Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Sentyabr 2017 09:56

İlk addımlar atılır...

Güclü dövlət anlayışı həm də ordunun qüdrəti ilə ölçülür. Bu gün Silahlı Qüvvələrimizin döyüş hazırlığını daha da artırmaq üçün vacib tədbirlər yerinə yetirilir.
"N" hərbi hissəsində də şəxsi heyətin döyüş hazırlığına xüsusi önəm verilir. Manqa komandiri Zamiq Məmmədovun şəxsi heyətilə keçirdiyi sıra hazırlığını izləmək qərarına gəlirəm.
- İrəli addımla marş! - komandası verilən kimi şəxsi heyət tapşırığı yerinə yetirir. Hiss edirsən ki, heyət nəfərləri öz vəzifə borclarını mükəmməl mənimsəyiblər. Atılan addımlar sübut edir ki, izlədiyim əzəmət, dəqiqlik aylarla çəkilən zəhmətin nəticəsidir.
Şəxsi heyətin belə yüksək sıra hazırlığına malik olmasının, uğur qazanmasının sirri nədədir? - sualı ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Zamiq Məmmədova müraciət edirik.
- İstəyimizdə israrlı, özünəinamlı və hərbi sahədə savadlı olmaq əsas prinsipimizdir. Hər bir əsgər uğur qazanmaq üçün əzmkar olmalıdır.
Göyçay rayonundan olan əsgər Nadir Salmanov qazandıqlarına görə komandirlərinə minnətdar olduğunu bildirdi: "Məhz onların bizlərə aşıladığı xüsusiyyətlər, öyrətdiyi hərbi qaydalar, nizam-intizam, verilən hərbi biliklər sayəsində döyüş vəzifəmizi yetərincə icra edirik. Valideynlərimizin borcundan çıxmaq mümkün olmadığı kimi, komandirlərimizin də borcundan çıxmaq mümkünsüzdür. Onlara olan borcumuzu Vətənimizin qarşısında ödəməliyik".
- Torpaqlarımızın işğaldan azad olunması başlıca məqsədimizdir, - deyə əsgər Vəli Vəliyev bildirdi: - Hər birimiz torpağımızı, Vətənimizi sevməyə borcluyuq. Vətəni sevmək böyük əxlaqi keyfiyyətdir. Bu sevgi ilə hərbi xidmətə gəlirik ki, Vətənimiz Azərbaycana xidmət edək və torpaqlarımızı yağılardan təmizləyək. Təlim və məşqlərdə  əldə etdiyimiz hər nailiyyət Vətən sevgimizdən qaynaqlanır.
Əsgərlər Afiq Abdullayev, Hüseyn Hüseynov və Elxan Mehdiyev də bildirdilər ki, etibarlı Vətən müdafiəçiləri sırasında olmaqdan qürur duyurlar. Bu gün onlar yaxşı bilirlər ki, onların hər biri üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə hazır olmalıdır. Axı Xankəndini, Şuşanı, Kəlbəcəri, Laçını və digər müvəqqəti işğal altında olan torpaqlarımızı azad etmək müasir gəncliyimizin əsas amalıdır.
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"