Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Sentyabr 2017 14:35

Güləşçilərimiz növbəti qələbəyə doğru...

MOİK-in idmançıları ölkəmizi layiqincə təmsil edəcək

Azərbaycanda idmana göstərilən yüksək qayğının nəticəsi olaraq bu gün respublikamızda idmana böyük maraq və diqqət var. Hər sahədə olduğu kimi, Vətənimizin müdafiəsində duran hərbi qulluqçularımız arasında da dövlətimizin idman şərəfini yüksəldən idmançılar var. Ordu sıralarında xidmət edən hər bir hərbçi yaxşı bilir ki, onların əsas vəzifəsi Vətən torpaqlarının keşiyini çəkməkdir. Torpaqlarımızı işğaldan azad etmək üçün hər an hücuma hazır olan hərbçilərimizə bəllidir ki, hücum döyüşünün mərhələlərindən biri də əlbəyaxa döyüşdür. Bu döyüş isə yüksək çeviklik və fiziki hazırlıq tələb edir. Bunun üçün döyüş hazırlığı ilə yanaşı, hərbi qulluqçularımızın fiziki cəhətdən möhkəm, güclü və sağlıqlı olmaları daim diqqət mərkəzində saxlanılır. Fiziki cəhətdən hazır olan hərbi qulluqçular döyüş tapşırıqlarını daha çevik və dəqiq yerinə yetirirlər. Məhz buna görə də hərbi qulluqçularımız xidməti vəzifələrini yerinə yetirməklə yanaşı, bir və ya bir neçə idman növü ilə də məşğul olurlar. Hərbçilərimizin həm gündəlik, həm  də peşəkar idman fəaliyyəti ilə məşğul olması üçün Silahlı Qüvvələrimizdə yüksək şərait yaradılıb.
Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunda (MOİK) peşəkar və təcrübəli məşqçilərin rəhbərliyi ilə hərbçi idmançılar müxtəlif beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Hərbçi idmançılarımızın sorağı peşəkar idman arenalarından gəlir. Onlar Olimpiya Oyunlarında, Dünya və Avropa çempionatlarında və digər beynəlxalq turnirlərdə qələbələr qazanırlar. MOİK pəhləvanları 6 dəfə Ümumdünya Hərbi İdman Oyunlarında və hər il müxtəlif idman növləri üzrə keçirilən Dünya çempionatlarında uğurla çıxış edərək 33 qızıl, 42 gümüş və 58 bürünc medal qazanıblar. Azərbaycan milli yığma komandasının əksər üzvləri Mərkəzi Ordu İdman Klubunun yetirməsidir.
Hərbçilərimizin uğurları bununla tamamlanmır. Mərkəzi Ordu İdman Klubunun yetirmələri idmanın güləş növü üzrə keçiriləcək 32-ci Dünya çempionatında iştirak etmək üçün Litva Respublikasının Klaipeda şəhərinə yollanıblar. Yolasalma mərasimində heyətin rəhbəri, MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyevlə, idmançılarımızı yarışlara hazırlayan məşqçilərlə və bir neçə idmançı ilə həmsöhbət oldum. İlk həmsöhbətim klubun rəisi polkovnik-leytenant Rəşad Quliyev oldu. Litvaya yola düşəcək heyət haqqında danışan zabit təlim-məşq toplantısının başa çatdığını və idmançıların yüksək səviyyədə hazırlığını qeyd etdi. Beynəlxalq Hərbi İdman Şurasının keçirdiyi yarışlarda Azərbaycan Respublikasının Silahlı Qüvvələrini dəfələrlə layiqincə təmsil edərək, Vətənə çoxlu medallar gətirdiklərini vurğuladı.
- Yarışda ölkəmizi 16 idmançı, 2 hakim və 2 məşqçi təmsil edəcək. İnanıram ki, idmançılarımız bu çempionatda da uğurlu çıxış edərək ölkəmizə medallarla qayıdacaq. Heyətimizdə Dünya və Avropa çempionlarının, Olimpiya Oyunlarının, Respublika birinciliklərinin qalibi olan güləşçilərimiz var. Peşəkar məşqçilərimiz idmançıları yüksək səviyyədə hazırlayıblar. İnanıram ki, xalça üzərinə çıxan hər bir güləşçimiz qələbə qazanacaq.
