçün səngərə üz tuturuq. Budur, əsgər Qasım Katibov döyüş növbəsindədir. Dövlətini, xalqını qoruyur. Körpə Zəhralara mərmi atacaq qədər vəhşiləşən düşmənə nifrəti gözlərindən oxunan əsgəri daha yaxından tanıyıram. Xidmətə Astara rayonundan çağırılıb. Gənc əsgər hazırlığında hədəfləri dəqiq və sərrast vurduğu üçün  tuşlayıcı vəzifəsinə təyin olunduğunu bildirən Qasım, komandirlərinə minnətdarlığını bildirərək  sözə başlayır:
- Döyüş bacarığına malik, silahdan istifadə etməyi bacaran, vətənpərvər əsgər kimi formalaşmağımda zəhməti olan bütün komandirlərimə "çox sağ olun!" deyirəm. Onların zəhməti sayəsində hərbi bilik və bacarıqlara yiyələndim. Silahın xüsusiyyətlərini yaxşı öyrənib, atıcılıq vərdişləri qazandım. Həm də burada fiziki və mənəvi-psixoloji cəhətdən formalaşdım, həyatın çətinlikləri ilə ayaqlaşmağı öyrəndim. Əsgəri xidmətim məndə Vətənə bağlılıq, vətənpərvərlik hissləri aşılamaqla yanaşı, mətinlik, dözümlülük, qorxmazlıq formalaşdırdı. Qarşıdakı düşmənin vəhşiliyinə yaxşı bələdəm. Gözüm nişangahda, barmağım tətikdə atəş əmrini gözləyirəm. Əmr alan kimi pulemyotumla qarşı tərəfdə daş üstdə daş qoymayacağam. Qəhrəman oğulların canı bahasına bizə əmanət edilən bu torpaqların hər qarışı üçün döyüşməyə hazıram.
Təcrübəli əsgər ordu sıralarında xidmətini davam etdirmək istəyini də bildirdi:
- Tərxis olunduqdan sonra gizir kimi ordu sıralarında xidmətimi davam etdirmək arzusundayam. Lələtəpədə dalğalanan üçrəngli bayrağımız qələbəmizin simvoludur. Hər dəfə qürurla dalğalanan bayrağımıza baxdıqca arzu edirəm ki, əzəli torpaqlarımızın geri qalanını da işğaldan azad edib, xalqımıza qələbə sevincini yaşadaq.
Əsgər Qasım Katibovla tanışlıqdan əmin oluram ki, ordu sıralarında ürəyi Vətən eşqi ilə döyünən gənclər xidmət edir. Onlar hərbi xidmət dövründə milli-mənəvi dəyərlərimizə sədaqətli, gələcəyin nümunəvi vətəndaşları kimi formalaşırlar.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR