Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Sentyabr 2017 09:32

“Vətənin şərəfini uca tutmaq övladlıq borcumuzdu...”

Ön xətdə düşmənlə üzbəüz mövqelərdə dayanan Vətən keşikçiləri ilə görüşəndə bölmədə tanış olduğum əsgər və zabitlər məndə olduqca xoş təəssüratlar yaratdı. Döyüşçülərin simasında sezilən əzmkarlıq, yüksək əhval-ruhiyyə könül oxşayırdı. "Birimiz hamımız, hamımız birimiz üçün" deyimi sanki bu qorxmaz əsgərlər  üçün deyilib. Onlar Vətənimiz Azərbaycana sədaqətlə xidmət edir, düşmənlə üzbəüz mövqelərimizdə ayıq-sayıq dayanır, təlimlər zamanı döyüş vərdişlərini artırırlar. Hər bir əsgər, zabit, gizir yaxşı bilir ki, onların başlıca vəzifəsi düşmənin təxribatının qarşısını almaq, atəşkəsi pozduğu an cavablarını layiqincə verməyə hazır olmaqdır.
Belə hərbçilərimizdən biri - baş leytenant Turab Kərimov şəxsi heyətin mənəvi-psixoloji hazırlığına cavabdeh olan zabitlərdəndir. Əslən Şabran rayonundan olan Turab orta məktəbdə qəhrəmanlarımız, cəsur döyüşçülərimiz haqqında oxuyub öyrənib, ermənilərin dinc əhaliyə etdiyi işgəncələrdən agah olub. Şəhidlərimizin son damla qanına qədər vuruşduğu Vətəni qorumağı özünə borc bilib.
Valideynlərinin xeyir-duası ilə 2005-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyə daxil olur. İlkin hərbi təhsilini 2008-ci ildə layiqincə başa vurandan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. Burada da dərslərinə diqqətlə yanaşır, nizam-intizamı və hərb sənətinə marağı ilə hər kəsin rəğbətini qazanır. 2012-ci ildə ilk hərbi rütbə alan gənc zabit ön xətdə xidmətə başlayır.
Bir neçə ildir ki, ön mövqelərdə doğma Azərbaycanımızın keşiyində cəsarətlə dayanır. Əsgərləri Vüqar Zahirov, Murad Nəsirli, Röyal İsmayılov, Niyyətşah Cəbrayılov, Fərrux Rüstəmov, Vüsal Səfiyev, Mahir Hüseynov ilə birlikdə düşmənlə üz-üzə mövqelərimizi qoruyur.
- Burada davamlı döyüş növbətçiliyi aparırıq, - baş leytenant Turab Kərimov deyir. - Döyüşçülərimizlə mütəmadi olaraq təlimlər keçirik, hazırlığımızı daha da artırırıq. Hər an Ali Baş Komandanın əmri ilə torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazırıq. Turab bu yolu seçdiyini və onlara layiqli övlad olacağını deyir:
- Ön xətdə xidmət edərək həm Vətənin, həm də ailənin qədrini yaxşı bilirik. Həm məsuliyyətli, həm də bacarıqlı olmağın önəmini anlayırıq. Bizimlə üz-üzə düşmən varsa, Ali Baş Komandanın əmri ilə irəli atılmağa hazırıq. Qarabağımızı, torpaqlarımızı azad etmək, Vətənin şərəfini uca tutmaq övladlıq borcumuzdu...
Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu"