Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Sentyabr 2017 14:23

Ümummilli Liderimizin adını daşıyan Hərbi lisey yeni tədris ilinə də uğurla başlayıb

Tədbirə hazırlıqla bağlı məruzə edildikdən, Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev liseyin pedaqoji və zabit heyətini, kursantları bilik günü münasibətilə təbrik edərək, xidmətlərində uğurlar arzulayıb.
Heydər Əliyev adına Hərbi Liseyin müəllimi Təyibə Bağırova və kursant Namiq Bağırov tədbirdə çıxış edərək yaradılan hərtərəfli şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildirib, bundan sonra da dərslərdə fəal olacaqlarına söz veriblər. Valideynlərdən Yalçın Ağayev Heydər Əliyev adına Hərbi Liseydə təhsil alan gəncləri təbrik edərək bir valideyn kimi qürurlu olduğunu ifadə edib.
Çıxışlardan sonra Hərbi liseyin şəxsi heyətinin tribunanın önündən təntənəli keçidi olub.
Tədbirdə tədris vəsaitləri ilə tam komplektləşdirilmiş kursant çantaları nümayiş etdirilib. Hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırığı ilə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almağa başlayan kursantların hər birinə tədris vəsaitləri ilə tam komplektləşdirilmiş çantalar hədiyyə edilir.
Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev yüksək bal toplayaraq Heydər Əliyev adına Hərbi Liseydə təhsil almağa başlayan 1-ci kurs kursantları ilə keçirilən dərslərlə maraqlanıb.
Heydər Əliyev adına Hərbi Liseydə yaradılan şəraitin nəticəsidir ki, təkcə Naxçıvan gəncləri deyil, həm də ölkəmizin digər bölgələrindən gənclər də təhsil almaq üçün bu hərbi təhsil ocağına üz tuturlar. 19 il əvvəl 56 kursantla fəaliyyətə başlayan liseydə bu gün 584 kursant təhsil alır. Onlardan 170 nəfəri hərbi təhsil almaq üçün ölkəmizin digər bölgələrindən Naxçıvan Muxtar Respublikasına gələnlərdir.
Bu il Hərbi liseyi bitirən məzunlardan 1 nəfəri qızıl, 1 nəfəri gümüş medala, 3 nəfəri fərqlənmə attestatına - xüsusi nümunəvi şəhadətnaməyə layiq görülüb. Heydər Əliyev adına Hərbi Liseyin məzunları ordu sıralarında şərəflə və məsuliyyətlə xidmət edirlər. Bu, Ulu Öndərimizin adını daşıyan hərbi təhsil müəssisəsinin müstəqil dövlətimizdə ordu quruculuğuna mühüm töhfəsidir. Ötən dövrdə Hərbi lisey böyük inkişaf yolu keçib. Kursantların ən müasir tələblər səviyyəsində təhsil alması, onların sağlamlığı və fiziki tərbiyəsi üçün lazım olan bütün tədbirlər görülüb. Göründüyü kimi, bu gün istər ali hərbi məktəblərdə təhsil alan, istərsə də Azərbaycan Silahlı Qüvvələrində xidmətlərini davam etdirən Hərbi liseyin məzunları nizam-intizamları, vətənpərvərlikləri, bilik və bacarıqları ilə seçilirlər.

Nəriman NƏCƏFOV,
foto Gündüz QASIMOVUNDUR