Ötən çempionatlarda, hərbçilər arasında keçirilən birinciliklərdə, Olimpiya Oyunlarında,  İslam Həmrəyliyi Oyunlarında hərbçi idmançıların uğurları olub. Qazanılan qələbələrdə bu idmançıları xalça üzərinə çıxaran, onların hazırlığı ilə birbaşa məşğul olan məşqçilərin əməyi böyükdür. Məşqçilər yetirmələrini fiziki cəhətdən hazırlaşmaqla yanaşı, onlara mənəvi cəhətdən də dəstək olurlar. Bir sözlə, onların işi təkçə məşq etdirməklə bitmir, döşək üzərinə çıxan idmançıya yarış zamanı kənardan dəstək olurlar. İdmançıların uğurları, birbaşa məşqçilərin də uğurudur. Litva Respublikasına yola düşən heyət arasında kifayət qədər titullu və peşəkar məşqçilərimiz də var.
Yeri gəlmişkən, ötən ilin iyununda Müdafiə naziri general-polkovnik Zakir Həsənovun idmançılarımızı qəbul etməsi, mükafatlandırması onları daha böyük qələbələr qazanmağa ruhlandırır. İnanıram ki, onlar gözlədiyimiz qələbələri qazanacaqlar.
İdmançılarla səmimi söhbət edən məşqçilərə yaxınlaşıram. Sərbəst güləş üzrə məşqçi mayor Nazim Əlicanovla söhbətləşirəm. Məlumat üçün bildirim ki, Nazim müəllim beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, hərbçilərin Olimpiya Oyunlarının qızıl medal mükafatçısı, hərbçilər arasında keçirilən XXX Dünya çempionatının qızıl medal mükafatçısıdır. Güləşin idmanın ən qədim növlərindən biri olduğunu və hərbçilərimiz arasında da sevildiyini deyən məşqçi, sərbəst güləş üzrə ölkəmizi təmsil edəcək heyətdən və onların hazırlığından danışır. Dünya çempionatına yüksək əhval-ruhiyyə ilə yola düşən idmançıların, ölkəmizə qələbə ilə qaydacağına ümidvar olduğunu bildirir:
- Bu yarışda komandamızı sərbəst güləş üzrə iki qadın olmaqla, 8 güləşçi təmsil edəcək. Onların hər biri  əvvəlki dünya çempionatlarında, Olimpiya Oyunlarında iştirak edən və yüksək nailiyyətlər qazanan idmançılardır. İlk dəfə iştirak edəcək qadın güləşçilərimizdən də gözləntilər müsbətdir. Təlim-məşqlərdə böyük həvəs və ruh yüksəkliyi ilə hazırlaşan güləşçilərimizin ölkəmizə medallarla qayıdacaqlarına inanıram.
Yunan-Roma güləşçisi, beynəlxalq dərəcəli idman ustası, hərbçilər arasında keçirilən Avropa və Dünya birinciliklərinin 4 qat qalibi, hərbçilər arasında II Olimpiya Oyunlarının gümüş mükafatçısı mayor Taleh İsrafilov deyir ki, yunan-Roma güləş növü üzrə komandamızı 7 idmançı təmsil edəcək. Heyət arasında Dünya və Avropa çempionları ilə yanaşı, sonuncu dəfə ölkəmizdə keçirilən İslam Həmrəyliyi Oyunlarının qalibləri də var.
- Güləşçilərimizin əsas məqsədi dünya çempionatından Vətənə qızıl medallarla qayıtmaqdır. Bunun üçün idmançıların hazırlığının yüksək olması və bundan əvvəlki çempionatlardakı uğurlu çıxışları deməyə əsas verir ki, güləşçilərimiz bu yarışda da yüksək nəticələr əldə edəcəklər. Təlim-məşqlərin yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitə və göstərilən diqqətə görə Müdafiə Nazirliyinin və MOİK-in rəhbərliyinə bütün kollektiv adından minnətdarlığımı bildirirəm.
