Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Sentyabr 2017 09:30

Döyüş əmri gözləyirik!

Mən əsgərəm. Belə bir ordunun əsgəri olmağımla mən də qürurlanıram. Mən də bilirəm ki, Vətən bir millətin yaşadığı ərazi, insanın fərd kimi formalaşdığı torpaqdır. Deməli, torpağı göz bəbəyi kimi qorumalıyıq. Havasını udduğumuz, suyunu içdiyimiz Vətənə layiqli vətəndaş olmalıyıq, Vətənə, dövlətə sədaqətlə xidmət etməliyik. Bu, hər birimizin borcudur. Bizdən əvvəl xidmət edən əsgərlər də belə düşünüb, bizdən sonra xidmət edəcək əsgərlər də belə düşünəcək.
Vətən böyüyüb boya-başa çatdığımız torpaqdı.
Hər birimiz dərk edirik ki, bir mahnıda deyildiyi kimi, övlad üçün müqəddəs olan iki varlıq var: ana və Vətən. Ona görə də Vətənə Ana Vətən deyirik, Vətəni ana kimi sevirik. Bir dəfə "Azərbaycan Ordusu" qəzetində bir məqalə oxumuşdum. Həmin məqalədə bir fikir könlümə çox yatmışdı: torpağı Vətənləşdirmək...
Biz Vətən sevgisiylə yaşayırıq, xidmət edirik. Ali Baş Komandan əmr verərsə, döyüşəcəyik, qələbə qazanacağıq. Ümummilli liderimiz Heydər Əliyevin bir kəlamı hər bir əsgərin xidmət amalıdır: "Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa-olsun, bərpa edilməlidir". Bu tapşırığa əməl etmək üçün hər birimiz  döyüş və mənəvi-psixoloji hazırlığımızı daha da artırır,  komandirlərimizin əmr və tapşırıqlarını məsuliyyətlə yerinə  yetiririk. Cəbhə bölgəsində xidmət edən hər bir əsgər belə xidmət edir. Mən də onların sırasında.
Vətən sevgisi ən ali, ən uca sevgidi. Bu sevgi müqəddəs sevgidi. Bu sevgi ona görə qüdrətlidir ki, belə sevgi ilə yaşayanlar  Vətən naminə şəhid olmağa hazırdır. Biz əsgərlər şəhidlərimizin amalının davamçılarıyıq. Onlar ərazi bütövlüyümüzün bərpa edilməsi naminə şəhid oldular. Biz də döyüşə hər an hazırıq. Ötən ilin aprelində qələbə qazananların davamçıları kimi Böyük Qələbəni qazanacağıq!
Yeniyetmələrə, çağırışçılara müraciət edirəm: siz bizim işğaldan azad edəcəyimiz torpaqlarda xidmət edəcəksiniz. Özünüzü hərbi xidmətə kökləyin. Siz də Azərbaycan Ordusunun əsgəri olmağınızla fəxr  edəcəksiniz. Bizlər kimi!..
Vətəni sevirik, sevirsiniz, sevəcəklər!..
Əsgər Şahin NURİYEV, "N" hərbi hissəsi