Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Sentyabr 2017 09:37

“Millət sizə minnətdardır”

Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik birləşmələrindən azad etməsindən  bir əsrə yaxın dövr keçir. Bildiyimiz kimi, xilaskar ordu Azərbaycan xalqına qarşı soyqırımlarının qarşısının alınmasında və Azərbaycan Xalq Cümhuriyyətinin tarixində mühüm rol oynayıb.
Bakı alındıqdan sonra Osmanlı Türkiyəsinin hərbi naziri Ənvər paşa Şərq Orduları qrupu komandanı Xəlil paşaya göndərdiyi şəxsi təbrik teleqramında yazırdı: "Bakı uğuru münasibətilə gözlərindən öpərək təbrik edirəm. Bakını azad edən birliklər bir az dincəldikdən sonra Azərbaycanda, hələlik, bir diviziya saxlanaraq, qalanını 9-cu Orduya geri almaq fikrindəyəm. Şimali Qafqazda sürətlə Dərbənd, Temirxan - Şura, Mahaçqala və digər ərazilərdə yerləşən qüvvələrə əsas olmaq şərti ilə dolğun heyətli yaxşı bir alay, qüvvətli topçu, hətta iki haubitsa topu da verərək və çoxsaylı pulemyotlarla da təchiz edərək, mürəkkəb bir dəstə halında şimala sövq etməsini Nuru paşaya yazdım...".
Bakı Azərbaycan Xalq Cümhuriyyətinin nəzarətində idi. Burada qayda-qanun yaratmaq üçün bütün vasitələrdən istifadə olunurdu. Hökumət Gəncədən Bakıya köçürülmüşdü. Baş nazir Fətəli xan Xoyski Azərbaycan Xalq Cümhuriyyətinin  Bakıya köçürülməsindən dərhal sonra 20 sentyabr 1918-ci ildə əhaliyə müraciət edərək bildirirdi: "Artıq Bakıda yerləşən Azərbaycan hökuməti bununla şəhər və ətrafında yaşayan bütün əhaliyə, din və milliyyət fərqi qoyulmadan əmr edir: Azərbaycan hökumətinin tabeliyi altında yaşayan heç bir millətə fərq qoyulmadan caniləri, qarətçiləri, qatilləri və asayişi pozanları edam cəzası da daxil olmaqla, böyük cəzalar gözləyir. Bütün xalq bunu bilməlidir ki, türk millətinin qəhrəman və fateh əsgərlərinə əmr verilmişdir ki, cinayətlə, qarət və soyğunçuluqla məşğul olanları harada görsələr, güllələsinlər. Azərbaycan hökumətinin paytaxtında günahsız insanların haqq və hüquqlarına təcavüz edilməsi onun şan və şərəfinə yaraşmaz".
Naxçıvandan Qarabağa
Şərq Orduları Qrupu komandanlığı 7 iyul 1918-ci ildə İstanbula göndərdiyi raportda 4-cü korpusun Təbrizi ələ keçirdiyi, ardınca Urmiya və Culfa-Naxçıvan bölgəsindəki ermənilərə qarşı daxili xətt manevri tətbiq ediləcəyi bildirilirdi. Həmişə olduğu kimi, o dövrdə də həm Cənubi, həm də Şimali Azərbaycanın bir problemi vardı. Türk ordusundan qaçaraq ermənilərin hərbi lideri rolunda çıxış edən Andranik qarşısına çıxan türkləri amansızcasına qətlə yetirirdi. Şərqi Anadoluda, Cənubi və Şimali Azərbaycanda qətliamların arası kəsilmirdi. Belə bir vaxtda Cənubi Azərbaycandakı Xoy şəhəri ətrafında qərar tutan Andranik 6 minlik qoşunla türklərin 12-ci piyada diviziyasına hücuma keçdi. Lakin ağır bir məğlubiyyətlə geri çəkilərək 22 iyun 1918-ci ildə Culfa və Naxçıvanda  qəsəbə və kəndləri qarət etdi, əhalini qətlə yetirdi. Vəziyyəti belə görən türk hərbi hissələri 20 iyul 1918-ci ildə Naxçıvana xilaskar ordunu yeritdi. Andranikin qüvvələri bu dəfə Qarabağa doğru qaçmağa başladı.
Qarabağda vəziyyət daha mürəkkəb idi. Əvvəlcə Qarabağdakı azərbaycanlılar və ermənilər ortaq bir komitə yaradaraq hakimiyyəti əllərinə alsalar da, tezliklə erməni xisləti özünü göstərdi. Onlardan ibarət Milli Komitə Şuşada qurultay çağıraraq bu qurumun ləğv edildiyini, 7 nəfərlik bir icra heyətinin seçildiyini və Qarabağ hökumətinin qurulduğunu elan etdi. Onlar təzyiq və hədə-qorxu ilə türklərin bu erməni hökumətini tanımasını təmin etməyə çalışsalar da, Qarabağ azərbaycanlıları bunu qəbul etmədilər. Şuşanın yerli əhalisi silahlanaraq ermənilərə qarşı əks tədbirlər görməyə başladı.
