Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Sentyabr 2017 14:33

Əsgərlərimizin döyüş ruhu yüksəkdir

Müharibədə uğur əldə etmək üçün şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə olması, möhkəm nizam-intizam, qorxmazlıq, düşmənə nifrət kimi keyfiyyətlər vacib şərtlərdir. Ona görə də Silahlı Qüvvələrimizdə şəxsi heyətə bu vacib amillərin aşılanmasında əhəmiyyətli rol oynayan ictimai-siyasi hazırlıq dərslərinə xüsusi önəm verilir.
"N" hərbi hissəsində şəxsi heyət üçün nəzərdə tutulmuş ideoloji guşə müvafiq standartlara uyğun formalaşdırılıb. Ümummilli lider Heydər Əliyevin zəngin irsini, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu siyasətini və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ön xətdə şəxsi heyətlə görüşlərini, həmçinin,  dövlət atributlarımızı, tarixi qəhrəmanlarımızı əks etdirən stendlər hər kəsdə xoş təəssürat yaradır.
Qrup rəhbəri leytenant Dərviş Nəsibova görə, hərbi qulluqçu Vətənin tarixini bilməlidir. "Keçmişini unudanın gələcəyi olmaz. Şəxsi heyətə ictimai-siyasi hazırlıq dərslərini keçməklə onlara keçmişimizi, tariximizi öyrədirik. Hərbi qulluqçuların döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində ictimai-siyasi hazırlıq dərslərinin əhəmiyyəti danılmazdır. Əsas məqsədimiz əsgərlərimizin döyüş və mənəvi-psixoloji hazırlığını yüksəltməkdir. Vətənə borcunu yerinə yetirən Azərbaycan əsgəri hərtərəfli hazırlıqlı olmağa borcludur".
Qısa söhbətdən sonra leytenant şəxsi heyətə məşğələnin mövzusunu elan edir: “Silahlı münaqişələr zamanı tətbiq olunan beynəlxalq hüquq normaları”. Zabit mövzu haqqında geniş məlumat verməklə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq müstəvidə həlli məsələlərinə də toxunur: "Münaqişəyə cəlb olunan Azərbaycan işğalda olan torpaqlarının geri qaytarılması uğrunda mübarizə aparır, istər hərbi, istərsə də hüquqi müstəvidə. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycan Silahlı Qüvvələri torpaqlarını azad etmək iqtidarındandır, ancaq beynəlxalq hüquq normalarına da hörmətlə yanaşan  ölkə rəhbərliyi münaqişənin diplomatik yolla həllində də maraqlıdır. Hərbi həll yolu da istisna olunmur. Bir məsələni də diqqətinizə çatdırım ki, Azərbaycan beynəlxalq hüquq normalarına hörmətlə yanaşsa da, Ermənistan bu normaları kobudcasına pozur. Beynəlxalq hüquq normalarının işləmə mexanizminə yaradılan belə süni maneələr hərbi həll yolunu daha çox gündəmə gətirir. Ona görə də hərbi qulluqçular torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olmalıdırlar".
Dərs başa çatdıqdan sonra əsgərlərə yaxınlaşıb onların fikirlərini öyrənirəm. Ordu sıralarına Laçın rayonundan çağırılan və 16 aydır ön xətdə xidmət edən əsgər Abdulla Əsədli söhbət zamanı bildirdi ki, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən, şəhidlərin qisasını almağa hər zaman hazırdır: "İşğalda olan torpaqlarımızı ermənilərdən azad etmək əsas məqsədimizdir. Döyüş hazırlığımız yüksək səviyyədədir və döyüş olarsa, düşmən üzərində tam qələbə qazanacağıq. Komandirlərimizin köməyi ilə dərsləri, təlimləri mükəmməl dərəcədə mənimsəməyə çalışırıq."
"2016-cı ilin aprel zəfəri sübut etdi ki, Azərbaycan Ordusu nəinki düşmən hücumlarının qarşısını almağa, hətta torpaqlarımızı işğaldan azad etməyə qadirdir", - deyə əsgər Fərhad Qasımlı söhbətə qoşuldu. Abşeron rayonundan çağırılan əsgər Azərbaycan bayrağının Şuşada, Laçında, Kəlbəcərdə,... dalğalanmasını səbirsizliklə gözlədiyini bildirdi. 
"Vətən bizim anamız, namusumuz, qeyrətimizdir", - deyə orduya Şəmkir rayonundan cağırılan əsgər Məhəmməd Müşrəvanov söhbətə başladı. "Onun yolunda canımızdan keçmək, şəhid olmaq şərəfdir. Ön xətdə xidmət etmək mənim üçün xüsusilə qürurvericidir. Əsgər yoldaşlarımız ilə Vətən qarşısında borcumuzu layiqincə yerinə yetiririk".
Şəxsi heyətə xidmətlərində uğurlar arzu edirəm. Bir daha əmin oluram ki, Azərbaycan əsgəri səngərdə daim ayıq-sayıqdır.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"