Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Sentyabr 2017 09:33

Sülhün qorunması da Azərbaycanın dövlət siyasətində ümdə məsələlərdəndir

Sülh bəşəri rəmzə çevrilərək insanların arzuladığı bütün müsbət keyfiyyətləri özündə birləşdirir. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci ildə sentyabrın 21-nin Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul edib. Bu günün əhəmiyyəti zaman keçdikcə, münaqişə ocaqları alovlandıqca üzə çıxmağa başladı.
İnsan hüquqları, sülh və dözümlülük mədəniyyətinin təbliği, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi, onların hüquqi düşüncə və mədəniyyətinin günün tələbləri səviyyəsində inkişaf etdirilməsi demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən ən mühüm amillərdəndir.
21 sentyabr - sülh gününün qeyd olunması xalqlar arasında münasibətlərin sağlamlaşmasına, köklü zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir. Yaşından, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq, sülh və əmin-amanlıq hər kəsin istəyidir.
Azərbaycanın Ombudsman Aparatı tərəfindən hər il ənənəvi olaraq elan olunan  "Sülh aylığı" xalqımızın sülh siyasətinə öz töhfəsini verməklə, ölkəmizdə sülh mədəniyyətini formalaşdırır. "Sülh aylığı" əhalinin müxtəlif qrupları arasında sülh və dözümlülük mədəniyyətinin, hüquqi düşüncəsinin inkişaf etdirilməsi məqsədini daşımaqla nəcib dəyərlərin, insan hüquqlarına hörmət ruhunun təbliğinə xidmət edir.
Sülh Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir və bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir, bu siyasət Azərbaycanın beynəlxalq aləmdə imicini artırır. Qeyd olunmalıdır ki, dövlətimizin rəhbərliyi, üzləşdiyimiz məlum münaqişənin beynəlxalq hüququn prinsipləri çərçivəsində həllinə çalışır və beynəlxalq təşkilatları bu həqiqətlərə hüquqi qiymət verməyə dəvət edir.
Fərqli dinlərə və inanclara mənsub insanların əsrlərdən bəri qarşılıqlı anlaşma şəraitində yaşadığı Azərbaycanın  ötən illər ərzində erməni hərbi birləşmələrinin təcavüzkar siyasəti ilə üzləşməsi, torpaqlarımızın 20 faizinin işğal edilməsi, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, insan hüquqlarının kütləvi şəkildə və kobudcasına pozulmasıdır.
Ermənistan öz işğalçılıq siyasəti ilə yalnız Azərbaycanda deyil, həm də bütün regionda sülh və inkişaf üçün mühüm təhlükə mənbəyidir. Nə qədər ki, işğalçılıq siyasəti davam edir, onda bölgədə əmin-amanlığa təminat yoxdur.
Azərbaycan xalqının Beynəlxalq Sülh Gününü qeyd etməsi isə, təbii ki, Ermənistan Beynəlxalq təşkilatlarının vasitəçiliyi ilə davam edən sülh danışıqlarının səmərə verməməsi regionda təhlükəsizliyin təminatına əngəl yaratmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşulan respublikamız münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu təsdiqləsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksinə hərəkət edir. İşğalçılıq siyasətini dünya ictimaiyyətinin gözü qarşısında davam etdirir.
Bu gün beynəlxalq müstəvidə Azərbaycanın haqlı mövqeyi dəstəklənir, xalqımıza qarşı törədilmiş faciələr, soyqırımı aktları dövlətlər tərəfindən tanınır. Bu isə ölkəmizin sülh təşəbbüslərinin, bir istiqamətdə apardığı ardıcıl siyasətin bariz ifadəsidir.
Bu gün Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyi təmin etmək üçün beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinə tezliklə əməl edilməli, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Əgər münaqişə həll edilməzsə, Azərbaycan Ordusu beynəlxalq hüquqla tanınan ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir.
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"