Elə bu vaxt Naxçıvandan qaçmaq məcburiyyətində qalan Andranik başda olmaqla, erməni-daşnak birləşmələri Qarabağa doğru irəliləyirdi. Andranikin yeganə məqsədi Qarabağı azərbaycanlılardan tamamilə təmizləmək idi.
Hadisələri diqqətlə izləyən Nuru paşa Bakı azad edildikdən sonra dərhal Qarabağ bölgəsində əməliyyatlara başladı. Bu məqsədlə Bakı Qarnizon komandanı polkovnik Cəmil Cahid bəy yeni yaradılan 1-ci Azərbaycan diviziyasına komandir təyin olundu. Bu diviziyanın əsasını 106-cı piyada alayı ilə 9-cu Qafqaz alayı təşkil edirdi. Azərbaycanlılardan ibarət 1700 nəfərlik 1-ci və 2-ci Azərbaycan alayları və 280 nəfərlik Azərbaycan süvari alayı da yeni diviziyanın sərəncamında idi. Ağdama gələn Cəmil Cahid bəyin qarşısında Şuşa və Gorusun azad olunması,  Dağlıq Qarabağda asayişin təmin olunması vəzifəsi dayanırdi. Beləliklə, Azərbaycanda Osmanlı torpaqları arasında ortaq bir sərhəd olması planı da reallaşacaqdı.
Türk hərbi qüvvələri 7 oktyabrda əməliyyatlara başladı. Əsgəranı ələ keçirən qoşunlarımız sürətlə Şuşaya yaxınlaşdı. Türk ordusu ilə qarşılaşmaya cürət etməyən Andranik Şuşanın mühasirəsini buraxaraq cənuba doğru çəkilməyə başladı. Cəmil Cahid bəy Qarabağın tanınmış bəylərindən olan Sultan bəyin komandanlığı altında böyük bir mühafizə dəstəsini Andranikin qüvvələrinin ardınca göndərdi. Həmin dəstə Andranikin qüvvələrinə qarşı Qaladərə tərəfdən hücuma keçdi və onu darmadağın edərək Gorusa tərəf qovdu. Qaladakılar xilaskar türk ordusunu hərarətlə qarşıladılar. Şuşa şəhərinin əhəmiyyətli qovşaq və məhəllələrinə türk əsgərləri yerləşdirilərək asayiş təmin edildi.
Bakıya daxil olan türk ordusunun komandanları Nuru paşa, Xəlil paşa, Mürsəl paşa və başqaları mesenat Hacı Zeynalabdin Tağıyevin dəvətini qəbul edərək onun evində qalırlar. Zeynalabdin Tağıyev şəxsən vəd etdiyi kimi öz  evini  türk qoşunları komandanlığının istifadəsinə verir. Bu hörmət və ehtiram böyük qardaşlığın və dostluğun bariz nümunəsi idi. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən böyük qələbəsi Bakının erməni bolşevik-daşnak qüvvələrindən azad edilməsidir. Bu qələbənin böyüklüyünü və əhəmiyyətini isə Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski çox gözəl ifadə etmişdi: "Cəsur türk əsgərlərinin Azərbaycanın başkəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətimin adından dünyanın ən cəsur və soylu əsgəri olan türkün oğullarına minnətdar olduğumuzu ərz etməklə iftixar edirəm. Millət sizə minnətdardır".
Xilaskar orduya xalqın ehtiramı
Sovet dövründə müəyyən qadağaya və təzyiqlərə  baxmayaraq xalqımız türk əsgərlərinin məzarlarını qoruyub saxlaya bildi,  ətrafını abadlaşdırıb onları ziyarətgaha çevirdi.
Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra isə Qafqaz İslam Ordusu haqqında çoxlu sayda əsərlər yazıldı və dissertasiya işləri müdafiə edildi. Nəhayət, ulu öndər Heydər Əliyevin təşəbbüsü sayəsində bu qardaşlıq əbədiləşdirildi. 1918-ci ilin martında soyqırımı qurbanlarının, 1990-cı il yanvarın 20-si Ermənistanın təcavüzünə qarşı ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə canından keçən şəhidlərin dəfn edildiyi və hər bir azərbaycanlı üçün müqəddəs olan Şəhidlər xiyabanında Qafqaz İslam Ordusuna möhtəşəm abidə ucaldıldı. Bu, insanların təkcə ziyarət edərək əklil qoyduqları bir abidə deyil, qanı bir-birinə qarışmış  iki millətin sarsılmaz qardaşlığının  rəmzidir.
Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"