65 kq çəkidə ölkəmizi təmsil edəcək, hərbçilərarası Dünya çempionatının 2 qat qalibi, hərbçilərin Olimpiya çempionatında 3-cü yeri qazanmış leytenant Ağahüseyn Mustafayevlə söhbətləşirəm. Ağahüseyn Litvada ölkəmizi təmsil edəcək idmançıların arasında olduğu üçün sevinc hissi keçirdiyini və ölkəmizə qələbə ilə qayıdacağını bildirir:
- Mən fəxr edirəm ki, həm zabit kimi orduda xidmət edirəm, həm də beynəlxalq idman arenasında ölkəmizi təmsil edəcəm. Biz idmançıların bir məqsədi var: qələbələrimizlə ölkəmizin bayrağını həmişə yüksəkliklərdə dalğalandırmaq, Vətənə medallarla qayıtmaq. Azərbaycan Ordusunun zabiti kimi, əminliklə deyə bilərəm ki, idman arenalarında dalğalandırdığımız bayrağımızı tezliklə  Qarabağa sancacağıq.
İslam Abbasov daha gəncdir. Bir çox turnirlərin mükafatçısıdır. 85 kq çəkidə mübarizə aparacaq, Gənclər və yeniyetmələr arasında keçirilən Dünya və Avropa çempionatlarının qalibi olub. - Bir gənc olaraq ölkəmizdə hər sahədə olduğu kimi, idman sahəsində də yüksək inkişaf getdiyinin  şahidiyəm. Avropa və İslam Həmrəyliyi Oyunları kimi, dünya miqyaslı idman yarışlarının ölkəmizdə keçirilməsi və bu turnirlərdə Milli komandamızın yüksək nailiyyət qazanması bunun bariz nümunəsidir. Həmin turnirlərdə idmançılarımız ölkəmizi layiqincə təmsil etdilər. Dünya çempionatında qələbə qazanmaq üçün bütün gücümü səfərbər edəcəyəm. Hər görüşə  qələbə əzmi ilə başlayacam.
Sərbəst güləş üzrə gənclər arasında Avropa çempionu, Dünya 2-cisi kimi uğurlar qazanmış Türkan Nəsirova ölkəmizi 48 kq çəkidə təmsil edəcək:
- MOİK-in komandasında yer aldığım və ölkəmizi təmsil edəcəyim üçün qürurlanıram. Mən bundan əvvəl bir çox turnirlərdə qələbə qazanmışam. Lakin  Ordu İdman Klubunun heyətində olmaq, Vətən keşikçiləri ilə bir sırada ölkəmizi təmsil etmək ikiqat sevincdir. Hərbçilərimiz hər birimizin qürur mənbəyi, güvənc yeridir.  Biz hərbçi qardaşlarımızla hər zaman qürur duyuruq. Ordumuz aprel döyüşlərində bizə qələbə sevinci yaşatdı, mən də bu yarışda öz qələbəmi ordumuza həsr edəcəm.
Yunan-Roma güləşçisi, Dünya və Avropa çempionatlarının qalibi olmuş Həsən  Əliyev  bu yarışlara ciddi hazırlaşdığını deyərək bildirir ki, ölkəmizi Litva Respublikasında təmsil etmək mənim üçün böyük şərəfdir. "Bir çox yarışlarda olduğu kimi, mən bu yarışda da çalışacam ki, komandamıza qızıl medal qazandırım. Bütün yarışlara yüksək dərəcədə hazıram və qalib olacağıma əminəm".
İdmançılardan xoş təəssüratlarla ayrılıb, 32-ci Dünya Çempionatında hər birinə uğurlar diləyib, ölkəmizə qələbələrlə qayıtmalarını arzu edirəm...

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR