Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Sentyabr 2017 14:34

Vətənə sədaqət andı

İnsan özünü əməli və şəxsi ləyaqəti ilə təsdiqləyir. Belə insanlar gözəllik qanunları ilə qurub yaratmağı sevir, həyat həqiqətlərinə güclü inamı, nəcibliyi, mənəvi zənginliyi, saflığı ilə seçilirlər. Xeyirxahlıq, qayğıkeşlik, seçdiyi həkimlik peşəsinin, xüsusən ürək-damar cərrahiyyəsinin müqəddəsliyini qorumaq, nüfuzunu saxlamaq belə adamlar üçün ali məqsədə çevrilir. Bu şərəfli amalı gerçəkləşdirmək hər kəsə qismət olmur. 50 illik ömür yolunu arxada qoyan, bir çox insani keyfiyyətləri özündə cəmləşdirən Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək-damar şöbəsinin, ürək-damar cərrahiyyəsi bölməsinin rəisi, tibb xidməti polkovniki Eldar Vəliyev belə ömür yaşayanlardandır.
Eldar Vəliyev 1967-ci il sentyabrın 15-də Zəngilanda nüfuzlu və böyük hörmətə malik ziyalı ailəsində anadan olub.  Ailəsi 1969-cu ildən Bakıda məskunlaşıb. Şəhər məktəbində orta təhsil alıb. 1984-cü ildə Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub, oranı cərrah ixtisası üzrə bitirib. Torpaqlarımızın işğal altında olmasını qəbul edə bilməyən həkim Eldar Vəliyev könüllü olaraq ordu sıralarına gedib - həkimlik peşəsini şərəfli hərbçi peşəsi ilə birləşdirib. Sumqayıtda yerləşən Tibb Məktəbində təlimatçı, Silahlı Qyvvələrin Baş Klinik Hospitalının Ümumi cərrahiyyə şöbəsinin tibbi gücləndirmə briqadasının həkim-cərrahı, damar cərrahiyyəsi bölməsinin baş ordinatoru, bölmə rəisi vəzifələrində çalışıb. Hazırda Baş Klinik Hospitalın  ürək-damar cərrahiyyəsi bölməsinin rəisidir. Tibb xidməti leytenantı kimi fəaliyyətə başlayan hərbi həkim bu gün tibb xidməti polkovnikidir.
50 yaşı tamam olur. Özünün dediyi kimi, 50 il ərzində fəxr ediləsi bir həyat yaşayıb və müqəddəs bir peşənin daşıyıcısıdır: "Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir. Onun həkimlik haqqında dediklərindən ilham alaraq deməliyəm ki, həkimlik bir insan üçün ömür boyu öyrənməyi, yenilənməyi, daim müasir fikirlər, çarələr axtarmağı tələb edən bir peşədir.”
Həmsöhbətim hesab edir ki, bacarıqlı atanın yolu ilə gedən övladdır. Ancaq onu da etiraf edir ki, bu peşənin seçilməsində özünün istəyindən daha çox atasının istəyi rol oynayıb: "Bizim ailə həkim ailəsidi. Atam Ələsgər Vəliyev respublikanın baş infeksionisti vəzifəsində çalışıb və hazırda Tibb Universitetinin yoluxucu xəstəliklər şöbəsinin dosentidir. Mənim həkim olmağımın əsas səbəbkarı da odur. Mən əvvəlcə həkim olmaq fikrində deyildim. Atamın çəkdiyi əziyyətləri, ezamiyyətdə keçirdiyi günlərin şahidi olduğumdan həkim olmaq istəmirdim. Həyat elə gətirdi ki, üç qardaşdan, ancaq mən həkim oldum və atamın yolunu  davam etdirdim. İnstituta daxil olduqdan, nəzəri mərhələni keçdikdən sonra məndə həkimlik sənətinə sevgi yarandı. Atamın davamçısı, müqəddəs bir peşənin daşıyıcısı olduğuma görə çox xoşbəxtəm. Deyəsən, kiçik oğlum da bu peşəyə yiyələnmək istəyir."
Söhbət zamanı həkim Eldar Vəliyev könüllü olaraq ordu sıralarına qatıldığı illəri də xatırlayır: "İnstitutu bitirdikdən sonra M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində təcrübə keçirdim. Təcrübəni bitirər-bitirməz könüllü olaraq ordu sıralarına qatıldım. Məqsədim müharibədən zərər çəkmiş oğullarımıza həkim kimi yardımçı olmaq idi. Həmin ərəfədə jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın anası professor Tamara Əliyeva ilə birgə hazırladığımız yaralanma, qanaxma və digər zədələr zamanı göstərilən tibbi yardımlar haqqında kitab Sumqayıtdakı Tibb məktəbində təlimatçı vəzifəsinə gəlməyimdə körpü rolunu oynadı. Bundan sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ümumi cərrahiyyə şöbəsinin tibbi gücləndirmə briqadasının həkim-cərrahı kimi fəaliyyət göstərdim. Səhər saat 8-dən axşam saat 23-ə kimi işləyir, yaralı qəbul edirdik. Ölümün cəngindən qurtardıqlarımız az deyildi. Ona görə də şərəflə 25 illik fəaliyyətim dönəminə rahatlıqla dönüb baxa bilirəm. Mən xoşbəxt insanların sırasındayam.
Gülhanə Hərbi Tibb Akademiyasında 5 dəfə olmuşam. Bunlardan biri mənim üçün daha yaddaqalan olub. Bir dəfə Gülhanə Hərbi Tibb Akademiyasının həmin dönəmdə rəhbəri olan Harun Tatar bizi ulu öndər Heydər Əliyevlə görüşdürdü. Ümummilli Liderimiz söhbət əsnasında bildirdi ki, çox keçməyəcək belə inkişaf səviyyəsinə malik olan xəstəxanalar Azərbaycanda da olacaq. Bəli, Ulu Öndərin dediyi kəlamlar həqiqət oldu, reallıqda öz əksini tapdı. Görün, hansı səviyyədən hansı səviyyə gəldik. Bütün bunların ərsəyə gəlməsində möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin zəhməti böyükdür. Möhtərəm Prezidentimizin diqqət və qayğısı nəticəsində 2006-cı ildə əsası qoyulan, 2013-cü ildə 27 müalicə-diaqnostika bölməsini özündə birləşdirən ikinci müalicə korpusu ilə daha genişlərdirilən Silahlı Qyvvələrin Baş Klinik Hospitalı müasir standartlara uyğun olan texnologiya ilə təchiz olunub".
Tibb xidməti polkovniki Eldar Vəliyev söhbət zamanı onu da bildirdi ki, inkişafın nəticəsi olaraq bu gün hərbi həkimlərimiz dünyada ilk dəfə olaraq ürək damarlarında EKOS tətbiqi adlı əməliyyatı asanlıqla həyata keçirir: "Çox böyük qürur hissi ilə deyə bilərəm ki, həkimlərimiz tərəfindən dünyada ilk dəfə  olaraq ağır miokard infakt keçirmiş xəstə üzərində tac arteriyasını gücləndirilmiş ultrasəs dalğaları ilə selektiv trombaliz edərək uğurlu nəticə əldə edilib. Bu da hərbi həkimlərin dünyada ilk dəfə tətbiq etdiyi böyük bir nəticə kimi qeyd edilməlidir".
Həmsöhbətim onu da bildirdi ki, əvvəllər ağciyərin trombu diaqnozu qoyulan xəstəyə ümidsiz baxılırdı: "Hazırda isə bizim hospitalda bu, uğurla aparılır. Hospitalımızda xüsusi kataterlə ağciyər arteriyasının massiv tromblezasiyası ilə qəbul edilmiş pasiyentə ağciyər arteriyasında selektiv tromboliz tətbiq edilir ki, bu da qürurverici amildir. Ən əhəmiyyətlisi odur ki, insanları ölümdən qurtarırıq, sağaldırıq və onların duasını qazanırıq. Bizi yaşadan da o dualardı. İnsanların duasını eşidəndə, altı, bəzən də səkkiz saatlıq əməliyyatdan sonrakı yorğunluq aradan qalxır".
Sonda Eldar həkim bütün hərbçilərə sağlam və aktiv həyat tərzi sürməyi arzuladı. Bildirdi ki, hər bir insan canının həkimi olmağı bacarmalıdır. - Vətəndaş kimi isə ən böyük arzum torpaqlarımızın işğaldan azad olunmasıdır. İnanıram ki, Ali Baş Komandanımızın rəhbərliyi altında qüvvətli və qüdrətli Azərbaycan Ordusu qalibiyyətli zəfər yürüşünə nail olacaq. Şuşamız, Xankəndimiz, Ağdamımız, Cəbrayılımız, Zəngilanımız,... geri qaytarılacaq.
...Hippokrat andı da içmişəm, Vətənə sədaqət andı da. Vətənə sədaqət andı daha müqəddəsdir...

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto N.PƏNAHOVUNDUR